2[102]-5386/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5386/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı İddiaçı

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: borc pulun ödənilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X4 oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə,

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(104)-

557/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 1(001)-02/2018

saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və
178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək,
cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilmişdir.

2. Həmin cinayət işində Cavabdeh1 qarşı irəli sürülmüş ittihamlardan biri ondan

ibarət olmuşdur ki, Cavabdeh1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını
ələ keçirmə məqsədi ilə Cavabdeh2 və X1 vasitəsi ilə İddiaçı etibarından sui-istifadə edib
kürəkəni X2 Azərbaycan Respublikası FHN-nin xüsusi Riskli Xilasetmə Xidmətinə işə
düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2012-ci
ilin may ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən “Lalə” kafesinin yaxınlığında 3.000
manat, işə qəbulla əlaqədar tibbi komissiyadan keçməsi üçün 2012-ci ilin iyul ayının
sonlarında

Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 123 ünvanında yerləşən

Fövqəladə Hallar Nazirliyi sisteminin Tibb Xidməti Mərkəzi Diaqnostik Poliklinikasının
inzibati binasının yaxınlığında 500 manat, işə qəbulla əlaqədar 2012-ci ilin iyul ayının
ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 83
ünvanında yerləşən “Lalə” kafesinin yaxınlığında 1.500 manat və işə qəbulla əlaqədar
2012-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon,
A.Məmmədov küçəsi, 83 ünvanda yerləşən “Lalə” kafesinin yaxınlığında 1.500 manat
pulunu alaraq İddiaçı cəmi 6.500 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla
dələduzluq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək,  Cavabdeh1 və Cavabdeh2 nağd şəkildə verdiyi 6.500 manat
məbləğində pulun, 1.950 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8.450
manat məbləğində pul vəsaitinin geri qaytarılaraq ona ödənilməsi və dövlət rüsumu kimi
ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1

onun etibarından sui-istifadə edərək, Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli
Xilasetmə xidmətinə işə düzəldəcəklərinə vəd verib onu aldadaraq 2012-ci ilin may ayının
əvvəllərində ondan Bakı şəhəri Binəqədi rayonunda Bakı Beynəlxalq Avtovağzalında
yerləşən çayxanada 6.000 manat, işə qəbulla əlaqədar tibbi komisiyadan keçməsi üçün
2012-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 123
ünvanında yerləşən FHN-İ sisteminin Tibbi Xidmət Mərkəzi Diaqnostika Poliklinikasının
inzibati binasının yaxınlığında isə ondan 500 manat almışlar. O, həmin pulu vemiş, lakin
cavabdehlər onun telefon zənglərinə cavab verməyərək qaçıb gizlənmiş və onun verdiyi
pulları qaytarmaqdan imtina etmişlər. Ona görə də, ərizə ilə Bakı şəhəri Binəqədi rayon
Polis İdarəsinə müraciət etmiş, onun ərizəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində
araşdırılmış, Cavabdeh1 barəsində cinayət işi qaldırılmış və Cavabdeh1 Bakı Şəhəri
Binəqədi Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Lakin
ona pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazda bildirmişdir ki,

iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir, ona qarşı atılan şər-böhtandır. Heç
vaxt heç kimdən pul almamışdır. X3 və Cavabdeh2 vətəndaşlardan aldığı pulları özlərinə
qaytarmamışdır.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2019-ci il tarixli, 2(044)-

338/2019 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi qismən təmin edilərək,
Cavabdeh1 6.500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı
verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə Cavabdeh1 münasibətdə gəldiyi nəticəni Bakı Şəhəri Binəqədi Rayon

Məhkəməsinin

06.02.2018-ci

il

tarixli,

1(001)-02/2018

saylı

hökmünə

istinadla

əsaslandırmış və qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən
mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 əməlində İddiaçı istinad etdiyi

hallar olmadığından Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilə bilməz. Bakı Şəhəri
Binəqədi Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 1(001)-02/2018 saylı hökmü ilə
müəyyən olunmuşdur ki, İddiaçı pulu Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş və
Cavabdeh1 tərəfindən 6500 manat pul mənimsənilmişdir.

9. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinin rədd edilməsini onunla

əsaslandırmışdır ki, iddiaçı tələbin bu hissəsi ilə bağlı sübutları məhkəməyə təqdim
etmədiyindən həmin hissədə iddia təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,

157.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh

Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək,

qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli,

2(104)-557/2021 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və
məruzəçi), A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən
təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən
hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən
təmin edilmiş, Cavabdeh1 6.500 (altı min beş yüz) manat pul və ödənilmiş 30 manat
dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya

məhkəməsi İddiaçı pul tələbinə dair iddiasının qismən təmin edilməsi nəticəsinə gələrkən,
mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş və cavabdehin
tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə əldə etdiyi pul vəsaitinin
qaytarılmalı olmasının maddi əsası kimi səhv olaraq Azərbaycan Respublikası Mülki
Məcəlləsinin mülkiyyət hüququnun ümumi müddəalarını nəzərdə tutan 152.1, 157.2-ci və
öhdəlik hüququna dair 385.1-ci maddələrinə istinad etmişdir ki, bu da Azərbaycan
Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin
apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş

məhkəmə hökmü ilə Cavabdeh1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə
İddiaçı cəmi 6.500 manat məbləğində pul aldığı təsdiq edilir ki, bununla da cavabdeh
iddiaçının hesabına həmin məbləğdə əsassız olaraq varlanmışdır. Buna görə də iddia
qismən təmin edilməli, Cavabdeh1 6.500 manat və ödənilmiş 30 manat dövlət rüsumu
alınaraq İddiaçı verilməlidir.

15. Apelyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, Cavabdeh1 birinci

instansiya məhkəməsində iştirak etmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə verə
bilməməsi və iddia müddəti keçdiyi üçün hazırkı mübahisəyə iddia müddətini tətbiq
etməklə, iddianın rədd edilməsinə dair məhkəmə kollegiyasına göndərdiyi vəsatət təmin
edilə bilməz. Birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə
Cavabdeh1 məlumatlandırmış və hətta o, iddiaya qarşı öz yazılı etirazını Gəncə Şəhəri
Nizami Rayon Məhkəməsinə göndərərək, bu etirazda iddiaçının ona qarşı şər-böhtan
atmasını, iddiaçıdan heç vaxt pul almamasını göstərmiş, lakin iddia müddətinin tətbiqi ilə
bağlı vəsatət verməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1,

1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Gəncə şəhəri Nizami Rayon

Məhkəməsində baxılarkən cəzaçəkmə müəssisəsində olmuşdur və iddia tələbinə qarşı
iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ olduğunu bilməmişdir. Ona
məhkəmə tərəfindən bu hüququ izah olunmamışdır. İş materiallarında iddiaçının ona 6500
manat pulun verildiyinə dair heç bir maddi sübut yoxdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdeh Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi

üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin
kassasiya baxışında onun izahatı dinlənilmədi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq İddiaçı və cavabdeh

Cavabdeh2 məhkəmə iclasına gəlmədikləri və

gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in
415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi
məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu
düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi

xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1091. Əsassız varlanma anlayışı

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan

başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq

qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma
həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və
ya sonralar aradan qalxmış əsasa söykənir.

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi
1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə

edilənlərdən götürülən faydaya;

1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya

kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə

lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri
barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək
göstərir.

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

Maddə 80. Sübutların aid edilməsi
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır

ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 81. Sübutların mümkünlüyü
Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə

təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar
82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə

qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə
üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik

edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının

ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

29.

Kassasiya kollegiyası kassatorun iddia tələbində göstərilən pul məbləğini

almadığı barədə dəlili ilə bağlı bildirir ki, onun bu dəlili məhkəmələr tərəfindən araşdırımış
və məhkəmələr, cavabdehin iddiaçıdan 6500 manat pulun alınmasının Bakı Şəhəri
Binəqədi Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə müəyyən olunmasını,
Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən sübut etməkdən azad
olmaq üçün əsas kimi qiymətləndirmişdir.

30. Məhkəmələrin MPM-nin 82.4-ci maddəsinə istinadı qanunuyğundur. Belə ki,

MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,
habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya
mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin
hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə

iddia müddətinin tətbiq edilməsi barədə vəsatətini rədd etməkdə də haqlı olmuşdur.
Əvvəla ona görə ki, həqiqətən də işə birinci instansiya məhkəməsində baxılarkən
Cavabdeh1 cəzaçəkmə müəssisəsində olması nəzərə alınaraq ona iş haqqında məlumat
verilmiş, iddia tələbinə qarşı mülahizəsini təqdim etməsi təklif olunmuşdur. Cavabdeh
birinci instansiya məhkəməsinə ətraflı etiraz mükahizəsini təqdim etmiş və işə onun iştirakı
olmadan baxılmasını xahiş etmişdir. Lakin məhkəməyə ünvanlandığı yazılı etirazda iddia
müddətinin tətbiqini tələb etməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində iddia

müddətinin tətbiqi barədə ərizənin verilməsi yolverilməzdir. Çünki apellyasiya məhkəmə
icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət
olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz
birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu
məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından,
habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın

şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə
kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli
qərarında bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını
(subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret
faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq
normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin
həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici
təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını
tələb edir.

34. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı

maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya
instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ
istisna olunur.

35. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə

etdiyi digər hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin
təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa
və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin
tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni
təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu

halda, apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və
müvafiq qərar qəbul etməlidir.

36. Apelyasiya instansiyası məhkəməsi bu xüsusatı da araşdırmış və yuxarıda qeyd

olunduğu kimi cavabdehin birinci instansiya məhkəməsinin iclasında iddiaya qarşı müdafiə
olunmaq imkanına malik olduğunu bildirmişdir.

37. Kassatorun iddia müddətinin tətbiq edilməsi hüququnun məhkəmə tərəfindən ona

izah edilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, bu hüquq
prosessual hüquq deyildir və məhkəmə iddia müddətinin keşməsini cavabdehə izah
etməkdə haqlı deyildir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,

apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya
şikayəti təmin olunmamalıdır.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(104)-

557/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.