Əsas səhifə   az | ru | en
Azərbaycan Respublikası
Ali Məhkəmə
Məhkəmə sisteminin tarixi
Qanunvericilik
E-Xidmətlər
Faydalı linklər
Ali Məhkəmənin Plenumu 30.09.2014
Ali Məhkəmənin Plenumu 16.05.2014
Ali Məhkəmənin Plenumu 21.02.2014

Müsahibələr , Çıxışlar
“Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” - Müsahibə
Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2014-cü il yanvarın 31-də İ.Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən Fransada keçirilən məhkəmə ilinin açılışına həsr olunmuş iclasa davəti əsnasında səfərlə bağlı “Azərtac”ın müxbirinə müsahibə vermişdir.
İnsan hüquqları və azadlıqlarının təminatında mühüm mərhələ
Azərbaycan Respublikasında son illər ərzində aparılan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmış və bu sahədə əldə edilmiş nailiyyətlər və qabaqcıl təcrübə ölkəmizdə bu islahatlara önəmli dəstək verən Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.
İdeyanı reallığa çevirəcək sənəd
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəddir
Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir
Təəssüflər olsun ki, Azərbaycanda məhkəmələr böyük ictimai təhlükə törətməyən cinayətlərdə həbs-qətimkan tədbirini seçirlər - Ali Məhkəmənin sədri (MÜSAHİBƏ)
Рамиз Рзаев: "Наша система правосудия отвечает всем требованиям континентального судопроизводства
Azərbaycan Respublikasının ədliyyə və məhkəmə işçilərinə
Hörmətli ədliyyə işçiləri, hakimlər və veteranlar,
Sizi Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.


 
İdeyanı reallığa çevirəcək sənəd

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində  Milli Fəaliyyət Proqramı" ulu öndərin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəddir

Ulu öndər Yer kürəsinin başqa planetlərdən üstün cəhətini, zənginliyini onda insanların yaşamasında, dövlətin zənginliyini, dəyərini, sərvətini isə onun insanlarında və müstəqilliyində görür, müstəqilliyi Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasının başlıca amili kimi qiymətləndirir, insan hüquq və azadlıqlarının təmin olunmasını isə demokratik, hüquqi dövlətin ali məqsədi hesab edirdi. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyasının tərkib hissəsi olan, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" məhz dövlətin ali məqsədinin həyata keçirilməsinə istiqamətləndiyinə görə Heydər Əliyev ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəd hesab olunmalıdır.

Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını "insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, insan hüquqlarının qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu" kimi qiymətləndirərək bəyan edirdi ki, "Azərbaycan dövləti... insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcəkdir". İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr durur.

Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdır.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyəti ilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı-ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir.

Milli Fəaliyyət Proqramının birinci fəsli normativ-hüquqi bazanın təkmilləşdirilməsinə həsr olunmuşdur. Həmin fəsildə Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq-hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi nəzərdə tutulur.

 Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malikdir. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir. Aydındır ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, ailə, torpaq, inzibati, pensiya təminatı və sair sahələrdə boşluqların doldurulması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması və əlbəttə ki, qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ifadəsini tapmış müddəalara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, meydana çıxmış problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində meydana çıxır. Odur ki, hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarmalı və bu prosesdə yaranmış mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət etməli, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalıdır.

Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı ədalət mühakiməsini həyata keçirən hakimlərin məhkəmə hüququna önəm verməsi təqdirəlayiq hesab olunmalıdır. Heç bir qanun real həyatda meydana çıxa bilən bütün problemlərin həllini nəzərdə tuta bilməz. "Aydın olmayan qanunu hakim deyil, qanunverici təfsir etməlidir" kimi fikirlərin mövcud olmasına baxmayaraq, hesab edirik ki, hər bir hakim hər hansı bir qanunu tətbiq etməmişdən əvvəl onu təfsir etməlidir. Hakim qanunda boşluqlar aşkar edərsə, yaxud "yazılı qaydalar həyati gerçəkliyə uyğun gəlməzsə" qanununu inkişaf etdirmək bacarığına malik olmalıdır. Bu mühüm vəzifənin öhdəsindən gəlmək üçün hakim qanunların mətnində qanunvericinin məqsədini tapmalı, dəyişmiş həyati halları dərk etməli, normanın "ədalətli məzmunu"nu özünün təfəkkür süzgəcindən keçirməli və dəyərləndirməlidir. Əlbəttə ki, bu zaman insan hüquq və azadlıqlarının müdafiəsi və səmərəli təmini ilkin şərt kimi nəzərə alınmalıdır.

Milli Fəaliyyət Proqramında həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin ifadəsini tapmasını əhəmiyyətli haldır.

Qanun layihəsi şübhəli və təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanılmasının qanunçuluq, təqsirsizlik prizumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə hörmət edilməsi, beynəlxalq müqavilələrə əməl olunması prinsipinin müvafiq qaydada həyata keçirilməsini nəzərdə tutur.

Layihədə bir daha qeyd olunur ki, şəxsin həbsdə saxlanılmasına yalnız məhkəmə qərarı əsasında yol verilir. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

Qanun layihəsində həbsdə saxlanılma yerləri ilə bağlı müddəaların nəzərdə tutulması incommunicado saxlanılmanın qadağan olunmasında mühüm əhəmiyyətə malikdir. Həmin qanunun qəbul edilməsi barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin müvəqqəti saxlama təcridxanalarında uzun müddət saxlanılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Qanun layihəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsinin qadağan olunması barədə müddəanın nəzərdə tutulması saxlanılan şəxslərə münasibətdə pis rəftarın tətbiqindən müdafiə baxımından mütərəqqi norma kimi dəyərləndirilməlidir.

Layihəyə müvafiq olaraq həbs yerlərində daxili nizam qaydalarının müəyyən edilməsi, hər şeydən əvvəl, azadlığı məhdudlaşdırılmış şəxslərin sağlamlığının, təhlükəsizliyinin təmininə yönəlmişdir. Həmin qaydalar digərləri ilə yanaşı, şübhəli və təqsirləndirilən şəxslərin qəbul edilməsi, qeydiyyatının aparılması, kameralarda yerləşdirilməsi, şəxsi axtarışın aparılması, gündəlik gəzinti, maddi-məişət təminatı məsələlərini tənzimləyir.

Qanun layihəsində şübhəli və ya təqsirləndirilən şəxslərin həbs yerlərinə yerləşdirilməsi zamanı tibbi müayinədən keçirilməsi ilə bağlı məcburi normanın nəzərdə tutulması qanunvericilikdə yenilik kimi diqqəti cəlb edir və İşgəncə əleyhinə Avropa Komitəsinin tələbləri ilə üst-üstə düşür.

Həbs yerlərində tibbi xidmətin səviyyəsinin müvafiq tələblərə cavab verməsinin təmini baxımından da qanunun qəbulu vacib hesab olunmalıdır.

Milli Fəaliyyət Proqramında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasının nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir. Ulu öndər insan azadlığını ən ali dəyər kimi qiymətləndirərək demişdir: "İnsan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik".

Azadlıq hüququ sahəsində meydana çıxan məsələlərin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu 3 noyabr 2009-cu il tarixdə "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.

Maddi əsaslar dedikdə, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikası CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir.

Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-in 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır.

Məhkəmələrə izah edilmişdir ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən onlar ilk növbədə Azərbaycan Respublikası CPM-in 154-cü maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar.

Milli Fəaliyyət Proqramında ifadəsini tapmış müddəalardan biri də ekstradisiya olunmaq üşün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasıdır. Bu sahədə CPM-ə əlavə və dəyişikliklər edilməsi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin təmini üçün önəmlidir.

Məhkəmələr tərəfindən ekstradisiya ilə bağlı qərarlar qəbul edilərkən şəxsin ekstradisiya olunacağı halda göndərildiyi ölkədə işgəncə və digər pis rəftara məruz qala biləcəyi ehtimalı müəyyənləşdirilməlidir. Əgər belə bir ehtimal olarsa, şəxsin ekstradisiya edilməsindən imtina edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində ekstradisiya ilə əlaqədar həbsdə saxlanmanı tənzimləyən normalar kifayət qədər aydın və yetərli deyildir. Ona görə də bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı CPM-ə dəyişiklik və əlavələrin edilməsini zəruri hesab edirik.

Diffamasiyaya görə, cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması barədə müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapması günün tələbləri ilə üst-üstə düşür.

Diffamasiyanın Cinayət Məcəlləsinin normaları əsasında deyil, Mülki Məcəlləyə əsasən mühakimə edilməli olmasını əsaslandırmaq üçün iki hala daha çox istinad olunur. Birincisi, cinayət hüquqi məsuliyyətin mövcudluğu nüfuza xələl gətirən əsassız hücumlar probleminin aradan qaldırılmasında qeyri-mütənasib üsul olmaqla, insanları fikir və söz azadlığından istifadə etməkdən çəkindirir. İkincisi, Mülki Məcəllənin müddəaları özü-özlüyündə şərəf, ləyaqət, nüfuza dəyən zərərin aradan qaldırılması üçün mütənasib vasitədir. Əgər mülki müddəalar effektiv vasitədirlərsə, Cinayət Məcəlləsi müddəaları ilə müqayisədə onların tətbiqinə üstünlük verilməlidir. Yəni, fikir və söz azadlığının məhdudlaşdırılması elə ehtiyatla həyata keçirilməlidir ki, bu hüquqa mümkün qədər minimal qadağa qoyulmuş olsun.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, cinayət cəzası fikri ifadə etmənin qarşısını almasa da, şəxsin barəsində çıxarılan hökm müəyyən dərəcədə senzura mənasını daşıyır və məqsədi, böyük ehtimalla, gələcəkdə oxşar tənqidlər etmənin qarşısını almaqdır. Cinayət cəzası, ehtimal ki, jurnalistləri ictimaiyyətin marağına səbəb olan məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirəcəkdir. Məhz buna görə də cinayət cəzası kütləvi informasiya vasitələrinin məlumat çatdırmaq və ictimai nəzarəti həyata keçirmək funksiyasını yerinə yetirməsinə maneə yaradır.

Avropa Şurasının Nazirlər Komitəsi Siyasi Debat Azadlığı Haqqında Bəyannamədə qeyd edir ki, "Dövlət, hökumət və ya hakimiyyətin hər üç qolunu, icra, qanunverici və ya məhkəmə hakimiyyətini... təmsil edən hər hansı institut diffamasiya və təhqiredici bəyanatlara qarşı cinayət hüququ ilə müdafiə olunmamalıdır. Həmin institutların belə müdafiədən istifadə etdikləri hallarda bu müdafiə məhdud şəkildə tətbiq edilməli və onun tənqid etmə azadlığını məhdudlaşdırmasına yol verilməməlidir".

Milli Fəaliyyət Proqramında valideynlərin məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsinin nəzərdə tutulması Heydər Əliyev ideyalarının təcəssümü kimi nəzərdən keçirilə bilər. Uşaqlara münasibət və uşaqlara görə məsuliyyət məsələlərindən danışarkən ulu öndər qeyd edirdi ki, "hər ailədə, hər evdə, hər şəhərdə, hər kənddə, hər qəsəbədə ailə başçıları - atalar, analar, yaşlı nəsil bütün imkanları uşaqların yaxşı yaşamasına sərf edir. Bu, bizim dövlətimizin siyasətidir. Bu, mənim əməli fəaliyyətimdir".

 Valideyn və uşaqlar arasında münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlərin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu 29 oktyabr 2009-cu il tarixdə "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında", 28 oktyabr 2011-ci il tarixdə "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" qərarlar qəbul etmişdir. Həmin qərarlarda valideynlərlə uşaqlar arasında münasibət, valideynlərin uşaqlarına münasibətdə məsuliyyəti və məhkəmələrdə işlərə baxılarkən uşaqların mənafeyinin üstün tutulması barədə müddəalar ifadəsini tapmışdır.

Milli Fəaliyyət Proqramında xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə hüququ bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulması ulu öndərin tövsiyələrinin həyata keçirilməsinə diqqətin nümunəsi kimi qiymətləndirilməlidir. Belə ki ulu öndər bir tərəfdən azərbaycanlıların öz ölkələrinin hüdudlarından kənara çıxıb dünyaya yayılmasını, dünya təhsil sisteminin nailiyyətlərindən bəhrələnməyi, azərbaycançılığın, azərbaycan mənəviyyatının, Azərbaycan dövlətinin mənafeyinin dünya azərbaycanlıları tərəfindən müdafiə olunmasını arzulayırdısa, digər tərəfdən müstəqil Azərbaycan dövlətini harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vətəni hesab edir, dövlətin hər an onların müdafiəsində durduğunu bəyan edirdi: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur".

Milli Fəaliyyət Proqramının ikinci fəsli əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi kimi müddəaların Milli Fəaliyyət Proqramında nəzərdə tutulması dövlətçilik, azərbaycançılıq baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı ulu öndərin "Biz Azərbaycan xalqının hüquqlarının kütləvi səkildə, vəhşicəsinə pozulmasını ön planda çatdırmalıyıq və bunu yaymalıyıq, bunu bildirməliyik. Bu bizim tarixi vəzifəmizdir, hər bir azərbaycanlının tarixi vəzifəsidir. Hərə öz imkanı çərçivəsində gərək bu vəzifəni yerinə yetirsin" kimi tövsiyəsini heç vaxt unutmamalı, bu sahədə fəaliyyət göstərməyi vətəndaşlıq borcu hesab etməlidir.

Milli Fəaliyyət Proqramında həmin tədbirlərin ayrı-ayrı dövlət orqanları tərəfindən yerinə yetirilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu sahədə hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni vicdanla həyata keçirməlidir.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davamlılığı barədə müddəaların Milli Fəaliyyət Proqramına daxil edilməsi milli mənsubiyyətindən asılı olmayaraq hamının bərabər hüquqlara malik olmasına əsaslanır. Ulu öndər qeyd edirdi ki, "demokratiyanın ən vacib prinsiplərindən biri milli mənsubiyyətindən, dilindən, dərisinin rəngindən, dini etiqadından asılı olmayaraq hamının hüquq bərabərliyi prinsipidir. Azərbaycanda bu azadlıqların hamısı verilmişdir. Azərbaycan da çoxmillətli dövlətdir, hansı millətə mənsub olmasından asılı olmayaraq, bizdə insanların hamısı bərabər hüquqlardan istifadə edir".

 Ümummilli lider Heydər Əliyev etnik azlıqların Azərbaycan xalqının tərkib hissəsi olması, Azərbaycanda yaşayanların milli mədəni irsinin vahid Azərbaycan mədəniyyətini təşkil etməsini qeyd etməklə yanaşı, milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini adət-ənənələrinin qorunub saxlanılması üçün hərtərəfli hüquqi-siyasi şəraitin təmin edilməsini vacib sayırdı.

Ulu öndər Azərbaycan mədəni irsinin dünya mədəni irsinin tərkib hissəsi kimi tanınmasına, onun qorunmasına böyük önəm verirdi. Ona görə də bu sahədə görüləcək tədbirlərin milli mədəniyyətimizin zənginləşməsinə, mədəni müxtəlifliyin qorunub saxlanmasına, insanların milli mənsubiyyətindən asılı olmayaraq insan və vətəndaş kimi birlikdə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin inkişafına xidmət etmələrinə səbəb olacağını düşünürük.

Məhkəmələrdə etnik azlıqlara mənsub olan şəxslərin işlərinə baxılarkən milli-etnik xüsusiyyətlər, adət-ənənələr, dil ilə bağlı məsələlər nəzərə alınmalı, məhkəmə prosesində tərəflərin hüquq bərabərliyi təmin olunmalıdır.

Milli Fəaliyyət Proqramının müddəalarından biri də sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi ilə bağlıdır. Sahibkarların hüquqlarının möhkəmləndirilməsini ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun zəruri amili kimi qiymətləndirir, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, müvafiq vərdişlərin qazanılmasını önəmli hesab edirdi. "Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün, xüsusilə kiçik və orta sahibkarlığın yaranması və inkişafı üçün çox işlər görülür və bir çox qanunlar qəbul olunubdur. Bizim iqtisadi siyasətimizin strategiyası belədir ki, mütləq bütün sahibkarlara yardım etmək, ...kiçik şirkətlərin işləməsi üçün geniş şərait yaratmaq lazımdır".

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" qərarında məhkəmələrə müvafiq tövsiyələr verilmiş, bu sahədə işlərə baxılarkən rəhbər tutulmalı olan prinsiplər şərh edilmişdir. Hesab edirik ki, məhkəmələr həmin tövsiyələri yerinə yetirməklə öz fəaliyyətlərini daha da təkmilləşdirməlidirlər.

Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması ilə əlaqədar müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapması məhkəmələrin də bu sahədə işlərini günün tələbləri səviyyəsinə qaldırmalarını tələb edir. Belə ki, mülkiyyətin hər bir forması dövlət tərəfindən qorunur. Hər bir cəmiyyətdə mülkiyyətlə bağlı mübahisələrin mövcudluğu qaçılmazdır. Həmin mübahisələrin ədalətli həlli isə məhkəmələrin fəaliyyətindən çox asılıdır.

Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi barədə Milli Fəaliyyət Proqramında nəzərdə tutulan müddəalar ulu öndər tərəfindən demokratik, hüquqi dövlətin vəzifəsi kimi qiymətləndirildiyi sahəyə aiddir: "Son vaxtlar Azərbaycan narkotiklərlə mübarizə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə barəsində ətraflı, əməli tədbirlər həyata keçirir... Biz həqiqətən bu sahələrdə mübarizəni dövlətçiliyimizin qorunması üçün və ümumiyyətlə, dünyada bu çox təhlükəli halların qarşısının alınması üçün dövlətimizin mühüm vəzifəsi hesab edirik".

"Azərbaycanın ən böyük sərvəti onun fədakar insanlarıdır, bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti gənclərimizdir" deyən ulu öndər "insanlar arasında, xüsusən gənclər arasında müxtəlif narkotik maddələrə meyil göstərilməsini, spirtli içkilərin istifadəsinin geniş yayılmasını... hər bir insana, hər bir cəmiyyətə, hər bir millətə böyük zərbə vuran amil" hesab edirdi.

Narkotik vasitələrin dövriyyəsi ilə mübarizə məhkəmə orqanlarının da mühüm vəzifələrini meydana çıxarır. Məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun "Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarında göstərilənləri rəhbər tutmalı, bu sahədə işlərini zamanın tələbinə uyğunlaşdırmalıdır.

Əlillərin, uşaqların, sağlamlıq imkanları məhdud uşaqların, ahılların, qadınların hüquqlarının müdafiəsi ilə bağlı müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapmasını ulu öndərin həmin sahələrə daim diqqət göstərməsinin nəzərə alınması, bu sahədə onun ideyalarının davam etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Ulu öndər bəyan edirdi: "Əmin ola bilərsiniz, - bunu sizə və sizin simanızda Azərbaycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, - biz bundan sonra da birinci növbədə vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insanlara və onlara bərabər, fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və diqqəti ilbəil artıracaq və bu, gələcəkdə proqramlarımızda daha görkəmli yer tutacaqdır. Ümidvaram ki, Azərbaycan dövlət və hökumət orqanlarının hamısı mənim bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər, şikəst adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq".

Uşaqlara qayğı göstərilməsinin zəruriliyi ilə əlaqədar ulu öndər Heydər Əliyev demişdir: "Əminəm ki, siz ilbəil daha yaxşı şəraitdə yaşayacaqsınız, öz istedadlarınızı inkişaf etdirmək üçün, istedadlarınızı həyatda tətbiq etmək üçün daha çox imkanlar əldə edəcəksiniz və hər bir uşağın, hər bir gəncin istedadına layiqli yer tutması üçün imkanlar yaranacaqdır. Bu, bizim dövlətimizin siyasətidir".

 Məhkəmələr işlərə baxarkən əlillərin, vətən uğrunda şəhid olanların ailə üzvlərinin, ahılların, qadınların, uşaqların mənafeyinin ədalətli müdafiəsinə çalışmalı, sosial ədalətin bərpa olunmasına yardım etməlidirlər.

Milli Fəaliyyət Proqramında  kütləvi informasiya vasitələri üçün  fikir və ifadə azadlığının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsini əhəmiyyətli hesab edirik.

Söz azadlığı demokratik cəmiyyətin işlərinin həllində cəmiyyətin bütün üzvlərinin bərabər iştirakında maraqlı olan demokratik rejimin əlamətidir. Səmərəli fəaliyyət göstərən demokratiya şəraitində fikri ifadə etmək azadlığı özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və hər bir insanın inkişafının ən zəruri şərtidir. Ulu öndər mətbuatın cəmiyyətdə rolunu yüksək qiymətləndirərək göstərmişdir: "Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlərlə kütləvi informasiya vasitələri - teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir. Onların müstəqil qurulması, sərbəst fəaliyyəti və inkişafı üçün bütün zəruri tədbirlər görülür.

Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və professional səviyyəsinin yüksəldilməsi, onların imkanlarından hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşması və inkişafında, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi həm dövlətdən, həm də  mətbuat işçilərindən xüsusi səy və ciddi  məsuliyyət tələb edir".

Məhkəmələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı  insan hüquq və azadlıqlarının təmini sahəsində önəm kəsb edir. Mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün Ali Məhkəmədə spiker - hakimlər  müəyyənləşdirilmiş, onlar kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırır və zəruri məlumatları onlara verirlər. Hər ilin yekununda kütləvi informasiya vasitələrinin əməkdaşları üçün açıq qapı günü keçirilir, KİV-in əməkdaşları üçün təşkil olunmuş görüşdə görülmüş işlər barədə məlumat verilir, jurnalistlərin bütün sualları cavablandırılır. Eyni zamanda, Ali Məhkəmənin fəaliyyəti haddında məlumat kitabçası hazırlanır və KİV nümayəndələrinə və maraqlı təşkilatlara təqdim olunur.

Ali Məhkəmənin hakimləri mütəmadi olaraq, o cümlədən 2011-ci ildə də mətbuatla fəal əlaqə saxlamış, insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı meydana çıxan problemlər və onların həlli yolları, həmçinin məhkəmə-hüquq islahatları ilə əlaqədar məqalələr yazılmış, televiziyalarda təşkil olunmuş dəyirmi masalarda iştirak etmişlər.

Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli qərarında hakimlərə tövsiyə edilmişdir ki, mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən hüquqi dövlət quruculuğunda  mətbuatın mühüm rolunu nəzərə almalı, ona diqqət yetirməlidirlər. Mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarət funksiyasını həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir.

Fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı, fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da  fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalı, ümumi səciyyə daşımalıdır.

Milli Fəaliyyət Proqramının üçüncü fəsli dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmuşdur. Bu fəsildə şəxsin tutulması, həbs edilməsi, müvafiq saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların araşdırılması və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi barədə müddəalar məhkəmələrin fəaliyyəti ilə də bağlıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir.

Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır.

Məhkəmələr nəzərə almalıdırlar ki, təqsirləndirilən şəxsin uzunmüddətli həbsi üçün tutarlı əsaslar yoxdursa, iş üzrə ehtimal həmişə şəxsin azadlığa buraxılmasının xeyrinə olmalıdır. Azadlığa buraxılmanın əsasları məhkəməyəqədərki bütün müddət ərzində istənilən vaxt tətbiq edilə bilər.

Məhkəmələrin şəxsin tutulması, həbs edilməsi, müvafiq saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların araşdırılması və nəzərdə tutulmiş tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar məhkəmələrin fəaliyyətinin səmərəliliyinin təmini məqsədi ilə məhkəmələrdə işlərə baxılarkən aşkar olunan neqativ faktlara dərhal reaksiya verilməklə araşdırmaların səmərəliliyinin təmini üçün tədbirlərin (müvafiq prokurorluq orqanlarına məlumat verilməsi) görülməsinə diqqət artırılmalıdır. Bu sahədə məhkəmələrin fəaliyyətinin səmərəliliyinin təmini məqsədi ilə həmin sahələrdə milli qanunvericiliklə yanaşı, BMT-nin İnsan Hüquqları Komitəsinin, İşgəncə Əleyhinə Komitəsinin, Avropa İşgəncə Əleyhinə Komitəsinin qərar və hesabatlarının, xüsusən, Azərbaycanla bağlı hesabatlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və işlərə baxılarkən tətbiqi zəruridir. Bu məqsədlə Bakı şəhərində və bölgələrdə hakimlər üçün seminarlar keçirilmiş, Ali Məhkəmənin hakimi tərəfindən yazılmış kitab və digər zəruri materiallar hakimlərə paylanmışdır. Hesab edirik ki, bu sahədəki fəaliyyət gələcəkdə də davam etdirilməlidir.

Korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin icrasının davam etdirilməsi ilə əlaqədar Milli Fəaliyyət Proqramının müddəaları ulu öndərin ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir.

Ulu öndər dövlət başçısı kimi cəmiyyətdəki neqativ hallara, xüsusən də, korrupsiyaya qarşı mübarizəni həmişə ön plana çəkərək hesab edirdi ki, korrupsiya ölkəyə həm maddi, həm də, mənəvi cəhətdən ziyan vuran amildir: "Biz korrupsiyaya qarşı mübarizə aparırıq, bütün vasitələrdən istifadə edib bundan sonra da aparacağıq. Biz elan etmişik ki, korrupsiya birinci növbədə mənəviyyatımıza və sərbəst iqtisadiyyat, hüquqi dövlət yaratmaq barədə prinsiplərimizə zidd olan bir ünsürdür. Hazırda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin bir istiqaməti kimi aktuallıq kəsb edir. Bu sahədə müvəffəqiyyət qazanılması həm dövlətin, həm cəmiyyətin, həm hüquq-mühafizə orqanlarının, məhkəmə orqanlarının uğuru kimi çıxış edəcəkdir. Məhkəmə hakimiyyəti ölkə başçısının bu sahədəki fəaliyyətini dəstəkləyir, korrupsiyanın qarşısının alınması üçün bütün imkanlardan istifadə edərək, müstəqil, demokratik Azərbaycan dövlətinə layiq mühit yaratmağı qarşısına məqsəd qoymuşdur.

Milli Fəaliyyət Proqramında dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təmin edilməsinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının səmərəli təminində mühüm rol oynayır. Hazırda ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin gördüyü tədbirlər xüsusi vurğulanmalıdır. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində məhkəmələrin Vahid İnformasiya İnfrastrukturu strategiyası hazırlanmışdır. Strategiya ölkədə fəaliyyət göstərən bütün (100-dən çox) müxtəlif instansiyalı məhkəmələri, məhkəmə özünüidarə orqanları (Məhkəmə-Hüquq Şurası) və Ədliyyə Nazirliyi üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma vasitələri komplekslərinin, informasiya resurslarının yaradılmasını əhatə edir. Bu texnoloji sistem qanunvericiliyə dair məlumat bankına, məhkəmə təcrübəsinin, xüsusilə, hüququn yeni və inkişaf edən sahələrində ümumiləşdirmə materiallarına çevik çıxışı təmin etməklə, analitik tədqiqatların imkanlarını artırır, məhkəmə kargüzarlığının unifikasiyasına, məhkəmə sənədlərinin icrasının yüksək keyfiyyətini təmin etməyə imkan yaradır. Strategiyanın həyata keçirilməsində artıq müəyyən nailiyyətlər də var. Belə ki, ölkə qanunvericiliyinin ən dolğun, dəqiq və daim yeniləşən internet-bazası yaradılmışdır (www.e-qanun.az). Bundan əlavə, qanunvericilik aktlarına çıxışın əldə olunmasının yalnız hakimlər, prokurorlar, vəkillər və digər hüquqşünaslar üçün deyil, həmçinin sadə vətəndaşlar üçün zəruriliyi nəzərə alınaraq, bütün əhalinin bazaya pulsuz çıxışına imkan yaradılmışdır. Biz həmin tədbirlərin daha da inkişaf etdiriləcəyinə əminik. Azərbaycan Respublikası Ali Məhkəməsində də bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Tərəflərin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılması üçün müasir texniki vasitələrdən istifadə olunur, Ali Məhkəmənin xüsusi internet səhifəsində işlərə baxılması vaxtı barədə məlumatlar verilir. Ali Məhkəmənin qərarları bütünlüklə internet səhifəsində dərc olunur. Ali Məhkəmədə elektron sənəd dövriyyəsi tətbiq olunmuş, iclasların video yazısı aparılır, iclas zallarında tərcümə xidmətini təmin edən sistem fəaliyyət göstərir. Ali Məhkəmədə yaradılmış kommunikasiya sistemi müxtəlif idarələrlə video-konfransların keçirilməsinə imkan yaradır.

Məhkəməyə müraciətin əlçatan olması, əhalinin müraciətinin asanlaşdırılması məqsədilə Ali Məhkəmədə internet portal fəaliyyət göstərir. İnternet portalda məhkəmədə baxılan işlər, çıxarılan qərarlar, qəbul günləri və sair barədə məlumatlar öz əksini tapır.

Görülən işlər nəticəsində əhalinin məhkəməyə inamı artmışdır. Bu, hər şeydən əvvəl, məhkəməyə müraciətlərin sayının artmasında öz ifadəsini tapır. Məhkəmələrə müraciətlərin sayının artmasının göstəricisi kimi qeyd etmək olar ki, 2007-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasında 2754 işə, 2010-cu ildə 3924 işə, 2011-ci ildə isə 4023 işə baxılmışdır. Ali Məhkəmənin məhkəmə kollegiyalarında və plenumunda 2007-ci ildə cəmi 3629 işə, 2010-cu ildə 5354 işə, 2011-ci ildə 5789 işə baxiımışdır.

Milli Fəaliyyət Proqramında məhkəmə qərarlarının icrası ilə əlaqədar müddəaların nəzərdə tutulması məhkəmə hakimiyyətinin nüfuzunun təminində əhəmiyyət kəsb edir.

Qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hornsbi Yunanıstana qarşı iş"də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli, konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "ədalətli məhkəmə baxışına hüquq" xəyali xatakter alacaqdır. Məhkəmə qərarlarının vaxtında icra olunması bir tərəfdən pozulmuş hüquqların vaxtında bərpa olunmasını təmin edirsə, digər tərəfdən məhkəmə hakimiyyətinin nüfuzunun yüksəlməsinə səbəb olur. Biz hesab edirik ki, məhkəmə qərarlarının vaxtında icra olunması məhkəmə hakimiyyətinə inamdan və hüquq mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir.

Hakimlərin və hakimliyə namizədlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi ilə bağlı müddəaların Milli Fəaliyyət Proqramında nəzərdə tutulması məhkəmə hakimiyyəti üçün önəmlidir.

Azərbaycan Respublikası 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyi və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaq barədə öhdəlik götürmüşdür. Dövlətin Avropa Şurasının üzvü olması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından ilkin olaraq Azərbaycan vətəndaşı faydalanacaqdır: vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir.

 Məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar da insan hüquqlarının təmini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması - məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması və səmərəliliyinin artırılması ilə bağlıdır.

Bu məqsədlə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası səmərəli fəaliyyət göstərir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasında hakimlərin şəffaf və obyektiv seçiminin müstəsna rolu vardır. Avropa Şurası ilə birgə aparılmış iş nəticəsində hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Azərbaycan hakimlərinin seçimi prosedurlarına yaxşı təcrübə kimi maraq göstərən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) nümayəndələri sonuncu imtahanda iştirak edərək onu müşayiət etmiş və öz müsbət rəyini bildirmişlər. Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodunu (modus operandi) müsbət nümunə kimi qiymətləndirmiş və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmağı tövsiyə etmişdir.

Məhkəmə-hüquq islahatlarının bir istiqamətini də ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri təşkil edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri ilə tanışlıq, onların mənimsənilməsi və gündəlik təcrübədə onlardan istifadə olunması hakimlərin qarşısında duran vəzifələrdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə imzalanmış iki mühüm sənəddə həmin məsələlərə məhkəmələrin diqqətini cəlb etmişdir. "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir. Fərmanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.

Həmin fərman və sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ardıcıl işlər görülmüşdür. Belə ki, 30 mart 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, "Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər". Bu sahədə əlbəttə ki, ardıcıl olaraq iş aparılır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi və presedentlərinin tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə Ali Məhkəmənin hakimləri tərəfindən birinci və apelyasiya instansiyası məhkəmələrinin hakimləri üçün Bakı şəhəri və regionlarda seminar və treninqlər, zona məşğələləri keçirilmiş, Ali Məhkəmədə mütəmadi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və müzakirəsi təşkil olunmuşdur. Bu sahədə Ali Məhkəmə bir sıra beynəlxalq təsisatlarla - Avropa Şurası, ATƏT-in Bakı ofisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsinin bir istiqamətini də hakimlərin müvafiq qərarlar və ədəbiyyat ilə təmin olunmasıdır. Ali Məhkəmənin hakimi tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığı ilə bağlı presedentlərinə həsr olunmuş iki kitab yazılaraq hakimlər arasında paylanmış, bu sahədə müxtəlif məqalələrin yazılması davam edir. Avropa Məhkəməsinin qərarları Azərbaycan dilinə tərcümə edilərək öyrənilməklə yanaşı, məhkəmələr arasında yayılması təşkil olunur.

18 iyun 2011-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Məhkəmə Hüququ Şurasının birgə təşkilatçılığı ilə Bakı Apelyasiya Məhkəməsində respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələrinin hakimlərinin iştirakı ilə geniş seminar-müşavirə keçirilmişdir. Müşavirədə "İnsan hüquqları və əsas azadlıqları haqqında" Avropa Konvensiyasının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi vəziyyəti və mövcud problemlər ətraflı müzakirə edilmişdir. 2011-ci ildə bu cür seminarlar Şirvan və Şəki apelyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan hakimlərlə də keçirilmiş, bölgələrdə işləyən hakimlərin fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri müzakirə edilmiş, bu sahədə işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Görülən işlərin nəticəsi kimi demək olar ki, milli məhkəmələr İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edir və insan hüquq və azadlıqlarının bərpası məqsədilə milli qanunvericiliyi məhz həmin presedentlər prizmasından şərh edir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə müvafiq qaydada tətbiq edilir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılması üçün mütəmadi tədbirlər həyata keçirir. Bu məqsədlə ayrı-ayrı sahələr üzrə məhkəmələr tərəfindən baxılan işlər ümumiləşdirilir, işlərə baxılarkən yol verilmiş nöqsanlar üzə çıxarılmaqla ümumiləşdirmənin nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunda hakimlərin, o cümlədən pozuntuya yol vermiş hakimlərin iştirakı ilə müzakirə olunur. 2011-ci ildə keçirilmiş müzakirələr nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu 31 mart 2011-ci il tarixdə "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında", 28 oktyabr 2011-ci il tarixdə "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" qərarlar qəbul etmişdir.

Milli Fəaliyyət Proqramında şəxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi zəruri hesab olunmuşdur. Məhkəmələr təqsirsizlik prezumpsiyasına riayət olunması ilə əlaqədar Ali Məhkəmə plenumunun 30 mart 2006-cı il tarixli qərarındakı tövsiyəsini daim yadda saxlamalıdırlar. Məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.

Milli Fəaliyyət Proqramında seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə kursların davam etdirilməsi nəzərdə tutulmuşdur.

Ulu öndər seçkiləri Azərbaycanda demokratiyanın inkişafının göstəricisi hesab edərək qeyd edirdi: "Bu o vaxt həqiqi göstərici ola bilər ki, seçkilər tam demokratik şəraitdə, sərbəst şəraitdə keçirilsin, insanlar öz arzularını, istəklərini sərbəst ifadə edə bilsinlər və bunlar səsvermədə öz ifadəsini tapa bilsin".

Vətəndaşların seçki hüquqlarının təmin olunması sahəsində işin səmərəliliyinə nail olunması üçün beynəlxalq təcrübənin öyrənilməsinə də önəm verilir. Bu məqsədlə müxtəlif beynəlxalq qurumlarla keçirilən konfransların xüsusi əhəmiyyəti var. Seçkilərin keçirilməsi ilə əlaqədar meydana çıxan mübahisələrin həllində beynəlxalq standartların tətbiqinə nail olunması üçün Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə keçirilən konfrans xüsusi əhəmiyyət kəsb edir. Konfransda seçkilərə dair şikayətlərə baxılması sahəsində Avropa standartları, bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, MDB ölkələrində seçkilərə dair şikayətlərə baxılması sahəsində ortaya çıxan məsələlərlə bağlı beynəlxalq ekspertlərin məruzələri, məruzə ətrafındakı müzakirələr, milli hakimlərin həmin məsələlərlə bağlı fikir mübadiləsi çox faydalı olmuşdur. Bu sahədə təcrübənin səmərəliliyinə nail olmaq üçün 2011-ci ilin sentyabr ayının 7-də Ali Məhkəmədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşmış kursların dinləyiciləri ilə görüş keçirilmişdir. Görüşdə Ali Məhkəmənin hakimləri seçkilərin keçirilməsi zamanı meydana çıxan problemlərin həllinin hüquqi yolları barədə dinləyiciləri məlumatlandırmışlar. Hesab edirik ki, bu sahədə mövcud təcrübə davam və inkişaf etdirilməlidir.

Milli Fəaliyyət Proqramında "İşgəncə və

 digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun öyrənilməsi, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokoluna uyğun olaraq Milli preventiv mexanizmin funksiyalarının təmin edilməsi məqsədilə maarifləndirmə və digər tədbirlərin həyata keçirilməsi barədə müddəaların nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir.

Məhkəmələr heç kəsin işgəncələrə və digər qəddar insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qoyulmaması ilə bağlı tələblərə riayət edilib-edilməməsini daim diqqət mərkəzində saxlamalıdırlar.

İşgəncələrin qadağan olunması ilə bağlı insanlara təqdim olunan müdafiə demokratik cəmiyyətin əsas dəyərlərindən birini əks etdirir. İşgəncələrin qadağan olunması ilk növbədə şəxsin fiziki toxunulmazlığını qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, o, ciddi ruhi sarsıntılara səbəb olan əzab vermə hallarına qarşı insanı müdafiə edən müddəa kimi də şərh oluna bilər.

Məhkəmə nəzarəti qaydasında işlərə baxılarkən məhkəmələr tutulmuş şəxslərin tutulduğu andan vəkillə təmin olunması, onlara tutulmaları barədə yaxın adamlarına məlumat verilməsi imkanı yaradılması və onların dərhal tibbi müayinədən keçirilməsi faktlarını yoxlamalı, bu hüquqların pozulduğu hallarda onların bərpası üçün tədbirlər görməlidirlər. Diqqət yetirilməlidir ki, şəxsin polis məntəqəsinə gətirilərkən sağlam vəziyyətdə olduğu, oradan buraxılarkən isə bədəni üzərində xəsarət olması, bunun səbəblərinin həqiqətəuyğun izahını tələb edir.

Şəxsin işgəncəyə məruz qalması barədə tələb irəli sürməsi hakimiyyət orqanları tərəfindən cavabdeh şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnən hərtərəfli və səmərəli təhqiqatın aparılmasını tələb edir. Lakin bu müddəa heç də pis rəftarda ittiham olunan şəxsin nəyin bahasına olursa-olsun cəzalandırılmasını deyil, cavabdeh şəxslərin müəyyən edilməsi və cəzalandırılmaq iqtidarında olan təhqiqatın aparılması kimi başa düşülməlidir.

Ləyaqəti alçaldan rəftar ifadəsi ona dəlalət edir ki, bu norma insan ləyaqətinə ağır qəsdə mane olmaq kimi ümumi maraqları müdafiə edir. Ona görə də şəxsin vəziyyət və ya reputasiyasını alçaldan tədbirlər müəyyən kəskinlik səviyyəsinə çatdıqda ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər. İnsanda qorxu, həyəcan, özünə natamamlıq hissini yaradan rəftar ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilir. Ona görə də şəxsin azadlıqdan məhrum edilməsi zamanı ona azadlıqdan məhrum edilmə üçün zəruri olandan artıq məhrumiyyətə məruz qalması yolverilməz hesab olunmalıdır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) işgəncələrin qadağan olunması sahəsində milli preventiv mexanizm kimi müəyyənləşdirilməsi məhkəmə orqanları ilə ombudsman arasında qarşılıqlı əlaqələr üçün geniş perspektivlər açır.

Milli Fəaliyyət Proqramının beşinci fəsli insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan dövlətinin, o cümlədən dövlətin ayrı-ayrı hakimiyyət qollarının beynəlxalq təşkilatlarla əməkdaşlığı ölkənin Beynəlxalq Birliyin tamhüquqlu üzvü kimi nüfuzundan xəbər verir. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin böyük zəhməti hesabına müstəqilliyini qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu bu günkü zirvəyə çatmış və bu yolda inamla irəliləməkdə davam edir. Artıq Azərbaycan dövləti beynəlxalq təşkilatlarda öz sözü, imici ilə dünya siyasətinə təsir göstərmək imkanına malikdir. 2011-ci ildə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunu sübut edir. Ona görə məhkəmə hakimiyyəti BMT-nin ixtisaslaşmış təsisatları, beynəlxalq regional təşkilatlar ilə birgə layihələrdə, həmçinin 2012-2013-cü illərdə Avropa Şurası ilə birgə Fəaliyyət Planının həyata keçirilməsində iştirak etməli, Azərbaycan dövlətinin nüfuzunun daim yüksəkdə qalmasına töhfəsini verməlidir.

 

Ramiz RZAYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

 
Xeber lenti