2[102]-5061/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5061/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması

tələbinə dair iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş

min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab

edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli,

2(102)-1238/2022 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya
şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”

tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT
ASC-nin xeyrinə 18 mart 2015-ci il tarixli, PB/0xx/xx/416932 saylı kredit müqaviləsinə
əsasən 2585 ABŞ dolları əsas borc, 4877,45 ABŞ dolları hesablanmış faiz, 5145,09 ABŞ
dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 12607,54 ABŞ dolları kredit borcunun və 30
manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-116/2022 saylı

qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2585 ABŞ dolları əsas,
1478,33 ABŞ dolları faiz, 45,09 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 4108,42 ABŞ dolları
məbləğində pulun qətnamə icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə
müvafiq miqdarda və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi
qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv

edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli,

2(104)-1283/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş,
Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(021)-116/2022 saylı qətnaməsi
ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 4394,50 manat
kredit borcunun tutulması qət edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri
5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin kredit

müqaviləsi üzrə borcun miqdarının müəyyən edilməsi hissəsində ləğv edilərək işin həmin
hissədə yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən

hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə
isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr
istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının
qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud  hüququ olmayan və ya vəzifəsi

göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ
olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası
məhkəməsi tərəfindən qaytarılır.

8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
9. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu

Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu
Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti
ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və
apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə

apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-
ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

12. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə

qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min
manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya
məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil

olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət
verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti
verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya
şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla
nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin
qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli,
göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması
barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl

etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iş əmlak xarakterli iddia
olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti
beş min manatdan azdır. 
Bu halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti
verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində kassasiya şikayəti verilməsi istisna
olunan qətnamələrə aid olub-olmamasını araşdırmalı idi.

15. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o

cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min
manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya
şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri
qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri
qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(104)-

1283/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya

Məhkəməsinə göndərilsin.

Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.