2[102]-5398/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5398/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh

(üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Kontoru) qarşı

iddia tələbinə dair iş üzrə

Q Ə R A R İ

Açar sözlər: müqaviləinin ləğvi, sübutetmə yükü, preyudisiallıq

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov

Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və
Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,

Şahvələdov Ümüd Nadir oğlunun katibliyi,

İddiaçı,

onun

vəkili

Vəkilrət

oğlunun,

cavabdehin vəkili X1 iştirakı ilə,

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş

üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya
şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə
iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında

Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 10.06.2017-ci il tarixli beh
müqaviləsinə əsasən, tərəflər 12.06.2018-ci il tarixə kimi ünvan 1 ünvanında yerləşən
mənzilin (bundan sonra – mübahisəli mənzil) 30.000 manata satılması barədə alqı-satqı
müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alqı-satqı
müqaviləsinin təminatı kimi iddiaçıya 10.000 manat məbləğində pul vəsaiti ödəmiş, qalan
20.000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya
(iddiaçıya) ödəməyi öhdəsinə götürmüşdür.

İddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış

AN-1 № ******* saylı, 19.10.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə
əsasən, iddiaçı mülkiyyətində olan mübahisəli mənzili 40.000 manata cavabdehə satmış,
müqavilənin şərtlərinə görə 10.000 manat beh müqaviləsi bağlanarkən və alqı-satqı
müqaviləsi zamanı 7.000 manat olmaqla, ümumilikdə 17.000 manat məbləğində pulu
iddiaçıya vermiş, qalan 23.000 manat məbləğində pulu 18.04.2018-ci il tarixinədək
ödəməyi öhdəsinə götürmüşdür.

Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2(009)-1468/2019

nömrəli qətnaməsinə əsasən, hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı
iddiası təmin edilərək, mübahisəli mənzilin iddiaçı, onun ailə üzvləri və digər şəxslər
tərəfindən boşaldılması və mənzilin cavabdehə təhvil verilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10858/2019 nömrəli iş üzrə

22.08.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.06.2019-
cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilən – mübahisəli mənzilin iddiaçının ailə
üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə
iddia rədd olunmuşdur.

Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-8096/2019 nömrəli, 24.12.2019-cu il

tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22.08.2019-cu il tarixli
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində

olan mübahisəli mənzillə bağlı cavabdehlə aralarında bağlanmış 10.06.2017-ci il tarixli beh
müqaviləsinin və 19.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair
qətnamə qəbul olunmasını xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 19.10.2017-ci il tarixli alqı-satqı

müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, yəni
mənzilin pulunu tam şəkildə iddiaçıya ödəməmişdir. Bu səbəbdən də, iddiaçı alqı-satqı
müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki,

mübahisəli evin alqı-satqısı üçün nəzərdə tutulmuş pulu tam şəkildə ödəmiş və iddiaçıya
heç bir borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.

Məhkəmədə surətləri tədqiq edilmiş qəbzlərdə qeyd olunmuşdur ki, X2 iddiaçıya

27.03.2018-ci il tarixdə “kupça”nın alınması üçün 1000 manat, 03.06.2017-ci il tarixdə 500
manat, XXXa 07.12.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir.

Surətləri tədqiq edilmiş orderlərdə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən

notariusun bankda açılan depozit hesabına 10.06.2017-ci il tarixdə 10.000 manat,
18.10.2017-ci il tarixdə 7000 manat, 05.06.2018-ci il tarixdə 11.500 manat məbləğində pul
köçürülmüşdür.

Surəti tədqiq edilmiş 06.07.2018-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, iddiaçı, 2018-ci

ilin avqust ayının sonunda evi cavabdehə təhvil verəcəyinə söz vermişdir.

Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.03.2019-cu il tarixli xəbərdarlıqda

mənzilin 3 gün ərzində boşaldılaraq təhvil verilməsi iddiaçıdan tələb olunmuşdur.

Məhkəmədə tədqiq edilmiş, ünvan 2 ünvanladığı 25.07.2020-ci il tarixli məktubda

qeyd olunmuşdur ki, Notariat Ofisində 19.10.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817
reyestr nömrəli “Alqı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə
razılaşdırılmış dəyərini təşkil edən  40.000 manat məbləğində pul vəsaitindən 10.000
manat 10.06.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manat 19.10.2017-ci il
tarixdə “alqı-satqı müqaviləsi” rəsmiləşdirilərkən, 11.500 manat isə 05.06.2018-ci il tarixdə
notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir.  Əmlakın dəyərinin qalan
11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işinə heç bir rəsmi sənəd
əlavə edilməmişdir.

Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-

1178/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov)
iddia tələbi təmin edilməmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında

bağlanmış alqı-satqı müqaviləsində daşınmaz əmlakın qiyməti tərəflərin razılaşmasına
əsasən 40.000 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə satılmış mənzillə bağlı
cavabdehin ona 11.500 manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla
bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Məhkəmə hesab etmişdir ki, tərəflərin notariat qaydada hər hansı kənar təsir

olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları
iddiaçının iddiası ilə şübhə altına alına və ya ləğv edilə bilməz. Alqı-satqı müqaviləsinin
etibarlılığı üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərə riayət olunmuşdur. Odur ki, iddia
tələbi əsassızdır.

Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra

– Mülki Məcəllə) 491.1-491.3, 567, 646.1, 646.2-ci və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə
istinadla əsaslandırmışdır.

Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
İddiaçı şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması

barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək

göstərmişdir ki, təmsil etdiyi şəxs aldadılmışdır. Müqavilə üzrə öhdəliklər yerinə
yetirilməmiş, iddiaçıya 500 manat, sonra isə 1000 manat pul evdə verilmişdir. Amma
bununla bağlı heç bir qeydiyyat aparılmamışdır.

Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin

dəlillərinə etiraz edərək göstərmişdir ki, qalıq borc 3000 manatdır, 10.000 manat borc
yoxdur. Cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəliyi, demək olar ki, tam icra
etmişdir, 3000-3500 manat borcu qalmışdır. O pulun da verilməməsinin səbəbi qarşı
tərəfin evi tərk etməməsidir. Öhdəliyi ilk olaraq iddiaçı pozmuş, evi müəyyən olunmuş
vaxtda boşaltmamışdır. 15.04.2018-ci il tarixdə ev boşaldılaraq iddiaçıya təhvil verilməli idi.
Müqavilədə konkret ödəniş məbləği də göstərilməmişdir. Pul hissə-hissə ödənilməli idi. Ev
iddiaçının sahibliyindədir. Müqavilənin ləğvi üçün heç bir əsas yoxdur.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya

instansiyası məhkəməsi) 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli
qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və

G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı

izahatında mənzilin qalan pulundan 500 manat və 1000 manat olmaqla, 1500 manat
ödənildiyini, 10.000 manat borc qaldığını bildirsə də, buna dair hər hansı sübut təqdim
etməmişdir.

Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili izahatında mənzilin pulundan

3000-3500 manat borc qaldığını, lakin iddiaçının mənzili 15.04.2018-ci il tarixdə
boşaldaraq təhvil verməli olduğu halda təhvil vermədiyindən qalıq borcun ödənilmədiyini
bildirmişdir.

Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə

də, iddiaçı satdığı mənzildən çıxmamış, buna görə cavabdeh iddiaçıya qarşı məhkəmədə
iddia qaldıraraq mənzildən çıxarılmasını xahiş etmiş, onun iddiası təmin edilmiş və
qətnamə qanuni qüvvəsini almışdır.

Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya

məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericilik normalarına
uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
İddiaçı (Vəkilrət oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar
qəbul olunmasını xahiş etmişdir.

Dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla

əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq
normalarını düzgün tətbiq etməmiş, sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

Kassator şikayətində qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü

öhdəliyi (18 aprel 2018-ci il tarixədək 23.000 manat pulu ödəmək) tam icra etməmişdir.
Müqavilələr bağlandıqdan sonra cavabdeh ona cəmi 11.500 manat pul ödəmişdir. Bundan
başqa, çıxarış alınması üçün evdə ona 1500 manat pul vermişdir. Beləliklə də, cavabdeh
hissə-hissə ona cəmi 30.000 manat pul ödəmişdir. Cavabdehin nümayəndəsi də
məhkəmə iclasında verdiyi izahatında mənzilin pulundan 3000-3500 manat borc qaldığını
etiraf etmişdir.

Müvafiq məhkəmə qətnaməsinə əsasən onun mənzildən çıxarılması qət edilmişdir.

Hal-hazırda ağır vəziyyətə düşmüşdür. Bununla belə, cavabdehin ona mənzilə görə verdiyi
30.000 manat pulu tam şəkildə ona qaytarmağa hazırdır.

Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-

cu, MPM-in 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88-ci, Mülki Məcəllənin 152.1, 324.4, 385.1, 386.1,
389.1, 390.1, 390.3, 423.2, 424.5, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya

şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv
olunmasını xahiş etdilər.

Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq iş üzrə digər üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb
göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası

MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Kassasiya baxışının hədləri
MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam

ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına

yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1).

Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və

ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə
324.4).

Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya

onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə
bağlanmalıdır (maddə 331.1).

Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin

tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə
yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata
keçirilir (maddə 334.1).

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı

qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1).

Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli

dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda
dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman
əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə
bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2)

MPM

Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını

yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi
izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən
özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə
9.3).

Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi

şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq
və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə
onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir
(maddə 14.1).

Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə

77.1).

Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş

faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində
mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3).

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88).

Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks

tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması
məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarı
Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr

çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı
tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı
halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq
onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın
uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar
həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair
yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas
olmamalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə

prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə
əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq
mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun
tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara
obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq
normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1,
88-ci maddələri).

Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu

barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi
hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında
tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar
müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya
bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad
olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir
mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması
işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

Baxılan iş üzrə iddiaçı alqı-satqı və onunla bağlı beh müqaviləsinin ləğvini tələb edir.

İddia onunla əsaslandırılmışdır ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə şərtləşdirilmiş
məbləğin bir hissəsini ödəməmişdir. Tərəflər arasında mübahisəli mənzilin alqı-satqısına
dair müqavilənin bağlandığı, əmlakın dəyərinin 40000 manat razılaşdırıldığı, həmin
məbləğin 10000 manatının qabaqcadan beh müqaviləsi üzrə, 7000 manatının alqı-satqı
müqaviləsi bağlanarkən ödənildiyi, 11500 manatının isə 05.06.2018-ci il tarixdə notarius
vasitəsilə ödənildiyi işin mübahisə olunmayan hallarıdır.

Mülki Məcəllənin hazırkı tələbin qanuni əsasını təşkil edən 421.2-ci maddəsinə

əsasən iddianın təmin olunması üçün müqavilə şərtləri alıcı tərəfindən əhəmiyyətli
dərəcədə pozulmuş olmalı, yəni satıcı müqavilə bağlanarkən ümid etməyə haqqı
çatanlardan xeyli dərəcədə məhrum olmalı və bu əsasla həmin müqavilənin ləğvini tələb
etməlidir.

İddiaçı hesab edir ki, cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində alqı-

satqı müqaviləsinin dəyərini təşkil edən məbləğin 11500 manat hissəsini hal-hazıradək
ödəmədiyi üçün müqavilə ləğv olunmalıdır.

İşə baxan birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla

əsaslandırmışdır ki, iddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500
manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir
sübut təqdim etməmişdir.

Göründüyü kimi məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən

etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən
alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü
qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki MPM-in 77.1-ci maddəsinə
əsasən mövcud vəziyyətdə alqı-satqı dəyərinin tam ödənildiyini, yaxud ödənilməməsinə
qanuni əsas olduğunu sübut etmək yükü cavabdehin üzərində olmuşdur.

Həmçinin nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin

vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini
müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz
hallarını müəyyən etməkdən ibarətdir. MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail
olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsi
daşıyan məhkəmə bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri
barədə onları xəbərdar etməlidir. Bu vəzifələri çərçivəsində işə baxan məhkəmə hansı
halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya
verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin
istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

Lakin işə baxmış birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin istinad

olunan normasının da tələbini pozaraq, sadəcə tərəflərin izahatlarını dinləməklə
kifayətlənmiş, ümumiyyətlə tərəflərlə işin hallarına dair heç bir müzakirə aparmamışdır.

Həmçinin birinci instansiya məhkəməsi eyni tərəflər arasında alqı-satqı müqaviləsinin

predmeti olan mübahisəli mənzilin boşaldılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə
aktlarını işə əlavə etsə də, həmin məhkəmə aktlarında hazırkı iş üzrə preyudisiallıq kəsb
edən hər hansı halların müəyyən edilib-edilmədiyinə qiymət verməmişdir. Halbuki tərəflərin
müqavilə üzrə öhdəliklərini yerinə-yetirib yetirmədiyi barədə məsələlər həmin iş üzrə də
məhkəmə araşdırmasının predmetini təşkil etmiş və MPM-in 82.3-ci maddəsinə əsasən
qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırkı iş
üzrə preyudisial əhəmiyyətə malik olmuşdur.

İşə iddiaçının apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası

məhkəməsi də eyni prosessual pozuntulara yol verərək, qətnaməni dəyişdirilmədən
saxlamış və öz mövqeyini eyni qaydada əsaslandırmışdır. Halbuki MPM-in 385.1.1-ci
maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması məhkəmə
qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Həmçinin cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə

iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, apellyasiya baxışı zamanı
cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat
deyil, 3000 manat qalıq borcunun olduğunu bildirmişdir. Lakin apellyasiya instansiyası
məhkəməsi həmin məsələyə də hüquqi qiymət verməmiş, sonuncu izahata MPM-in 106.3-
cü maddəsinin tətbiqi mümkünlüyünü müzakirə etməmişdir.

Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti

təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən

baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq
normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş

üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.