1-1[102]-26/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1-1(102)-26/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun iştirakı ilə,

Bakı Hərbi Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 333.3 və 333.4-cü
maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci il tarixli qərarından dövlət
ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən
açıq məhkəmə iclasında işə baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Bakı Hərbi Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim

Abbasov Rafiq Qaraxan oğlu)

Məhkum, xx xxxxxx il tarixdə Siyəzən
şəhərində

anadan

olmuş,

Azərbaycan

Respublikasının vətəndaşı, subay, orta
ixtisas

təhsilli,

əvvəllər

Bakı

Hərbi

Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli
hökmü ilə CM-nin 333.3-cü maddəsi ilə
təqsirli bilinərək aylıq pul təminatından 10
(on) faizi məbləğində pul dövlət nəfinə
tutulmaqla 1 (bir) il müddəttə hərbi xidmət
üzrə məhdudlaşdırma cəzasına məhkum
olunmuş, Azərbaycan respublikası Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci

tabor 4-cü motoatıcı bölüyündə baş çavuş
vəzifəsində “gizir” hərbi rütbəsində həqiqi
hərbi xidmət keçmiş, ünvan 1 ünvanında
daimi qeydiyyatda olan və həmin ünvanda
yaşayan,

CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 333.3-cü maddəsi ilə 6 (altı)
ay müddətə, CM-nin 333.4-cü maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.2-ci maddəsinin
tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə 2 (iki) il
müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə
əsasən həmin cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq
edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 25 oktyabr 2019-cu il
tarixli hökmü ilə CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından 10
(on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəza ilə
tam birləşdirilməklə üzərində qəti olaraq aylıq pul təminatından 10 (on) faizi məbləğində
pul dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
cəzası və 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş 2 (iki) il
müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, şərti olaraq tətbiq edilmiş
cəzasının isə müstəqil icra olunması qərara alınmışdır.

İşin halları:

Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum barəsində ittiham

hökmü çıxarmışdır ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci
taborunun 4-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən
03 iyul 2019-cu il tarixdə saat 08.00-dan 10 avqust 2019-cu il tarixdə saat 08.00-dək hərbi
hissəni özbaşına tərk etmiş, bununla da o, bir aydan artıq, lakin üç aydan çox olmayan
müddətdə hərbi hissəni özbaşına tərk etmişdir.

Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 06 sentyabr 2019-cu il

tarixdə bir günlük Sumqayıt şəhərinə ezamiyyətə getmiş, 07 senytabr 2019-cu il tarixdə
saat 13:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan 11 sentyabr
2019-cu il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. O, 19 sentyabr 2019-cu il
tarixdə saat 08:00-dan 27 sentyabr 2019-cu il tarixə saat 08:00-dək hərbi hissəni özbaşına
tərk etmiş, bununla da o, bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan
müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkum həmin vəzifədə və rütbədə
xidmətdə olarkən 30 sentyabr 2019-cu il tarixdə bir günlük Sumqayıt şəhərinə ezamiyyətə
getmiş 01 oktyabr 2019-cu il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmalı olduğu halda
üzrlü səbəblər olmadan 24 oktyabr 2019-cu il tarixdəsaat 18:00-da xidmət yerinə qayıtmış,
bununla da, o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə
vaxtında qayıtmamışdır. Həmin vəzifədə və rütbədə xidmətdə olarkən Məhkum 04 dekabr
2019-cu il tarixdə saat 08:00-dan 20 dekabr 2019-cu il tarixdə saat 16:00-dək hərbi hissəni
özbaşına tərk etmiş, bununla da, o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə
hərbi hissəni özbaşına tərk etmişdi.

Hökmdən dövlət ittihamçısı Abdurahmanova Günay Karlen qızı tərəfindən verilmiş

apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi),
Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə)
20 avqust 2020-ci il tarixli qərarı ilə Məhkum 07 sentyabr 2019-cu il tarixdən 11 sentyabr
2019-cu il tarixədək ezamiyyətdən hərbi hissəyə üzrlü səbəblər olmadan qayıtmaması və
19 sentyabr 2019-cu il tarixdən 27 sentyabr 2019-cü il tarixədək hərbi hissəni özbaşına
buraxıb getməsi, yəni bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan
müddətdə hərbi hissəni özbaşına tərk etməsi epizodları hökmdən xaric edilmiş və həmin
əməllərin törədilməsinə görə ittiham üzrə cinayət təqibinə xitam verilmiş, hökm qalan
hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti isə təmin edilməmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci il

tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu kassasiya protesti verərək
həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini
xahiş etmişdir.

Kassasiya protestinin dəlilləri:

Dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini onunla əsaslandırmışdır ki,

birinci və apellyasiya instansiya məhkəmələri yekun qərar qəbul edərkən və dəfələrlə hərbi
hissəni özbaşına buraxıb getmiş, buna görə də bir dəfə məhkum olunmuş Məhkum
barəsində CM-nin 70-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə
gələrkən onun tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və
xarakterini, bu cinayətlərin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini,
cinayətlərin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və məhkumun
barəsində açıq-aydın ədalətsiz olaraq şərti məhkum etmə tətbiq etmişdir. Məhkəmələrin
gəldikləri nəticə həm CM-nin 70-ci maddəsinin tələblərinə, həm də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında ifadə etdiyi hüquqi
mövqeyə, habelə Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarındakı
tövsiyələrə uyğun olmamış, cəzanı yüngülləşdirən hallar isə düzgün müəyyən olunmamış
və lazımi qaydada qiymətləndirilməmişdir. Dövlət ittihamçısı həmçinin qeyd edir ki,
Məhkum hökmlərin məcmusu üzrə qəti cəza təyin edilərkən CM-nin 67 və 69-cu
maddələrinin tələblərinə də əməl olunmamış, ona 25 oktyabr 2019-cu il tarixli hökmlə təyin
olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsi düzgün
müəyyən edilməmiş və bununla da cinayət qanunu normalarının tələblərinin kobud
pozulmasına yol verilmişdir.

Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya

protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv
edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.

Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət

Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət
prosesinin

iştirakçıları

qanunda

nəzərdə

tutulmuş

qaydada

müddətdə

məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir.

Məhkəmə kollegiyası

bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini

dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra
mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə
Məhkumiştirakı olmadan baxılmasını mümkün bilmişdir.

Belə ki,CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin

iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə
daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak
etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi
qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının
davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Kassasiya

protestinin

məzmunundan

göründüyü

kimi,

dövlət

ittihamçısı

Z.A.Ramazanov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin
protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan
həddindən artıq yüngül cəza tədbirinin seçilməsini, habelə hökmlərin məcmusu üzrə qəti
cəza təyin edilərkən cinayət qanunu normalarının pozulmasını iddia edərək bu əsaslarla
apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini
faktiki olaraq CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran

və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya
qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya

qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin
materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir.

Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası

məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının
predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin
normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması

və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə
aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa
malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli
sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin
aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması,
onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun
digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür.

Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual

qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya
kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və
dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən
edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri)
olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv
etməyə və yaxud dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin
halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət
verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət
qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual

qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olub-
olmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların
araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin
səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında
prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib
keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər
istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış
sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və
qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və

onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-
etməməsi başa düşülür.

Kassasiya protesti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki,

son nəticədə faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi belə hesab
etmişdir ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü
bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 03 iyul 2019-cu
il tarixdə saat 08.00-dan 10 avqust 2019-cu il tarixdə saat 08.00-dək, yəni bir aydan artıq,
lakin üç aydan çox olmayan müddətdə hərbi hissəni özbaşına tərk etməsinə və
ezamiyyətdən 01 oktyabr 2019-cu il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmalı olduğu
halda üzrlü səbəblər olmadan həmin tarixdən 24 oktyabr 2019-cu il tarixədək, yəni on
gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında
qayıtmamasına görə CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək məhkum
olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir,
onun07 sentyabr 2019-cu il tarixdən 11 sentyabr 2019-cu il tarixədək ezamiyyətdən hərbi
hissəyə üzrlü səbəblər olmadan qayıtmaması və 19 sentyabr 2019-cu il tarixdən 27
sentyabr 2019-cü il tarixədək hərbi hissəni özbaşına buraxıb getməsi, yəni bir il ərzində
təkrarən on gündən az, lakin üç gündən çox olan müddətdə hərbi hissəni özbaşına tərk
etməsi epizodları “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunun ilə CM-nin 333-
cü maddəsində edilmiş dəyişikliyə müvafiq olaraq hökmdən xaric edilmiş və həmin
əməllərin törədilməsinə görə ittiham üzrə cinayət təqibinə xitam verilmişdir.

Kassasiya protestinin məzmununa görə, ümumiyyətlə iş üzrə sübutların tam və

hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum CM-nin 333.3 və
333.4-cü maddəsində nəzərdə tutulmuş cinyətləri törətməkdə təqsirinin sübuta yetirilməsi
və onun əməlinin hüquqi tövsifi kimi məsələlər kassasiya protestinin müəllifi tərəfindən
mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə
ehtiyac görmür. Kassasiya protestində məhkumun barəsində əsassız olaraq şərti məhkum
etmənin tətbiq edilməsi və ona hökmlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi
zamanı cinayət qanunu normalarının tələblərinin pozulması barədə dəlillər irəli sürülür.

Kassasiya protestinin ikinci hissəsi ilə bağlı məhkəmə kollegiyası həm protestin

dəlillərinə uyğun olaraq, həm də bu protestin dəlillərindən asılı olmayaraq məhkəmələr
tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilib-edilməməsi məsələsini
yoxlayaraq yenə də qeyd etməyi lazım bilir ki, Məhkum son nəticədə (apellyasiya
instansiyası məhkəməsinin 20 avqust 2020-ci i tarixli qərarına əsasən) Müdafiə Nazirliyinin
N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir
hərbi rütbəsində xidmətdə olarkən 03 iyul 2019-cu il tarixdə saat 08.00-dan 10 avqust
2019-cu il tarixdə saat 08.00-dək, yəni bir aydan artıq, lakin üç aydan çox olmayan
müddətdə hərbi hissəni özbaşına tərk etməsinə və ezamiyyətdən 01 oktyabr 2019-cu il
tarixdə saat 13:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan həmin
tarixdən 24 oktyabr 2019-cu il tarixədək, yəni on gündən artıq, lakin bir aydan çox olmayan
müddətdə xidmət yerinə vaxtında qayıtmamasına görə CM-nin 333.3 və 333.4-cü
maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur.

Bu nəticənin Məhkum barəsindəki Bakı Hərbi Məhkəməsinin 25 oktyabr 2019-cu il

tarixli hökmü ilə müəyyən edilmiş hallarla birgə təhlil edərək məhkəmə kollegiyası əvvəla
vurğulayır ki, həmin hökmlə (hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti
verilmədiyindən bu yekun qərar qanunda nəzərdə tutulmuş iyirmi gün keçdikdən sonra
qüvvəyə minmiş və icraya yönəldilmişdir) Məhkum 03 iyun 2019-cu il tarixdən 07 iyun
2019-cu il tarixədək və 08 iyun 2019-cu il tarixdən 11 iyun 2019-cu il tarixədək, yəni bir il
ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan müddətdə (bu əməllər
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanuna əsasən cinayət hesab
edilmir) və 17 iyun 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək, yəni on gündən artıq,
lakin bir aydan artıq olmayan müddətdə hərbi hissəsini özbaşına buraxıb getdiyinə görə
CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur.

Göründüyü kimi, Məhkum barəsində 25 oktyabr 2019-cu il tarixli hökm çıxarıldıqdan

sonra onun həmin hökm çıxarılana qədər başqa, 12 fevral 2020-ci il tarixli hökmlə təqsirli
bilindiyi cinayət əməllərini törətməsi müəyyən edilmiş və burada artıq məhkuma qəti
cəzanın hökmlərin məcmusu üzrə deyil, CM-nin 66.5-ci maddəsinin tələblərinə müvafiq
olaraq cinayətlərin məcmusu üzrə təyin edilməsi əsası yaranmışdır.

Belə ki, CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan

sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də
təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (CM-nin 66.1-66.4-cü
maddələrində nəzərdə tutulmuş qaydalarda) cəza təyin edilir. Bu halda birinci hökmə
əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

CM-nin 66.1-ci maddəsində isə təsbit edilmişdir ki, cinayətlərin məcmusu üzrə

məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi
cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən
toplamaq yolu ilə qəti cəza təyin edir.

CM-nin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə

törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə
etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti
cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin
olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-
ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya
qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan
məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə
görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu
Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən
artıq ola bilməz.

CM-nin 66.3-cü maddəsinin tələblərindən görünür ki, cinayətlərin məcmusuna ağır

və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə
növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil
olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya
iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı
daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

CM-nin 66.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin

edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin
cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya
qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza
növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola
bilməz.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə

dair” 22 fevral 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir:

“Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinə əsasən

heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

Bu hüquq əməlin törədildiyi zaman qanunda cinayət kimi nəzərdə tutulmasının

imperativliyi ilə yanaşı, həmin cinayətin törədilməsinə görə cəzanın və onun təyin edilməsi
qaydalarının da qanuna müvafiq olması tələbini ehtiva edir. Analoji hüquq “Vətəndaş və
siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində və “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 7-ci
maddəsində də öz əksini tapmışdır.

Qeyd edilən müddəa ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki,

cinayət hüququ daxil olmaqla istənilən hüquqi sistemdə, hüquq normasının nə qədər aydın
ifadə edilməsindən asılı olmayaraq, məhkəmə təfsirinin qaçılmaz elementi vardır. Şübhə
doğuran məsələlərin aydınlaşdırılması və dəyişən hallara adaptasiya üçün daim zərurət
olacaq. Əslində, məhkəmə hüquqyaradıcılığı vasitəsilə cinayət hüququnun proqressiv

inkişafı Konvensiyaya Tərəf Dövlətlərdə hüquqi ənənənin artıq möhkəmlənmiş və zəruri
hissəsidir. İrəli gələn nəticənin hüquq pozuntusunun mahiyyətinə uyğun gəlməsi və
ağlabatan şəkildə gözlənilən olması şərtilə, Konvensiyanın 7-ci maddəsi baxımından işdən
işə məhkəmə təfsiri vasitəsilə cinayət məsuliyyəti qaydalarının ardıcıl aydınlaşdırılması
mümkündür (Moiseyev Rusiyaya qarşı, 09 oktyabr 2008-ci il, 62936/00, § 234).

Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyindən belə məlum olur ki,

qanunun aydın olması yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə
təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Həm Konstitusiyadan, həm də
Konvensiyadan irəli gələn hər kəsin qanunsuz cəzalandırılmamaq hüququnun müstəsna
əhəmiyyəti isə bu sahəyə aid cinayət-hüquqi qaydaların təfsirindən xüsusi dəqiqliyi və
aydınlığı tələb edir.

Bu baxımdan qeyd edilməlidir ki, CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin

müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin
cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla
müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu
cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə,
cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq
cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az
ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları
tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən CM-nin Məcəlləsinin 18.1-ci

maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki
iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa
kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu
üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, CM-nin 67.1-ci maddəsi nəzərdə
tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin
edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və
ya qismən birləşdirir.

Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin

məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu
üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni
cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında
cəzanın

təyin

edilməsində

fərqləndirməni

cinayətlərin

törədilməsi

zamanı

ilə

əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan
məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni
qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin,
yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir.

Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı
Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair”
25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,
“...məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs
barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.”

Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr
2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində
“məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq
təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü
maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin
əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin
edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.”

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə

gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən

təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, CM-nin 66.5-ci maddəsində birinci iş üzrə qanuni
qüvvəyə minmiş hökm nəzərdə tutulur.”
,

Hazırki işin hallarından göründüyü kimi, Məhkum ona elan olunmuş ittiham üzrə

CM-nin 333.3 və 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci il tarixli
müəyyən edilərkən Bakı Hərbi Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü qanuni
qüvvəyə minmiş, buna görə Məhkum həmin hökmə əsasən məhkum statusunda olmuş və
bu hala görə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi
mövqeyinə görə onun barəsində yekun məhkəmə aktları qəbul edilərkən CM-nin 66.5-ci
maddəsinin tələblərinə uyğun olaraq ona məhz cinayətlərin məcmusu üzrə qəti cəzanın
təyin edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Bu baxımdan məhkəmə kollegiyası Məhkum hökmlərin məcmusu üzrə qəti cəzanın

təyin edilməsini qanunsuz hesab edir və istər hökmlərin məcmusu üzrə cəzaların təyin
edilməsi, istərsə də bu vaxt cəzaların toplanılması qaydalarına əməl edilməməsi
məsələlərinin müzakirə etmək ehtiyac görmür və qeyd edir ki, Məhkum onun barəsində
Bakı Hərbi Məhkəməsi tərəfindən 25 oktyabr 2019-cu il tarixdə hökm çıxarıldıqdan sonra
heç bir cinayət əməli törətmədiyinə görə bunun üçün qanuni əsaslar da olmamışdır. Çünki,
CM-nin 67.1-ci və digər madələrinin (məsələn, CM-nin 71.4 və 71.5-ci maddələri) tələbinə
və mənasına görə, şəxsə hökmlərin məcmusu üzrə qəti cəza o halda təyin edilir ki, həmin
şəxsin onun barəsində hər hansı cinayətin və ya cinayətlərin törədilməsinə görə təqsirli
biliniməsi haqqında hökm çıxarıldıqdan sonra onun başqa cinayət (cinayətlər) törətməsi də
müəyyən edilmiş olsun.

Məhkəmə kollegiyasının hazırki iş üzrə Məhkum qəti cəzanın təyin edilməsi

məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin
"Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında
əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir.

Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilir ki, birinci hökm

çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin
edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə
tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən
hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır.

Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm

çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və
əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin
120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti
cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti
cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan
məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.

Qərarın 17-ci bəndinə görə, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci

hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi
müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək
törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən
qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə
cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin
tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.

Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin

iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam
etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci
hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir.

CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə

müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında
həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.

Bütün şərh olunanlardan çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki,

Məhkum CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə
baxan Bakı Hərbi Məhkəməsi və onunla cəza təyini hissəsində razılaşan Sumqayıt
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxsə qəti cəzanı CM-nin
66.5-ci maddəsinin tələblərinə uyğun olaraq (CM-nin 66.2 və ya 66.3-cü maddələrində
nəzərdə tutulmuş qaydada) cinayətlərin məcmusu üzrə deyil, hökmlərin məcmusu üzrə
təyin etməklə cinayət qanunu normalarının pozuntularına yol vermiş, digər tərəfdən isə
hətta bu məsələni hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydalarını müəyyən
edən CM-nin 67.1-ci maddəsinə əsaslanmaqla həll etsələr də, iki hökm üzrə təyin edilmiş
cəzaların toplanması və cəza müddətlərinin hesablanması qaydalarına (CM-nin 68-ci
maddəsində nəzərdə tutulmuş) əməl etməmiş, ayrı-ayrı hökmlərlə təyin olunmuş cəzaların
icra olunması haqqında məhkəmələrin gəldikləri nəticə isə tamamilə qanunsuz və həm də
CM-nin 68.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.

Belə ki, CM-nin 68.2-ci maddəsində təsbit edilmişdir ki, müəyyən vəzifə tutma və ya

müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə
etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam
xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın
məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra
olunur.

İş materiallarından isə görünür ki, Məhkum istər birinci, istərsə də ikinci hökmlə CM-

nin 68.2-ci maddəsində sadalanan hər hansı əlavə cəza və cərimə cəzası təyin
olunmamış, ona təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma və qəti olaraq tətbiq
edilmiş azadlıqdan məhrum etmə cəzasının müstəqil icra edilməsi üçün qanuni əsaslar
olmamışdır.

Buna görə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə kassasiya

protestinin dəlilləri ilə razılaşaraq həmin protestin ümumilikdə təmin edilməsini, Məhkum
qəti cəzanın təyin edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə onun
barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci
il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini
mümkün bilir və onun haqqında CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin
tətbiq edilməsinin qanuni və əsaslı olub-olmamasının hazırki mərhələdə müzakirə edilərək
bununla bağlı hər hansı nəticəyə gəlmək üçün əsaslar görmür.

Bununla belə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinə yeni

apellyasiya baxışı zamanı Məhkum barəsində qəti cəza tədbirinin seçilməsi zamanı
nəzərə alınmalıdır ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və
cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu
normalarının aşağıdakı tələblərindən irəli gəlir.

Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq

edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü

ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab
edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən
məhrumiyyətlər

yaradılmasından

ya

onun

hüquq

azadlıqlarının

məhdudlaşdırılmasından ibarətdir.

CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası,

məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə,

bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş

cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən
cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı

yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar
isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur.

Eyni zamanda o da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza

təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da
cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin
təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı
ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər

məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən
və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki,
məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və
ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası
olmayan mülahizə xarakteri daşımamalıdır.

CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o

cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv
yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə
müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi
müəyyənləşdirilir.

CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,

mötəbərliyi üzrə qiymətləndirilməlidir.

CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı

hesab edilir:

- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara

əsaslandıqda;

- bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
- məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş

sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət
edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər
şəkildə təsir edə biləcək sübutlar da başa düşülür.

Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi,

cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və
sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün
əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət
işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə
belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi
hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə
əsaslandırsın.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət
qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi
məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin
edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə
cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin
xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı

yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı

yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq
cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır.

Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh
edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart
2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki,
cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət
edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl
törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir.

Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi

haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il
tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin
edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs
edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə
edilmişdir.

Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət

prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq
edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə
şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin
xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci
maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai
təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata
keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı,
iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi

məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti
vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.

CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada

nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə
cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi
haqqında qərar qəbul edə bilər.

CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti

məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik
dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları
nəzərə alsın.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı
Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin
təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir.

Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-

olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;
2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;
3.məhkumun şəxsiyyəti;
4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar.
Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs

barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar
ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq
hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün
olsun.

Beləliklə, cinayət qanunun normalarının düzgün tətbiq edilməməsi barədə

kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin protestin təmin edilməsi haqda dövlət
ittihamçsısı H.B.İmranovun çıxışını dinləyən məhkəmə kollegiyası hesab edir ki, kassasiya
protesti təmin edilməklə Məhkum CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək
məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 20 avqust 2020-ci il tarixli qərarı ləğv olunmalı və cinayət işinə apellyasiya
qaydasında həmin məhkəmədə yenidən baxılması təyin edilməlidir.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya protesti təmin edilsin.
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü

maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və
cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.