2[102]-5404/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5404/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Muradova Hökümə Seyfəddin qızına

qarşı ilk iddia,

Muradova Hökümə Seyfəddin qızının cavabdehlər İddiaçı1, İddiaçı2 və X5 qarşı

qarşılıqlı iddia üzrə

Q Ə R A R İ

(Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması,

maddi və mənəvi ziyanın ödənilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

X10 oğlunun katibliyi ilə,

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(107)-

89/2021 saylı qətnaməsindən cavabdeh (Abdullayeva) Muradova Hökümə Seyfəddin qızı

tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin
binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,91 ha kənd təsərrüfatı

təyintalı torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüquqları daşınmaz
əmlakın dövlət reyestrində 03.04.2019-cu ildə qeydiyyata alınaraq, hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, *******
saylı çıxarışla rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət

edərək, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı
təyinatlı torpaq sahəsindən Muradova Hökümə Seyfəddin qızının çıxarılması barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hökümə Muradova onların torpaq

sahəsini özbaşına zəbt edərək, torpaq sahəsində 4 il əvvəl əkdikləri 70 topa fındıq
ağaclarını məhv etməklə qeyri-qanuni fındıq bağı salmışdır. Onlar bu barədə etirazlarını
bildirsələr də, cavabdeh onlara məhəl qoymamış və onların torpaq sahəsindən istifadə
etməyə qoymamışdır.

4. Cavabdeh Muradova Hökümə Seyfəddin qızı məhkəməyə qarşılıqlı iddia ərizəsi

verərək, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli qərarı ilə
əri X3 adına verilmiş 0,88 ha torpaq sahəsinin ilk iddia üzrə İddiaçı1 tərəfindən zəbt
edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsinin bir qismindən 4-5 il qanunsuz zəbt
edib faydalandığına görə və onların həmin torpaq sahəsindən istifadə edib xeyir əldə
etmələrinə imkan vermədiyinə görə ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq
5000 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı1 alınaraq ona
verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ilk iddia üzrə iddiaçının

istifadə etdiyi torpaq sahəsi onun ərinin adınadır. Belə ki, Zaqatala rayon İcra Hakimiyyəti
Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli qərarı ilə əri X3 adına 0,88 ha torpaq
sahəsi verilmişdir. Əri 2011-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinin bir hissəsini
təxminən 4-5 ildir ki, ilk iddia üzrə iddiaçı istifadə etmiş və orada fındıq topaları əkmişdir.
Bu müddət ərzində həmin torpaq sahəsindən istifadə etdiyinə görə gəlir əldə etmiş və
bunula da ona maddi və mənəvi ziyan dəymişdir.

6. Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(033)-1020/2019 saylı

qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 03
fevral 2020-ci il tarixli 28333 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların
mülkiyyətinə RX seriyalı ******* saylı çıxarış əsasında verilmiş 0,91 ha kənd təsərrüfatı
təyintalı torpaq sahəsi və cavabdehin ailəsinə 28 aprel 1995-ci il tarixdə təsdiq edilmiş
şəhadətnamə əsasında verilmiş 1,14 ha torpaq sahəsinin sərhədləri naturada bir-birinin
hüdudları daxilinə keçməsini müəyyən etmək mümkün olmamışdır. AİK-nin 14 saylı qərarı
ilə təsdiq edilmiş torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə
ilə verilmiş 1,14 ha torpaq sahəsi "xxxx" MMC-nin elektron baza məlumatlarında öz əksini
tapmamışdır. Bu səbəbdən həmin torpaq sahələrinin sarhədlərinin naturada bir-birinin
hüdudları daxilinə keçməsini müəyyən etmək mümkün olmamışdır. Həmin əraziinin
cavabdeh və iddiaçının naturada istifadə etdiyi ərazi və DƏDRX tərəfindən tərtib olunnmuş
Çıxarışa əsasən torpaq shaələrinin yerləşmə vəziyyəti mütəxəssis tərəfindən əlavə
olunmuş sxemdə göstərilmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tаrixli, 2(033)-642020 saylı

qətnaməsi ilə (hakim E.Məmmədov) ilk iddia qismən təmin edilmiş, cavabdeh Muradova
Hökümə Seyfəddin qızının hüquqların dövlət qeydiyyatı haqqında  daşınmaz əmlakın
dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi

birgə mülkiyyətlərində olan, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91
ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın təmin
edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən torpaq

sahəsinin onun ailə üzvlərinə məxsus olmasını təsdiq edən sübut kimi təqdim etdiyi
Zaqatala rayon AİK-ın 14 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət, sahiblik və daimi
istifadə hüququna dair şəhadətnamənin "xxxx" MMC-in elektron baza məlumatlarında öz
əksini tapmaması ekspert rəyi ilə təsdiq olunur. Yəni Əliabad qəsəbəsində ikinci dəfə
islahat aparılarkən həmin torpaq sahəsinin 0.91 ha hissəsi iddiaçının ailə üzvlərinə
verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən
çıxarışı isə cavabdeh mübahisələndirməmişdir. Belə olduğu təqdirdə məhkəmə üçün
çıxarışın, yəni dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası
vardır. Qeyd olunan əsaslarla məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçı tərəfindən torpaq
sahəsinin boşaldılmasına dair hissəsi əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu,

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157-ci maddələrinə istinadla
əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh Muradova Hökümə Seyfəddin qızı apellyasiya şikayəti verərək, Qax

Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnаməsinin
ləğv edilməsi və iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə
qəbul edilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli,

2(107)-89/2021 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə
Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il 10/534 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,
iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 məxsus Zaqatala rаyоnu Əliabad qəsəbəsində yerləşən
******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət
Reyestrdən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin naturada ölçüləri çıxarışa
əsasən 0.91 ha-dır və hüquqmüəyyənedici sənədlərə uyğundur. Həmçinin Zaqatala
rayonu, Əliabad qəsəbəsində yerləşən, ******* seriyalı hüquqların dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq
sahəsinin 0.3683 ha hissəsindən cavabdeh Muradova Hökümə Seyfəddin qızı tərəfindən
istifadə edildiyi müəyyən edilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli,

2(107)-89/2021 saylı qətnaməsi ilə (hakimlər A.M.Eyvazov (sədrlik edən və məruzəçi),
R.Ə.Əliyev və İ.H.Şükürov) apelyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon
Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddiаçılаr İddiaçı1, İddiaçı2
və İddiaçı3 cаvаbdeh Muradova Hökümə Seyfəddin qızına qаrşı Zaqatala rayonu Əliabad
qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən
cаvаbdehin çıxаrılmаsı hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə
çıxarılaraq cаvаbdeh Muradova Hökümə Seyfəddin qızının Zaqatala rayonu, Əliabad
qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz
əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin 0.3683 ha
hissəsindən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət
edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadla hesab etmişdir ki,

hazırda mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olsa da,
sonuncular qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər.
İddiaçıların həmin torpaq sahəsində mülkiyyət hüquqları cavabdeh (qarşılıqlı iddia üzrə
iddiaçı) tərəfindən pozulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, reyestrdə qeydiyyat

mübahisələndirilməyib onun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır.

15.

Apellyasiya

instansiyası

öz

qətnaməsini

Azərbaycan

Respublikası

Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələri, Mülki Məcəllənin 152.1,157.2,
238.1, 238.3, 385-ci, Torpaq Məcəlləsinin 82,84,

239.2,111-ci maddələri ilə

əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
16 . Cavabdeh

Muradova Hökümə Seyfəddin qızı

kassasiya şikayəti verərək

apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, torpaq üzərində mülkiyyət
hüququnun tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1995-ci ildə aparılmış torpaq

islahatı zamanı Əliabad qəsəbə sakini mərhum X4 1.14 hektar pay torpaq sahəsi
verilmişdir. Bundan 0.88 hektarı əkin sahəsidir. İlkin iddiaçıya da həmin vaxtda bu ərazidən
5 km kənarda pay torpaq ölçülərək verilmişdir. Belə olan halda ilkin iddiaçı hansı əsasla
0.88 hektar torpaq mülkiyyətçisindən torpaq sahəsini və həmin mülkiyətçinin oradan
çıxarılmasını tələb edir. 1995-ci ildə X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair
şəhadətnamə”də qeyd olunub ki, həmin şəhadətnamə, yenisi verilənədək qanuni
qüvvədədir. Məhkəmədə işə baxılan zaman İddiaçı1 ilkin torpaq sənədini və 25 il ərzində
bu torpağa vergi ödəməsinə görə məhkəməyə sənəd təqdim etməsini tələb etmiş, lakin bu
cür sənəd təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı iş üçün əhəmiyyət kəsb edən
sənədləri təqdim etsə də, onlara əhəmiyyət verolməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri
barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə
əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət
13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən

müdafiə olunur.

Maddə 29. Mülkiyyət hüququ
29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi

sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən
tanınan və qorunan hüququdur.

152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər

nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola
bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa
şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə
istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü
şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

Maddə 157. Mülkiyyətin müdafiəsi
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan

məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb
edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son
qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Maddə 165. Sahibliyin pozulması
165.1.  Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan

pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat
olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq
sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə
edildikdə bu cür iddia istisna edilir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının

müdafiəsi və təminatı

84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla

qorunur.

84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin,

istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və
fiziki şəxslərin qarışmasına yol verilmir.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi)

qanunla qadağan olunur.

111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı

çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik

edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının

ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi
məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu
düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli

gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam

ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

29. belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin (qarşılıqlı iddia üzrə

iddiaçının) torpaq sahəsini zəbt etməməsi barədə dəlillərini araşdırmaq məqsədi ilə təkrar
ekspertiza təyin etmiş, işdə olan ekspert rəylərini işin digər halları ilə müqayisəli təhlil
etməklə, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin 0.3683 ha sahəsindən
istifadə etdiyini müəyyən etmişdir. Kassator bu halı təkzib edən və ya məhkəmənin gəldiyi
nəticəni şübhə altına alan hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinin

ərinə ayrıldığı barədə dəlillərinə də qiymət verərək bildirmişdir ki, cavabdehin torpaq
sahəsinin onun ailə üzvlərinə məxsus olmasını təsdiq edən sübut kimi təqdim etdiyi
Zaqatala rayon AİK-ın 14 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət, sahiblik və daimi
istifadə hüququna dair Şəhadətnamənin "xxxx" MMC-nin elektron baza məlumatlarında öz
əksini tapmaması ekspert rəyi ilə təsdiq olunur. Yəni Əliabad qəsəbəsində ikinci dəfə
islahat aparılarkən həmin torpaq sahəsinin 0.91 ha hissəsi iddiaçıların ailə üzvlərinə
verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən
çıxarışı isə cavabdeh mübahisələndirməmişdir. Belə olduğu təqdirdə üçün çıxarışın, yəni
dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır.

31. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması

ilə razılaçır. Çünki Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət
hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat
əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində
qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından
vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə
etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn
pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı
əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat
kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin
şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
25.10.2010-cu il tarixli Qərarı)

32. Kassasiya şikayətinin digər dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik

təşkil edir və apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları və mübahisəyə
tətbiq olunmalı maddi hüquq normaları əsasında təhlil edilərək, hüquqi qiymət verilmişdir.
Digər dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun
olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır,
onlara qiymət verilmir.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və

419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh Muradova Hökümə Seyfəddin qızı tərəfindən tərəfindən verilmiş kassasiya

şikayəti təmin edilməsin.

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(107)-

89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.