Əsas səhifə   az | ru | en
Azərbaycan Respublikası
Ali Məhkəmə
Məhkəmə sisteminin tarixi
Qanunvericilik
E-Xidmətlər
Faydalı linklər
Ali Məhkəmənin Plenumu 30.09.2014
Ali Məhkəmənin Plenumu 16.05.2014
Ali Məhkəmənin Plenumu 21.02.2014

AZƏRBAYCANIN MƏHKƏMƏ SİSTEMİ HAQQINDA QISA MƏLUMAT

 
Azərbaycanın məhkəmə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.
          Görülən bütün  zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq  edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır.
           Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında  1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
           1920-ci il aprel ayının 27-28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin yenidən yaradılması möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır.
           Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən dövr ərzində ölkənin məhkəmə sistemində əsaslı islahatlar aparılmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məhkəmə hüquq islahatı nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, 3 pilləli yeni məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara alınmış, ölkə Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin göstərilən tələblər səviyyəsində seçilməsi təmin edilmişdir. Seçilmiş şəxslərin sırasından müxtəlif təbəqələrin nümayəndələri geniş təmsil olunmuş, nəticə etibarilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mühüm addım atılmışdır.