1[102]-1355/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1355/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim

Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan
Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları
ilə,

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli

qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
baxaraq

MÜƏYYƏN ETDİ:

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Aqil

Musayev, hakimlər Nizami Quliyev və Xamməd Nuriyevdən ibarət tərkibdə) 1(099)-
226/2019 nömrəli, 25 oktyabr 2019-cu il tarixli hökmü ilə

xx xxxx 1985-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli
kəndində doğulmuş, Azərbaycan Respublikasının
vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu
olan,

Sabirabad

rayonu,

Yolçubəyli

kəndində

qeydiyyatda olan Məhkum

Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral
2019-cu il tarixdən hesablanmışdır.

İşin halları:

Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki,

o, 14 may 2011-ci il tarixdə saat 22 radələrində Ukrayna Respublikası Kiyev şəhəri,

Pobeda prospekti 142 ünvanında yerləşən “Daçnaya” avtostansiyasının ictimai nəqliyyat
dayanacağında olarkən özünə məxsus avtomobillə həmin əraziyə gəlmiş bibisi oğlu X3
ilə sonuncuya olan borcunu ödəməməsi səbəbindən şəxsi münasibətlər zəminində
mübahisə edərkən İlfan Bağırovun ondan təkidlə borcunu tələb etməsinə görə
əsəbiləşərək qisas almaq məqsədilə qəsdən sağlamlığına ağır zərər vurmaq qərarına
gəlmiş, bu məqsədlə İlfan Bağırova həmin dayanacağın yaxınlığında olmuş mətbuat
yayımı köşkünün arxa tərəfində olarkən istintaqa məlum olmayan mənbədən əldə edib,
üzərində gəzdirdiyi kəsici-deşici xassələrə malik alətlə qəsdən iki dəfə zərbə vurması
nəticəsində sağ qabırğa qövsü nahiyəsində orta körpücük xətti üzrə orta xətdən 6,3 sm.
sağda və 114 sm. hündürlükdə Vİ qabırğa arasından döş qəfəsinə, qarın boşluğuna
nüfuz edən, qaraciyərin sağ payını zədələyən yara kanalı ilə müşayiət olunan, həyat
üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid bir ədəd və sol çiynin
yuxarı 1/3-nin xarici səthində delta şəkilli nahiyədə yerləşən, iri qan damarlarını
zədələməyən, yumşaq toxumalarda küt bitən sağlamlığa yüngül zərərvurmaya aid bir
ədəd xəsarət yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmuş və hadisə
yerini tərk etmişdir. İlfan Bağırov qohumları tərəfindən hadisə yerindən 10 nömrəli Kiyev
şəhər

Kliniki

xəstəxanasına

aparıldıqdan

sonra

orada

müvafiq

tibbi

yardım

göstərilməsinə baxmayaraq, göstərilən sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətin
təsirindən yaranmış qaraciyəri zədələyən, döş və qarın boşluqlarına nüfuz edən deşici-
kəsici yara səbəbindən Məhkum ehtiyatsızlığından 17 may 2011-ci il tarixdə saat 04
radələrində həmin xəstəxanada ölmüşdür.

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi

hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə)
1(106)-89/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum
tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan Məhkum

müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Lənkəran Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və
Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin.

Kassasiya şikayətinin dəlilləri:

Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya

instansiyası məhkəməsinin qərarı qərəzli və ədalətsizdir.

Belə ki, İlkin Mehdiyevin verdiyi ifadələrdə və Sabirabad rayon prokurorluğuna

ünvanladığı 26 oktyabr 2018-ci il tarixli ərizəsində hadisəni görmədiyini, Mişa adlı şəxsin
hədə-qorxu gəlməsi səbəbindən belə ifadə verdiyini bildirmişdir.

Həmin izahat və ifadələrdən də görünür ki, 2011-2019-cu illər ərzində İlkin

Mehdiyev bir-birindən fərqli və ziddiyyətli ifadələr vermişdir. Hər dəfəsində də ifadəsini
dəyişmiş, “yeni faktlarla bəzəyərək”, ittihama lazım olan səpkidə formalaşdırmışdır. 2011-
ci ildə baş vermiş hadisənin bütün detallarını yeddi-səkkiz ildən sonra belə dəqiqliyi ilə
yadda saxlaması, hətta yenilərini də əlavə etməsi, ilkin izahat və ifadələrində bu faktlara
toxunmaması əlbəttə ki, onun mötəbərliyinə şübhə doğurmaya bilməz.

Apellyasiya instansiyası məhkəməsi də bu faktları araşdırmadan birinci instansiya

məhkəməsini mövqeyini təsdiqləmişdir.

Məhkəmə araşdırması zamanı ittiham tərəfi müdafiə etdiyi şəxsin ittiham verildiyi

əməlin törətməsini israr edərkən, bunu təsdiq edən, verilmiş ittihamın qanuni, əsaslı və
ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir.

Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 və

24 may 2011-ci il tarixli protokollarından müəyyən olur ki, qeyd olunan tarixdə Kiyev
şəhəri Pobeda prospekti, 142 ünvanında yerləşən “Avtostansiya Daçnaya” ictimai
nəqliyyat dayanacağının yanındakı əraziyə baxış keçirilmiş və baxış zamanı ərazidən
hər-hansı dava-dalaş və qan izi aşkar olunmamışdır.

Zərərçəkmiş şəxsin hərəkətlərindən, şahid ifadələrindən məlum olur ki, İlfan

Bağırov hadisənin təşəbbüskarı olmuş və müdafiə etdiyi şəxsi münaqişəyə sövq
etmişdir. Məhkum İlfan Bağırova pul borcunun olması heç də sonuncuya bu özbaşınalığı
etməyə əsas vermirdi. Mərhum bu məsələni sivil yolla, məhkəməyə müraciət edərək həll
edə bilərdi.

Belə ki, İlfan Bağırov dava-dalaş salmaq üçün Məhkum iş yerinə hazırlıqlı gəlmiş,

özü ilə bita və bıçaq götürmüşdür. Məhkum orada olmadığı bildikdə belə, zəng edib
sonuncunu oraya çağırmış, hətta bir saatdan çox müddət ərzində Qasımın gəlməsini
gözləmişdir. Qasım oraya gəldikdə isə İlfan münaqişə yaradaraq, əvvəl bita, daha sonra
isə bıçaqla sonuncuya hücum etmişdir. Bununla da müdafiə etdiyim şəxsi özünü müdafiə
etmək zərurəti qarşısında qoymuşdur. Şahid ifadələrindən məlum olur ki, İlfan Qasımı
bıçaqlamaq istəyəndə sonuncu bıçağı onun əlindən almağa çalışmış və bu zaman hər
ikisi yerə yıxılmışlar. İlfan Bağırov məhz həmin vaxt əlindəki bıçaqdan xəsarət alması
istisna olunmur. Məhkuma verilmiş ittiham sübuta yetirilməmişdir.

Belə ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı Məhkum İlfan

Bağırova qəsdən sağlamlığına ağır xəsarət yetirmək istəməsi sübuta yetirilməmiş,
hadisə təsadüf axarı zəminində, ehtiyatsızlıqdan, məhz mərhum İlfan Bağırovun qanuna
və əxlaqa zidd hərəkəti nəticəsində baş vermişdir.

Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini

araşdırıb, məruzəçini və proses iştirakçılarının çıxışlarını dövlət ittihamçısı Rəsul
Abbasovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya
şikayəti təmin olunmadan saxlanılmalıdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun
normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində
məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən,
bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara
hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə
birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən
hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət
qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır.

Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası

apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki,
apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara
əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm
və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya
instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların
məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən
edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə
tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir.
Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə
tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif
edilməsini məhkəmə kollegiyası düzgün sayır.

Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə

baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, Məhkum təqsirinin
sübuta yetirilməməsi və nəticədə onun əsassız olaraq məhkumun edilməsidir.

Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı

özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini
törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ibtidai istintaq
zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş

məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam
təsdiq edilir.

Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün

nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə
Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla
müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər
sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də
apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə
razılaşmışdır.

Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və

apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara
əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə
altına almağa heç bir əsas yoxdur.

İşdən görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü

təqsirli bilməsə də, onun CM-in 126.3-cü maddələrində nəzərdə tutulmuş cinayət
əməllərini törətməsi birinci instansiyası məhkəməsində məhkəmə baxışı zamanı tədqiq
olunmuş və iş materiallarında olan sübutlarla tam təsdiq olunur.

Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-

cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya
instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına
xitam verilməsi üçün qanuni əsaslar yoxdur.

Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci

instansiya

məhkəməsi,

apellyasiya

instansiyası

məhkəməsi

sübutların

araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər
hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul
edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə
Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların
mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası

məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət
verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və
Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi
qanun pozuntusuna yol verilməmişdir.

Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən

Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün
nəzərə almışdır.

Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət

prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması
üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə;
416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin
tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən
məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin
etdikdə; 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların
mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi
apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv
etmək və ya dəyişdirmək hüququna malikdir.

İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki

qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş
hallardan heç biri iş üzrə müəyyən edilməmişdir.

Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxaraq

kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələlərlə bağlı, yəni məhkumun
cinayət törədilməsinə aidiyyəti olması və onun cinayət törətməkdə təqsirinin sübuta
yetirilməsi məsələlləri obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh
etmişdir.

Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün

məhkəmə kollegiyası onlarla razılaşır.

Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya

şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarının Məhkum aid
hissədə dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutaraq,

QƏRARA ALİR:

Kassasiya şikayəti təmin edilməsin.
Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə məhkum

olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının
09 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.