2[102]-5415/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5415/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən çıxarılması və mənzilin ona

qaytarılması tələbinə dair iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: vindikasiya iddiası, mülkiyyət hüququnun müdafiəsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa
oğlundan ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
İddiaçı,
Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1925/2021 nömrəli iş üzrə 22 fevral

2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı
qəbul etdi.

İşin halları
İddiaçı “25.09.2019-cu il tarixdə ona məxsus Binəqədi qəsəbəsi, mədən 1, korpus 15

ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə tanımadığı şəxslərin daxil olaraq oradan
çıxmamaları, onların evdən çıxarılmasına köməklik edilməsi və barələrində tədbir görülməsi”
barədə ərizəsi Binəqədi RPİ-də araşdırılmış, nəticə etibarı ilə mübahisənin mülki xarakterli olduğu
müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ərizəçiyə mülki
qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və

Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və
artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh onun (iddiaçı) tərəfindən
26.03.2017-ci il tarixdə X1 18000 manata aldığı boş torpaq sahəsində tikdirdiyi iki ədəd fərdi
yaşayış evindən və fundamenti qoyulmuş evə aid torpaq sahəsindən çıxarılması və həmin iki ədəd
fərdi yaşayış evinin və fundamenti qoyulmuş evə aid torpaq sahəsinin ona (iddiaçıya) qaytarılması
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, kirayədə yaşadıqları üçün 2017-ci ilin aprel

ayında mərhum həyat yoldaşı X9 ilə birgə qazancları olan pul hesabına Bakı şəhəri, Binəqədi
rayonu, 1 mədən, korpus 15 ünvanda qiyməti 18000 manat olan torpaq sahəsini X1 almış, elə
həmin ildə torpaq sahəsində yenə də birgə qazancları olan pul hesabına özlərinə ev tikdirmişlər.
Həyat yoldaşı 25.02.2019-cu ildə “qaraciyər serrozu” xəstəliyindən vəfat etmişdir. Pulu tükəndiyi
üçün həmin evi satmaq qərarına gəlmiş, 2019-cu ilin avqust ayında həmin evi X7 şifahi razılaşma
əsasında 25000 manata nisyə olaraq satmışdır. Amil Babazadə ilə aralarında olan şifahi
razılaşmaya əsasən ilkin olaraq 18000 manat verilmiş, qalan pulun isə notarial qaydada
razılaşmaya əsasən hər ay 300 manat verilməsini razılaşmışlar. 17 sentyabr 2019-cu ildə Amil
Babzadənin nişanlısı onun mobil telefonuna zəng edərək aldıqları evə tanımadığı şəxsin daxil
olduğunu bildirmiş, dərhal evə gedərək evin darvazasının qarşısında 4 nəfər tanımadığı şəxsləri
görmüş və onlardan kimliklərini soruşduqda onlar evin sahibi olduqlarını bildirmişlər. Bu zaman evin
Amil Babazadəyə satılması üçün alqı-satqıda iştirak etmiş Vahid adlı maklerin ora gəldiyini görmüş,
həmin vaxt əlində əsa olan cavabdeh onun üzərinə gəlmiş və əsa ilə onu vurmağa cəhd etdikdə
makler Vahid araya girərək evin ona məxsus olduğunu bildirmişdir. Bu zaman cavabdeh maklerin
üzərinə gələrək əsa ilə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirmiş,
Vahidin hücuma məruz qaldığını, başından zərbələr aldığını görüb dərhal Daxili İşlər Nazirliyinin
102 xidmətinə zəng etmiş, hadisə yerinə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları
gələrək Vahidi və onu həmin ərazidən çıxarmışlar. Binəqədi rayon Polis İdarəsinin İstintaq
Şöbəsinin 18 noyabr 2019-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” haqında qərar
qəbul edərək hazırki mübahisə tələbinin mülki xarakterli olmasını göstərmişdir. Araşdırma zamanı
izahatları alınmış makler X4 və mənzili satdığı X13 da öz izahatlarında qeyd olunan torpaq
sahəsinin ona məxsus olduğunu, lakin cavabdehin həmin evə qanunsuz daxil olaraq orada
yaşadığını göstərmişlər. Torpağın və torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin ona məxsus
olması Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş qərarda da öz
əksini tapmışdır. Bundan əlavə 2017-ci ilin aprel ayında torpaq sahəsinin X1 alınması ilə bağlı
Elşən Əsədullayev, mərhum həyat yoldaşı və torpağın alqı-satqısında iştirak edən digər şəxslərin
iştirakı ilə akt tərtib olunmuş və həmin aktda X3 da imza edərək Bakı şəhəri Binəqədi rayonu,
Binəqədi qəsəbəsi 1 korpus mədən 15 ünvanında yerləşən torpaq sahəsini 18000 manata
iddiaçıya satdığını təsdiq etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz mülkiyyətindən
öz istədiyi kimi istifadə edə bilmir.

Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan evlər

qanunsuz tikilidir. Evlərin yerləşdiyi torpaq Neft Şirkətinin ərazidir. Həmin evləri Əhməd və Fəqan
birlikdə tikdirmişlər. 1-ci qrup Qarabağ əlili olduqlarına görə onlara belə bir icazə verilmişdir. Evlər
tikiləndən sonra ortadakı ev Fəqana düşmüşdür. Fəqanla iddiaçının nikahı olmamışdır. Fəqan
rəhmətə getməmiş evlərin biri satılmış, onların da pulu verilmişdir. Həmçinin evlərdən birini Əhməd

Dimaya satmışdır. Birində isə hazırda o, qalır. Evlərdə sayğac onun və Dimanın adınadır. O, iddianı
qəbul etmir və rədd edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X13

ifadəsində bildirmişdir ki, 2019-cu ilin avqustunda evi iddiaçıdan almışdır. Torpağın sənədi
olmadığından notariat qaydasında podrat müqaviləsi bağlamışlar və iddiaçıya 18000 manat pul
vermişdir. Evdə düzəldilməli şeylər olduğundan evə köçməmiş, 20 gün sonra isə qayınatası zəng
edərək evdə kiminsə yaşadığını demişdir. Sonradan iddiaçı onun pulunu qaytarmışdır.

Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X3

ifadəsində bildirmişdir ki, torpağı Mamed adlı şəxsdən 11000 manata almışdır. Həmin torpaq
Mamedin atasından qalmış, lakin heç bir sənədi olmamışdır. Torpaq bələdiyyənin balansındadır.
Sonradan oranı 18000 manata Fəqana satmışdır. Cavabdehi isə tanımır.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 2(001)-1279/2020

saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, ona məxsus fərdi yaşayış

evinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş,
iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin
“mülkiyyət hüququ“na dair normalarına istinad etmişdir.

İddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən

keçirilə bilər. Həmin maddi hüquq normasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən
öz əmlakını geri tələb edə bilər.

Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin

özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən
qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir;
2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3)
cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə

yükü qaytarılmasını tələb etdiyi əmlakın özünə məxsusluğunu və cavabdehdə olduğunu sübut
etməsidir. Lakin o, əmlakın özünə məxsusluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim
edə bilməmişdir; əksinə, qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı
hüququnun (mülkiyyət hüququ, icarə hüququ, istifadə hüququ və s.) olmadığı, eləcə də onun
(iddiaçının) heç bir hüquq müəyyənedici sənədi olmayan həmin torpaq sahəsində mərhum əri ilə
birlikdə tikdiyini iddia etdiyi evlərin özbaşına tikili olduğu müəyyən edilmişdir.

Şərh edilənlərə əsasən məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə

və Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il
tarixli qərarına istinadla əsaslandırmışdır.

Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin

olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki icraat
Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat

verərək onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, torpağın akt
sənədi var. Bələdiyyənin verdiyi ancaq çertyoj var idi. Evin tikintisi ilə, təmiri ilə bağlı bütün
materialları o, almış, evin tikintisində iştirak edən ustaya kimi hamını şahid qismində məhkəmə
iclasına dəvət edə bilər. Faktiki nikahda olan yoldaşı ilə 2017-ci ildə Binəqədi rayonu, mədən 17-də
torpaq sahəsi almışlar. Torpağın alınmasına 18000 manat pul vermiş və 2017-ci ildə tikintiyə
başlamışdır. Sonradan onda onkoloji zob olduğuna görə həkim ona həmin yerdə yaşamağa icazə
verməmiş və ondan sonra satmağa başlamışdır. O, 3 evdən birini Amil Balazadəyə satmış,
yoldaşının sağlığında ortadakı evi Aidəyə satmışdır.

Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, həmin

ərazi zibilxana idi. İddiaçı həmin ərazini alıb, öz əziyyəti ilə orada ev tikib. O, 2017-ci ildən həmin
ərazidə kirayəçi kimi yaşamış, 3-4 aydır ki, oradan çıxmışdır. Hal-hazırda orada ev var, 1 tikilidir,
evi iddiaçı tikdirib.

Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, həmin

evdə usta işləmişdir. Fəqan adlı biri üstlərində rəhbər idi. Materialı iddiaçı alırdı. Pullarını da iddiaçı
verirdi. Evi hardasa 2017-ci ilin oktyabr, noyabr ayında bitirmişlər. Onlar hörgünü etdikdən sonra
həmin evdən çıxmışlar.

Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, O

mübahisəli evdə yerə materiallar vurmuşdur. Onları 4 il bundan qabaq vurmuşdur. Görmüşdür ki,

qonşuluqda tikintidir, o da qoşulmuşdur. İddiaçını qonşu kimi tanıyır. İddiaçı 150-200 manata yaxın
pul verdi.

Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o,

iddiaçının evində santexnik işləmişdir. Mübahisəli mənzil iddiaçının yoldaşı Fəqana məxsusdur.
Ona pulu iddiaçı verirdi. İddiaçının evi bir damın altında 3 evdir. Evdə kişi olaraq iddiaçının
yoldaşını tanıyırdı. O, evdə həmçinin elektrik işi görürdü. Cəlilabaddan fəhlə var idi, onunla birgə
işləmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik

edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) 2(103)-1925/2021 nömrəli iş üzrə 22
fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi təmin
edilərək cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 1 mədən, korpus 15 ünvanda yerləşən iddiaçıya
məxsus özbaşına tikilidən çıxarılması və tikilinin iddiaçıya qaytarılması qət olunmuşdur.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi dövlət reyestrində

qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır.
Özbaşına tikilidən çıxarılma məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından
məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının
tələblərinə uyğun həll edilməlidir.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə

əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun
analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları
olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik
normaları tətbiq edilir.

Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq

münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri
tənzimləyən hüquq normalarına müraciət edir.

Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə

və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri
tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq

normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə
tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət

tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə
edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın
mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o
cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst
surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka
başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə
istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin
hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Məhkəmə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla qeyd etmişdir ki,

mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun
müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən
etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və
həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.

Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus

olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam
edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri
arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində
iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

Məhkəmə qeyhd etmişdir ki, mübahisəli tikili xüsusi mülkiyyətdə olmasa da, iş üzrə

dindirilmiş şahid ifadələrindən və iş materiallarından mübahisəli tikilinin iddiaçının maddi vəsaiti ilə
inşa edildiyi və bununla da tikilinin iddiaçıya aid olması müəyyən edilir. Mübahisəli yaşayış
sahəsinin özbaşına tikili olması, hazırki iddia tələbinin təmin edilməsinə mane ola bilməz. Belə ki,

Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki,
heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə
görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni
insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün
şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün
məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum
edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində
mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin
belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin tikili üzərində hüququ
olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, cavabdeh
yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi
davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə
pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər
bir norması birbaşa hüquqi qüvvəyə malikdir.

Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin

edilməsi qənaətinə gəlmişdir.

Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-

ci hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 11.1, 11.2, 152,
157.2-ci maddələrinə,

Mülki Prosessual Məcəllənin 13.4, 384.0.2-ci maddələrinə, “Normativ

hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-vimaddələrinə, “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə,
“Broniovski Polşaya qarşı” və “Akimova Azərbaycana qarşı” işlər üzrə Avropa Məhkəməsini
qərarlarına istinadla əsaslandırmışdır.

Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi

və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

Bakı Apellyasiya Məhkəməsi iş üzrə

şahid qismində dindirilmiş şəxslərin verdiyi ifadələrə istinad etmiş və özbaşına tikili olduğundan
maddi hüquq norması ilə tənzimlənməyən mübahisə olduğu üçün qanunun analogiyasma istinad
etmişdir. Məhkəmənin iş üzrə gəldiyi qənaət tamamilə əsassızdır. Belə ki, hakim şahidlərin verdiyi
ifadələrin konkret olaraq hansı ünvanda yerləşən özbaşına tikili ilə bağlı olduğunu müəyyən
etməmişdir. Halbuki iddiaçı həmin şəxsləri həmin ərazidə yerləşən digər özbaşına tikililərdə də usta
və fəhlə kimi işlədə bilər. Hakim Mülki Prosessual Məcəllənin tələblərinə əsasən yerində baxış
keçirərək iş üzrə ədalətli və obyektiv qərar qəbul edə bilərdi ki, bunu etməmişdir. Yerli baxışın
önəmi bu tipli mübahisələrdə daha əhəmiyyətlidir. Çünki konkret olaraq özbaşına tikilinin hansı
ünvanda yerləşməsi məlum deyildir.

Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa

uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası

Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin
qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi

sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və
qorunan hüququdur;

Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi

cəhətdən təmin edilmiş imkanıdır.

Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil

etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən
fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə

birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin
münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin

hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn
analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə
alınmalıdır.

“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı

protokolunun 1-ci maddəsi:

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs

cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə
tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“Broniovski Polşaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı:
“...1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil

mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi
əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və
beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə
araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından
ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?.

“Akimova Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarı:
“...1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə

hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir.
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin
maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər
istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik
cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır.
Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın
əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda,

məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin

gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına,

məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və
yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır .

Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan,
aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya)
müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan
apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas
yoxdur.

Kassasiya şikayətinin dəlillərində görünür ki, cavabdeh iş üzrə apellyasiya instansiyası

məhkəməsinin sübut kimi istinad etdiyi şahid ifadələrini mübahisələndirir və məhkəmənin sübutları
düzgün qiymətləndirmədiyini, ifadə vermiş şahidlərin ifadələrinin baxılan işlə bağlı iddiaçıya
məxsus özbaşına tikili ilə əlaqədar olması qənaətinə gəlməyə əsas vermədiyini göstərmişdir.

Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi

təərfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində məhkəmənin prosessual pozuntuya
yol verilməsi ilə bağlı olduğundan, kassasiya məhkəməsinin şikayətin dəlillərinə qiymət verərkən
həmin sübutlara istinad etməsi işin faktiki hallarının araşdırılması kimi qiymətətləndirilməlidir.

Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilən, şahidlərin ifadəsinin alındığı

məhkəmə iclaslarını protokollarından görünür ki, məhkəmə şahidləri dindirməzdən əvvəl onlara
huquq və vəzifələrini izah etmiş, düzgün ifadə verməməyin məsuliyyətə səbəb olacağı barədə
məlumatlandırmışdır. Şahidlər verdikləri ifadələrdə mübahisəli evlə bağlı “həmin ev”, “iddiaçıya
məxsus ev“, “mübahisəli ev” kimi ifadələr işlətmiş, şahidlərin ifadələrindən söhbətin konkret olaraq
məhz iddiaçıya məxsus özbaşına tikililərdən getdiyi məlum olması aydın görünür.

Digər tərəfdən şahidlər ifadələrində iddiaçının həmin yerdə 3 ev tikdirməsi, hər üç evin bir

damın altında olması, evlərin fundamentinin bir olması, yan-yana 3 evin olmasını bildirmişlər.

Görünüyü kimi şahid ifadələrinə əsasən mübahisəli ərazidə yerləşən özbaşına tikililərin (yan

yana üç ev olmaqla bir tikilinin) iddiaçıya məxsusluğu müəyyən edilmişdir.

Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün

faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına
uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır,
onlara qiymət verilmir.

Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla apellyasiya instansiyası

məhkəməsinin ləğv edilməsi üçün əsas deyildir.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1925/2021 nömrəli iş üzrə 22 fevral

2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.