2[102]-5408/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5408/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh1 qarşı doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi

tələbinə dair iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: doğum haqqında şəhadətnamədə

valideynlər barədə qeyd haqqında mübahisə)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa
oğlundan ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
İddiaçının prosessual hüquqi varisi X2 vəkili Vəkil2,
Cavabdehin vəkili X1 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4054/2021 nömrəli iş üzrə 29 aprel

2021-ci il tarixli qətnaməsindən iddiaçının prosessual hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya
şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
İddiaçıla Cavabdeh2 2000-ci ilin əvvəllərindən qeyri-rəsmi (faktiki) ər-arvad münasibətlərində

olmuşlar.

Cavabdeh2 xx.xx.2001-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Cavabdeh1

adlı uşağı dünyaya gəlmişdir.

İddiaçıla Cavabdeh2 15.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
Gürcüstan Respublikasının Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən

10 avqust 2012-ci il tarixdə aparılmış akt qeydində uşağın ata qrafasında İddiaçı, ana qrafasında
Cavabdeh2 göstərilmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli qətnaməsi ilə onların

nikahı pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat
İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gürcüstan

Respublikasının Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən xx xxxxxx 2001-ci
il təvəllüdlü Cavabdeh1 verilmiş 13 avqust 2012-ci il tarixli **********0 akt qeydiyyat nömrəli doğum
haqqında şəhadətnamənin Cavabdeh1 “atasının adı” qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2000-ci illərin əvvəllərində tanış olmuş,

aralarında xoş ünsiyyət yaranmışdır. 1 ilə yaxın müddət ərzində cavabdehlə görüşləri kəsilmiş,
növbəti dəfə, yəni 1 ildən sonra görüşdükdə isə cavabdehin ona körpə bir uşağı göstərərək uşağın
onun olduğunu bildirmişdir. Xeyli-söz-söhbətdən sonra cavabdeh onu tam əmin etdiyinə görə buna
inanmışdır. Həmin uşağa layiqincə atalıq göstərmiş, cavabdehlə 15.01.2005-ci il tarixdə rəsmi
nikaha daxil olmuş, rəsmi nikahlarından sonra cavabdehin vətəndaşı olduğu Gürcüstanda uşağa
10.08.2012-ci il tarixdə **********0 nömrəli doğum şəhadətnaməsi (təkrar) almış, şəhadətnamədə
xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 atası qismində onun adı göstərilmişdir. Sonradan
münasibətləri pisləşmiş, məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Son vaxtlarda ona
gəlib çatan digər söz-söhbətlərdən cavabdehin vaxtilə ona yalan söylədiyini, özünü atası hesab
etdiyi uşağın ondan olmadığını öyrənmiş, 2018-ci ilin sentyabr ayından mənzil mübahisəsi ilə bağlı
cavabdehlə aralarında gələn məhkəmə çəkişmələri zamanı bu barədə bildirsə də, cavabdeh
uşağın əsl atasının o olduğunu hər dəfə birmənalı şəkildə bəyan etmişdir.

Birinci instansiya məhkəməsinin iclasında İddiaçı əsl Cavabdeh1 ilk əvvəllər dünyaya

gəldiyindən xəbərsiz olduğunu, sonradan Cavabdeh2 öyrəndiyini və 2005-ci il tarixə kimi uşağın
onun olduğuna inanmadığını, sonradan əhəmiyyət verməyərək razı olduğunu, miqrasiya
xidmətlərinə görə razı olduğunu bildirmişdir. Lakin hal-hazırda uşağın onun olmadığına əmin
olduğuna görə test verilməsinin və bu səbəbdən də iddia tələbini müdafiə edərək, tələbin təmin
edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin iclasında əsl olmayan Cavabdeh2 iddia tələbini qəbul

etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 atasıdır. Cavabdeh1 artıq 18 yaşı
tamamdır və yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-cı
maddəsinə əsasən Cavabdeh1 barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə yol
verilir. Cavabdeh1 belə bir iddianın onun ictimaiyyət arasında şərəf və ləyaqətini alçaltdığını nəzərə
alaraq Cavabdeh1 barəsində atalığın müəyyən olunmasına razılığı yoxdur. Bu səbəbdən də əsl
olmayan cavabdeh kimi onu əsl olan Cavabdeh1 ilə əvəz edilməsinə etiraz olmadığını bildirərək
iddianın rədd edilməsini xahiş etmişdir.

Məhkəmə baxışı iclasında iddiaçının ərizəsi əsasında Cavabdeh2 əsl Cavabdeh1 ilə əvəz

edilmişdir.

Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun 18 yaşı

tamam olduğu və yetkinlik yaşına çatdığı üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.6-
cı maddəsinə istinadən atası İddiaçı tərəfindən atalığın müəyyənləşdirilməsinə etiraz edir. İddia
edilən DNK testi və ekspertizanın təyin olunmasını tamamilə rədd edir. Qeyd olunanlara görə iddia
tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 16 oktyabr 2020-ci il tarixli

qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş

tələbdən görünür ki, o, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 bioloji atası deyil və bu səbəbdən
onun doğum haqqında şəhadətnaməsinin «atasının adı» qrafasında «İddiaçı» qeydinin ləğv
edilməsini xahiş etmişdir.

Məhkəmə hesab etmişdir ki, iddiaçı əvvəllər Cavabdeh1 onun övladı olmamasını bildiyindən

və daha sonradan bu və ya digər əsaslarla atası olmasını qəbul etdiyindən Ailə Məcəlləsinin 47.2-
ci maddəsinə əsasən iddiaçının tələbi təmin edilməməlidir.

Məhkəmə cavabdehin etirazı kimi yetkinlik yaşına çatmış şəxs barəsində atalığın müəyyən

olunması yalnız onun razılığı ilə müəyyən olunması ilə bağlı qeyd etmişdir ki, hazırki mülki iş üzrə
atalığın müəyyən olunması tələbi deyil, yəni cavabdehin atasının kim olması məhkəmə mübahisəsi
olmamaqla, məhkəmədə yalnız iddiaçının cavabdehin atası olmamasının müəyyən edilməsidir.

Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1, 44.6, 46.2, 47.2-ci

maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1 və 76.2-ci maddələrinə istinadla
əsaslandırmışdır.

Qətnamədən iddiaçının prosessual hüquq varisi (iddiaçının 31.10.2020-ci il tarixdə vəfat

etdiyi müəyyən olunmuşdur) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin
təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa
uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu,
sübutlara düzgün qiymət vermədiyini, iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilmədiyini,
hakimin işə qərəzli yanaşdığını irəli sürmüşdür.

Apelyasiya instansiyası məhkəməsindəki icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən

və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-4054/2021 nömrəli iş üzrə 29 aprel
2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası

məhkəməsi qeyd etmişdir ki, işin hallarından, iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın
olur ki, xx.xx.2001-ci il təvəllüdlü Raminin doğum haqqındakı akt qeydi qanunvericiliyə uyğun
aparılmış, uşağın ata qrafasında iddiaçının adının yazılması onun öz iradəsi əsasında reallaşmış,
qeyd aparıldığı zaman iddiaçı uşağın həqiqi valideyni olduğuna əmin olmasa da, bu və ya digər
səbəblə müvafiq qeydiyyata etiraz etməmişdir (iddia ərizəsində iddiaçının bildirməsinə görə, xeyli
söz-söhbətdən sonra cavabdeh onu inandırdığı üçün buna razılıq vermişdir).

Buna görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları,

habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin
dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

Belə ki, mərhum İddiaçı atalığı haqqında qeydi həmin qeydin aparılmasından təxminən 18 il

sonra, həm də cavabdehlə münasibətlərinin pozulmasından və növbəti nikahından başqa uşağın
dünyaya gəlməsindən sonra mübahisələndirmişdir. Bu hal isə onun irəli sürdüyü arqumentlərin
inandırıcılığına şübhə ilə yanaşmağa və “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu
qənaətinə gəlməyə əsas verir.

Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla

əsaslandırmış, əlavə olaraq Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 560-cı maddələrinə istinad etmişdir.

İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə
göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,

apellyasiya instansiyası məhkəməsi

mübahisəyə Ailə Məcəlləsinin 47.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş,
Məcəllənin 47.2-ci maddəsini tətbiq etməməli olduğu halda tətbiq etmişdir. Belə ki, iş
materiallarından, o cümlədən mərhum İddiaçı iddia tələbinin dəlillərindən görünür ki, Cavabdeh2,
onu uşağın əsl atası olduğuna inandırdığı üçün o, doğum haqqında şəhadətnamədə uşağın həqiqi
atası qismində yazılmışdır. Lakin 2016-cı ildə İddiaçı Gürcüstandan qayıtdıqdan sonra tərəflər

arasında mübahisə yaranmış və onlar həmin vaxtdan etibarən faktiki olaraq ayrılmışlar. İşə baxan
məhkəmələr isə tamamilə əsassız olaraq heç bir sübut olmadan İddiaçı uşağın həqiqi valideyni
olmadığını bildiyi halda, könüllü surətdə “ata” kimi yazıldığı nəticəsinə gələrək mübahisəyə Ailə
Məcəlləsinin 47.2-ci maddəsini tətbiq etmişlər. İş materiallarında İddiaçı uşağın həqiqi valideyni
olmadığını bildiyi halda onun doğum şəhadətnaməsində ata qismində yazıldığına dair cavabdeh
tərəfın heç bir dəlili yoxdur. Habelə iş materiallarından görünür ki, Cavabdeh2 lap əvvəldən
(sonradan isə Cavabdeh1), yəni iş üzrə məhkəmə çəkişməsi başlandığı vaxtdan DNA (DNK)
ekspertizasının

təyin

olunmasına

qəti

surətdə

etiraz

etmiş,

lakin

həmin

etirazını

əsaslandırmamışdır.

Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının prosessual hüquqi varisi X2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında

kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

Cavabdehin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab

edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında

şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın
valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına
çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs

qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt qeydindəki
yazının ləğvi barədə tələbi təmin oluna bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin

gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına,

məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və
yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır .

Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan,
aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya)
müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

İş üzrə iddiaçının prosessual hüquqi varisi kassasiya şikayəti verərək apelyasiya instansiyası

məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan
apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas
yoxdur.

Kassasiya şikayətinin dəlili məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etməməsi ilə

bağlıdır.

Belə ki, kassator hesab edir ki, məhkəmə Ailə Məcəlləsinin 47.1-ci maddəsinin tətbiq etməli

olduğu halda, Ailə Məcəlləsinin 47.2-ci maddəsinə istinad edərək düzgün olmayan nəticəyə
gəlmişdir.

Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 47-

ci maddəsi (Atalığa, analığa dair mübahisə açma) təşkil edir (normanın 3-cü və 4-cü hissləri hazırki
mübahisəyə aid deyil).

Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mübahisəyə

Ailə Məcəlləsinin 47.1 və 47.2-ci maddələrini tətbiq etmişlər.

Ona görə də, ilk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətinin Ailə Məcəlləsinin 47.1-ci

maddəsinin tətbiq edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili əsasızdır.

Ailə Məcəlləsinin 47.2-ci maddəsinin tətbiq edilməli olmaması ilə bağlı şikayətin dəlilləri də

əsassızdır.

Belə ki, həmin normaya görə, Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi

yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt
qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz.

İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, uşağın ata

qrafasında iddiaçının adının yazılması onun öz iradəsi əsasında reallaşmış, qeyd aparıldığı zaman
iddiaçı uşağın həqiqi valideyni olduğuna əmin olmasa da, müvafiq qeydiyyata etiraz etməmişdir.
Belə ki, iddia ərizəsində iddiaçının bildirməsinə görə, bir müddət cavadehlər bir yerdə olmamış, 1
ildən sonra təkrar görüşdükdən sonra cavabdeh ona körpə uşaq göstərərək onun oğlu olduğunu
bildirmişdir. Xeyli söz-söhbətdən sonra cavabdeh onu inandırdığı üçün buna razılıq vermişdir.

Göründüyü kimi, iddiaçı uşağın ata qrafasında onun adının yazılmasına razılıq verərkən

uşağın iddiaçının uşağı olması barədə iddiaçının dəqiq məlumatı olmadığı halda buna razılıq
vermişdir.

Ailə Məcəlləsinin 47.2-ci maddəsinə görə, Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın

atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun
doğum akt qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4054/2021 nömrəli iş üzrə 29 aprel

2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.