2[102]-1066/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1066/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                    Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
           
                                                  Q Ə R A R İ           
 
15 fevral 2019-cu il                İŞ№2(102) 1066                          Bakı şəhəri 
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev
Vəfaddin Ələm  oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2,  İddiaçınun iştirakı  ilə,

İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş zərərin

ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr
2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq
məhkəmə iclasında baxaraq
 
                                            MÜƏYYƏN   ETDİ:
 

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2018-cı il tarixli qətnaməsi ilə

(hakim M.Qarayeva) İddiaçı nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş
zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 maddi zərərə
görə 1000 (min) manat pulun və mənəvi zərərə görə 1000 (min) manat pulun, ödənilmiş
dövlət rüsumuna görə 30 manat pulun, cəmi 2030 (iki min otuz) manat pul tutularaq İddiaçı
na ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr  2018-ci il tarixli qətnaməsi  ilə

(sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov) Sabunçu Rayon
Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
 
                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
 

İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu ərazisində
yaşadığı qəsəbədə qaz xəttinin çəkilişi həyata keçirilərkən onunla eyni qəsəbədə yaşayan
Cavabdeh1lə birlikdə iş icraçısı olan X1 adlı şəxə yaxınlaşmış və işləmək istədiklərini
bildirmişlər. X1 adlı şəxs onları əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb
etmişdir. 27 fevral 2017-ci ildə dəmir boruları yerə basdırmaqla məşğul olarkən cavabdeh
X2 ağır çəkiclə iddiaçı X3un əlinə vurmuş, nəticədə iddiaçı az ağır xəsarət almışdır.
Cəbrayıl rayon məhkəməsinin 21.09.2017-ci il tarxli hökmü ilə X2 CM-in 131.1-ci maddəsi
ilə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Hadisə baş
verən ərazidə qaz çəkilişinin Cavabdeh2 tərəfindən aparıldığı müəyyən olunsa da,
məhkəmələr həmin cavabdehə qarşı tələblərini təmin etməmişlər. Halbuki həm iddiaçı,

həm də digər cavabdeh X2i əmək müqaviləsi bağlamadan işlərə cəlb edən məhz
sözügedən Cavabdeh2-dir. Ona görə də hesab edir ki, məhkəmələr həmin cavabdehə
qarşı iddianı rədd etməkdə haqlı olmamışlar. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin
MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq
üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir.
 
                                                           Hüquqi məsələlər:
 

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi

tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının
xeyrinə müştərək qaydada 200.000 manat məbləğində maddi zərərin əvəzinin tutulması
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən

iddiaçının xeyrinə müştərək qaydada 200.000 manat məbləğində maddi zərərin və 50.000
manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş
etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin
qətnaməsi Cavabdeh2-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin
hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan
hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X3 və cavabdeh X2 Biləsuvar

rayonu ərazisində 2 saylı qəsəbədə qaz xəttinin çəkilişində hər hansı əmək müqaviləsi
bağlamadan fəhlə qismində işləmişlər. 27 fevral 2017-ci ildə dəmir boruları yerə
basdırmaqla məşğul olarkən cavabdeh X2 ağır çəkiclə iddiaçı X3un əlinə vurmuş,
nəticədə iddiaçı az ağır xəsarət almışdır. İddiaçı əmək qabiliyyətini 1/3-dən az olmaqla
əhəmiyyətli dərəcədə daimi itirmişdir. Cəbrayıl rayon məhkəməsinin 21.09.2017-ci il tarxli
hökmü ilə X2 CM-in 131.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə islah işləri
cəzasına məhkum olunmuşdur.

Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X3

müalicəsi üçün çəkdiyi xərclərin 200.000 mnat təşkil etməsinə dair sübut təqdim edə
bilməmişdir; məhkəmə 1.000 manat məbləğində kompensasiyanın tutulmasını iddiaçının
aldığı bədən xəsarətinin müalicəsinə mütənasib hesab etmişdir. Digər Cavabdeh2 ilə
iddiaçı X3 və cavabdeh X2 arasında əmək və ya mülki hüquqi müqavilənin olması
müəyyən edilmir; eyni zamanda, hadisənin baş verdiyi ərazidə tikinti işlərinin Cavabdeh2
tərəfindən aparıldığına dair işdə hər hansı sübut yoxdur.

Məhkəmə

kollegiyası,aşağıda

göstərilən

əsaslara

görə

cavabdehlərdən

Cavabdeh2-yə qarşı tələbin rədd olunması hissəsində apellyasiya məhkəməsinin gəldiyi
nəticəni qanuni və əsaslı saymır.

Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair

göstərişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 60-cı fəsli ilə
tənzimlənir.

Belə ki, MM-in 1117-ci maddəsinə görə, müqavilə öhdəliklərinin icrası zamanı,

habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı
fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya
müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu
fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

MM-in 1118.1-ci maddəsinə görə, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun

sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola
biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi
xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına,
protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat

vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir,
bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları
pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

MM-in 1118.2-ci maddəsinə görə, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən

zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar
təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də
zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür
ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb
olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı
pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına
daxil edilmir.

Göründüyü kimi, mülki qanunvericilik sağlamlığa vurulmuş zərər dedikdə yalnız

zərərçəkənin sağlamlığının bərpasına çəkdiyi xərcləri deyil, həm də itirilmiş qazancı da
nəzərdə tutur. Həmin itirilmiş qazancın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsinə
dair göstərişlər isə MM-in 1119 və 1124-cü maddələrinə öz əksini tapmışdır. Lakin işə
baxan apellyasiya məhkəməsi vurulmuş zərər dedikdə, yalnız müalicə xərclərini nəzərdə
tutmuş, işdə sübut olmadığından, ancaq iddiaçıya zərər vurulma faktı mübahisəsiz
olduğundan 1.000 manat kompensasiya tutmaqla kifayətlənmişdir. Bu səbəbdən də işə
apellyasiya qaydasında təkrar baxılarkən MM-in 60-cı fəslinin müddəaları nəzərə alınmalı,
hər bir maddi zərər növü (müalicə xərcləri, itirilmiş qazanc) üzrə zərərin miqdarı
müəyyənləşdirilməlidir.

Hazırkı iş üzrə iddiaçı X3un sağlamlığına zərər vurulması faktının qaz xəttinin

çəkilişi (dayaqların basdırılması) zamanı baş verdiyi şübhəsizdir. İddiaçı X3 və cavabdeh
X2in həmin qaz xəttinin çəkilişində fəhlə qismində işlədildikləri də mübahisə doğurmur. Bu
faktlar apellyasiya məhkəməsi tərəfindən müəyyən edilsə də, həmin ərazidə qaz xəttinin
hansı hüquqi və ya fiziki şəxs tərəfindən çəkilməsi (sifarişçi və podratçının hansı şəxslər
olması) aydınlaşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir Azərbaycan Respublikası Mülki prosessual məcəllənin (bundan sonra - MPM)
14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və
obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə
onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək
hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata
keçməsinə kömək göstərir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu hal, MM-in 1099-cu maddəsinin tətbiqi

baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, MM-in 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin

törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb)
vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

MM-in 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan

qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki
hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və
ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında
fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Göründüyü kimi, hadisənin baş verdiyi ərazidə qaz xəttinin çəkilişi ilə bağlı işlərin

Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilərsə, onda Cavabdeh2-nin MM-in 1099-
cu maddəsinə uyğun məsuliyyəti əmələ gələ bilər.

Çünki bu halda, Cavabdeh2 digər cavabdeh X2ə münasibətdə MM-in 1099.2-ci

maddəsi mənasında işəgötürən kimi çıxış etdiyindən və X2in vurduğu zərərə görə İddiaçı
qarşısında təqsirsiz məsuliyyəti yaranacaqdır. Belə ki, 1099.2-ci maddə işəgötürənin
işçisinin vurduğu zərərə görə məsuliyyətini müəyyənləşdirir və bu, MM-in 1097.1-ci (“...
Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”)
və 1097.3-cü (“Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd
əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.”) maddələrinə uyğundur.

            Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin
qətnaməsi Cavabdeh2-yə aid hissədə qanuni və əsaslı olmamaqla maddi və prosessual
hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
            Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Bununla yanaşı işin halları ilə müəyyən olunur ki, iddiaçı verdiyi kassasiya şikayətində
qətnamənin ümumilikdə ləğvini tələb etsə də cavabdehlərdən Cavabdeh1 aid hissədə
qətnamənin ləğv olunmasına əsas verən dəlillər göstərməmiş, irəli sürdüyü dəlillərdə
iddianın Cavabdeh2-yə aid hissədə qanunsuz və əsassız olduğunu göstərmişdir.

Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti

qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2-yə
aid iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya
baxışına qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
           Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini
rəhbər tutaraq məhkəmə kollegiyası
 
                                             Q Ə R A R A  A L D İ :
 

İddiaçı nun kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi

Cavabdeh2-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilsin.

İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın.
Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.