1-1[102]-63/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1-1(102)-63/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim

Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan
Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə,

Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli

ilkin baxış qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu
tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq

MÜƏYYƏN ETDİ:

Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev) 1(098)-179/2020 nömrəli, 28

sentyabr 2020-ci il tarixli qərarı ilə

29 may 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş,
Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,
subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında
qeydiyyatda olan, N nömrəli hərbi hissənin əsgəri
Məhkum

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 232.2.3-cü maddəsi
ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxsin xidmət etdiyi
hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer
müəyyən olunmadığından dayandırılmışdır.

İşin halları:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum

təqsirləndirilmişdir ona görə ki, o, N nömrəli hərbi hissəsinin Tərtər Rayonunun Cəmilli
kəndi ərazisində dislokasiya olunmuş tank əleyhinə bölüyünün 2-ci tank əleyhinə tağımının
tank əleyhinə idarə olunan raketlər manqasının 2-ci tank əleyhinə idarə olunan raketinin

baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 14 fevral 2020-ci il
tarixdə saat 19:00-da hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən silah-sursat və
əşya anbarlarının mühafizəsinə cəlb edilmiş qarovul heyətinin tərkibində sutkalıq qarovul
xidmətinə təyin olunmuş, 15 fevral 2020-ci il tarixdə saat 11:15 radələrində qarovul evində
saatdar kimi ayıq növbədə olan zaman əvvəllər aralarında yaranmış mübahisə
səbəbindən ədavətdə olduğu həmin manqanın 4-cü tank əleyhinə idarə olunan raketinin
baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X4 müddətdən artıq həqiqi
hərbi xidmətə qəbul olunmaq istəyini bildiyindən xidmətində problem yaratmaqla buna
mane olmaq məqsədilə mühafizəsi ona tapşırılmış qarovul evindəki silah və sursat
saxlanılan yerdən N nömrəli hərbi hissəyə məxsus olmaqla, E.Ş.Məmmədova təhkim
edilmiş AKMS markalı, TF 5793 №-li avtomat silahı götürüb sökərək, odlu silahın
funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilən və dəyəri 55 (əlli beş) manat
olan eyni nömrəli çaxmağı çıxarıb, öz qulluq mövqeyindən istifadə edərək oğurlamaqla
talamış və təxminən 15 dəqiqə müddətində əynində olan şalvarın sağ yan cibində
gizlətdikdən sonra saat 11:30 radələrində qarovul evindəki tualetin yanına gedib çaxmağı
oradakı çöllük əraziyə atmışdır. Saat 12:55 radələrində əsgər E.Ş.Məmmədov saatdar kimi
posta çıxmağa hazırlaşarkən silah piramidasından xidməti istifadəsində olan qeyd olunan
avtomat silahı götürüb yoxladıqda silahın çaxmağının yerində olmadığını aşkar edib bu
barədə məruzə etdikdən sonra axtarışlara başlanılmış, lakin axtarışlar nəticə verməmişdir.
Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini, mayor X2 qarovul xidmətinə
cəlb olunan hərbi qulluqçularla apardığı söhbətdən sonra əsgər Məhkum törətdiyi əməli
etiraf etmiş və taladığı çaxmağı 16 fevral 2020-ci il tarixdə saat 01 radələrində könüllü
olaraq qarovul evindəki tualetin yaxınlığında olan ərazidən götürüb B.G.Qələmiyevə təhvil
vermişdir.

Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən

şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə
əlaqədar onun olduğu yer müəyyən olunmadığından dayandırılmışdır.

Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti vermişdir.
Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi

hakim Elçin Xasməmmədov, hakimlər Ədil Məmmədov və Nuru Quluyevdən ibarət
tərkibdə) 1-1(104)-53/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum
Azərbaycan Respublikası CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət
işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci
il tarixli qərarı ləğv edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan təqsirləndirilən

şəxsin müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini,
Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum CM-in 232.2.3-cü
maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi icraat təzələnərək məhkəmə baxışına təyin
edildiyindən dövlət ittihamçısının protesti, protestdə qeyd edilən qərar artıq qüvvədə
olmadığından təmin edilməyərək, geri qaytarılması və cinayət işinin materiallarının
mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə
qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri:

Kassasiya şikayətinin dəlillərini təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi

İnqilab oğlu onunla əsaslandırır ki, apellyasiya məhkəməsi protesti təmin etməklə səhv
nəticəyə gəlmişdir.

Belə ki, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 84.6, 84.7 və 314.1-ci

maddələrinin tələblərinin pozulmasını irad tutan apellyasiya məhkəməsinin işə baxan
kollegiyası nəzərə almamışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il
tarixli qərarı ilə ləğv etdiyi Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı
artıq həmin tarixə qədər, yəni Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə

ləğv edilmişdir və işə apellyasiya məhkəməsi tərəfindən baxılarkən həmin qərarın heç bir
hüquqi qüvvəsi olmamışdır və apellyasiya məhkəməsi ləğv edilmiş qərarı təkrarən ləğv
etməklə hüquq elmi sahəsinə «yenilik» gətirmiş olmuşdur.

Hətta nəzəri baxımdan, apellyasiya məhkəməsi Tərtər Hərbi Məhkəməsinin 28

sentyabr 2020-ci il tarixli qərarını ləğv etməli olsaydı belə, bu halda həmin qərarın ləğv
edilməsi ilə bağlı həmin vaxt qüvvədə olan Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il
tarixli qərarı ləğv edilməli idi.

Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Tərtər Hərbi Məhkəməsinin 28

sentyabr 2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxarkən, artıq 12 mart
2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və dövlət ittihamçısının etirazına səbəb
olmuş hal aradan qaldırılmışdır.

Gəncə Apellyasiya Məhkəməsində eyni xarakterli müxtəlif cinayət işləri üzrə fərqli

qərarlar qəbul edilmiş və müdafiə tərəfi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya
protestinin təmin edilməməsi və cinayət işləri üzrə icraatın təzələnərək məhkəmə baxışı
təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni
artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi
əhəmiyyətini itirdiyindən, nəticədə apellyasiya baxışı predmetsiz qaldığından protestin
təmin edilməsi üçün əsaslar mövcud olmaması ilə bağlı mövqeyi ilə razılaşaraq belə
mövqeyi daha qanunauyğun və ədalətli hesab edir.

Belə protestlərə baxarkən məhkəmə öncə nəzərə almalı idi ki, bu protestlər formal

xarakterlidir və məhkəmə baxışının əsassız uzadılmasına gətirib çıxardır. Birinci instansiya
məhkəməsinin qəbul etdiyi qərar Vətən Müharibəsi zamanı zərurətdən qəbul edilməsinə
baxmayaraq, belə protestlər həm dövlətin, həmdə ordunun maraqlarına ziddir. Belə ki, bu
protestə baxaraq, döyüş tapşırığını yetirən hərbi qulluqçu ən azından xüsusi nəqliyyat
ayrılaraq, Gəncə Apellyasiya Məhkəməsinə gətirilməlidir və nəticə etibarı ilə bu hal orduda
döyüş hazırlığına mənfi təsir göstərilməsini istisna etmir.

Kassator hesab edir ki, Məhkum CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə

dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə
icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın
dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə
apellyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud
deyil.

Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini

araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda
göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun
normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində
məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən,
bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara
hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə
birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən
hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və
cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi
yoxlanılır.

Kassasiya şikayətinin başlıca dəlili məhkəmə baxışı zamanı icraatın dayandırılması

haqqında qərarın ləğv olunmasının Azərbaycan Respublikası cinayət prosessual
qanununun normalarının tələblərinin kobud şəkildə pozulması olmuşdur.

Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razlaşmayaraq, həm birinci,

həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab
edərək aşağıdakıları qeyd edir.

İş materiallarından göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il

tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş
əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından
cinayət işi üzrə icraatı 28 sentyabr 2020-ci il tarixdə dayandırmış və həmin qərardan dövlət
ittihamçısı tərəfindən 13 noyabr 2020-ci il tarixdə apellyasiya protesti verilmişdir.

Qeyd olunmalıdır ki, apellyasiya protesti müddət ötürülməklə verildiyindən müddətin

bərpa edilməsi məsələsinə baxılmış və müddətin bərpasına dair vəsatət Tərtər Hərbi
Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bununla yanaşı dövlət ittihamçısı bu qərardan
apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23
fevral 2021-ci il tarixi qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli
qərarı ləğv edilmişdir.

Apellyasiya protesti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin cinayət

kollegiyası 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 28
sentyabr 2021-ci il tarixli icraatın dayandırılması barədə qərar ləğv edilmişdir.

Məhkəmə kollegiyası qeyd edir ki, icraatın dayandırılmasında da və ya həmin qərarın

ləğv olunmasında qanun pozuntusu olmamışdır.

Belə ki, icraatın dayandırılması zamanı birinci instansiya məhkəməsi Azərbaycan

Respublikası CPM-in 53.1.2-ci maddəsini əsas götürmüşdür. Bilindiyi kimi 27 sentyabr
2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı
tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamış
və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları
keçirmişdir. Həmin əməliyyatlarda iştirak etmiş hərbi hissələrin yerləşdiyi yer dövlət sirrini
təşkil etdiyi üçün əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq hesab
edilməmişdir.

Lakin kollegiya qeyd edir ki, işə Tərtər Hərbi Məhkəməsində baxılarkən ittiham tərəfi

hesab edilən dövlət ittihamçısı məhkəmə iclasında iştirak etməmiş və bu barədə onun fikri
soruşulmamışdır.

Həmçinin göründüyü kimi, apellyasiya protesti müddəti ötürülməklə verilmiş, lakin

müddət bərpa olunaraq iş apellyasiya instansiyasına qaytarılmışdır. Apellyasiya
instansiyası məhkəməsi isə ədalətli çəkişmə prinsipi əsas tutaraq Tərtər Hərbi
Məhkəməsinin qərarını ləğv etməkdə haqlı olmuşdur.

Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin

Məhkum haqqındakı apellyasiya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən
edilən hallardan heç biri müəyyən edilməmişdir.

Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini tədqiq edərək həmin

dəlilləri qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya
şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının
Məhkum barəsində olan cinayət işi üzrə 26 aprel 2021-ci il tarixli qərarının kassasiya
şikayətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir qanuni əsaslar
yoxdur.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət

kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci
maddəsini rəhbər tutaraq,

QƏRARA ALİR:

Məhkum

Azərbaycan

Respublikası

CM-in

232.2.3-cü

maddəsi

ilə

təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət
kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə
dəyişdirilmədən saxlanılsın.

Kassasiya şikayəti təmin edilməsin.