2[102]-5459/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5459/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə

Q Ə R A R İ

Açar sözlər: aliment borcunu ödəməkdən azad olunma

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov

Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və
Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,

Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə,
Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-245/2021 nömrəli iş üzrə 09

fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair

işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 10 yanvar

2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından 2 övladları anadan
olmuşdur - 12 fevral 2011-ci il təvəllüdlü X3 və 13 oktyabr 2012-ci il təvəllüdlü X6.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(005)-

9573/2016 nömrəli qətnaməsi ilə, İddiaçı 12 fevral 2011-ci il təvəllüdlü xxx və 13 oktyabr
2012-ci il təvəllüdlü xxxx yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay hər uşaq
üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh
verilməsi, alimentin tutulmasının 02 noyabr 2016-cı il tarixdən hesablanması qət
olunmuşdur.

Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin 11.01.2017-ci il tarixli qərarı ilə icra

sənədi üzrə icraat başlanmış, borclu İddiaçı icra sənədində göstərilən tələbi 10 gün
müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilmişdir.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 8(005)-

795/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin
təqdimatı təmin edilərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun Bakı
şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara
alınmış, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis Şöbəsinə həvalə edilmişdir.

Balakən Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(019)-692/2019 nömrəli

qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 10 yanvar 2011-ci il tarixdə bağlanmış nikahın
pozulması, nikah pozularkən tərəflərin birgə nikahından anadan olmuş uşaqların
analarının yanında saxlanılması qət edilmişdir. 

Balakən rayon İcra və Probasiya Şöbəsinin 15.10.2019-cu il tarixli qərarı ilə Bakı

Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli, 30.11.2016-cı il tarixli
icra sənədi üzrə icraata başlanmış, borcluya tələbin könüllü icrası barədə bildiriş
göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri

Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli, 30 noyabr 2016-cı il tarixli
qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 manat borcun ödənilməsindən azad
edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin iyul ayında cavabdeh ondan

ayrıldıqdan sonra aliment tələbi barədə məhkəmədə iddia qaldırmış, sözügedən qətnamə
ilə ondan aliment tutulması qət edilmişdir. 2016-cı ilin dekabr ayında cavabdeh iki uşağı da
gətirərək, onunla barışmış və 2019-cu ilin mart ayınadək birlikdə Bakı şəhəri, Nərimanov
rayonu, X12, 9B ünvanında yaşamışlar. 2019-cu ilin mart ayında cavabdeh yenidən
mübahisə yaratmış və uşaqları da özü ilə apararaq getmişdir. 2016-cı ilin dekabr ayından
2019-cu ilin mart ayınadək barışıb birlikdə yaşadıqlarından, aliment tutulması barədə
qətnamə icraya yönəldilməmişdir. 2019-cu ilin iyul ayında nikahın pozulması barədə iddia
tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh yenidən alimentin tutulması
barədə məhkəmə qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Hazırda həmin
qətnaməyə əsasən borcu 8640 manat təşkil edir. Hesab edir ki, cavabdehlə 2016-cı ilin
dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb birlikdə yaşadıqlarından, o, həmin
müddətdə olan aliment borcundan azad edilməlidir. Həmin müddət 27 aydır və cəmi
aliment borcu 6480 manat təşkil edir.

Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki,

2016-cı ilin iyul ayından iddiaçıdan ayrı yaşayır. Həmin vaxtdan uşaqları da onun yanında
və himayəsində yaşayırlar. İddiaçı ailənin, uşaqların saxlanmasına pul vəsaiti sərf

etməmiş, heç bir maddi köməklik göstərməmişdir. İddiaçı ilə 2016-cı ilin dekabr ayından
2019-cu ilin mart ayınadək Bakı şəhərində və ya başqa yerdə birgə yaşamamış, onunla
barışmamış və birgə təsərrüfat aparmamışdır. Həmin vaxt iddiaçının anasının (keçmiş
qayınanasının) dəvəti ilə ona məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləşən
mənzildə uşaqları ilə yaşamışdır. Lakin orada iddiaçı ilə yaşamamış, ər-arvad
münasibətlərini bərpa etməmiş və iddiaçı uşaqların saxlanmasında və onların maddi
təminatında iştirak etməmişdir. İddiaçının bu barədə bildirdikləri həqiqətə uyğun deyildir. O,
bu məlumatları aliment borcunu ödəməmək üçün uydurmuşdur.

Məhkəmə iclasında tədqiq edilən, Bakı şəhəri, X12, ev 34A ünvanında qeydiyyatda

olan X2 və Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan X4 tərəfindən imzalanmış
notarial qaydada təsdiq olunmuş ərizədə sonuncular bildirirmişlər ki, qonşuları İddiaçı,
Cavabdeh, X3 və X6 2016-cı il dekabr ayından etibarən 2019-cu il mart ayına kimi Bakı
şəhəri, X12, ev 9B ünvanında yaşamışlar.

Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi)

2(019)-452/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim
Z.Tahirov) iddia tələbi rədd edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə

qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun
onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və
aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan
verməməsi daxildir. Qanunun mənasına görə, aliment üzrə borcları ödəməkdən azad
edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən
edilməsini məhkəmənin səlahiyyətlərinə aid etmişdir. Başqa sözlə, aliment üzrə borcların
qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa və
ödəməkdən azad etməyə haqlıdır. Lakin bununla bağlı o hallar əsas kimi götürülə bilər ki,
həmin halların mövcud olması aliment borclarının ödənilməsini qeyri-mümkün etsin.

İddiaçı həqiqətən də 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək

cavabdehlə bir yerdə, bir ailə kimi yaşadıqlarını, həmin vaxt ümumi təsərrüfat
apardıqlarını, uşaqların saxlanmasını həyata keçirdiyini, onların maddi təminatında iştirak
etdiyini təsdiq edən hər hansı mötəbər sübutu (müvafiq ərzaq məhsullarının və geyimin
alınmasına, əyləncəyə və digər təminatlara dair nə qədər xərc çəkdiyini təsdiq edən
müvafiq qəbzlər və digər ödəniş sənədləri, audio və videoyazılar, yazılı, maddi və sair
sübutlar) məhkəməyə təqdim etməmişdir.

Məhkəmə qeyd etmişdir ki, X2 və X1 notarial qaydada təsdiq olunmuş birgə

ərizəsində qeyd olunan məlumatlar da iddiaçı ilə cavabdehin göstərilən müddət ərzində bir
yerdə, bir ailə olaraq yaşaması və iddiaçının uşaqların saxlanması və maddi təminatında
iştirak etməsi, onların saxlanmasına maddi vəsait sərf etməsinin sübutu ola bilməz və ona
görə də mötəbər sübut kimi qəbul edilə bilməz.

Bundan başqa, cavabdeh iddiaçının göstərdiklərini təkzib etmiş, sözügedən icra

sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün aidiyyəti İcra və
Probasiya Şöbəsinə müraciət etməmiş, həmçinin iddia olunan vaxtda Nərimanov rayon
İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icra tədbirlərini həyata keçirilmiş, hətta
borclunun İcra və Probasiya Şöbəsinə gətirilməsi üçün məhkəmə qərardadı qəbul edilmiş
və icra olunması üçün polis orqanlarına göndərilmişdir. Bu hallar onu deməyə əsas verir ki,
iddiaçı ilə cavabdehin həmin müddətdə bir yerdə ailə olaraq yaşaması və iddiaçının
uşaqlarını və ailəsini maddi cəhətdən təmin etməsi barədə dəlili inandırıcı deyildir.

Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin

(bundan sonra – Ailə Məcəlləsi) 107.2, 112.1-ci, Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 89.1,
89.3, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq qeyd

etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını
pozmuşdur. Ona görə də, qətnamə ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə
yeni qətnamə çıxarılmalıdır.

Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya

instansiyası məhkəməsi) 2(107)-245/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli
qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və
G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə

razılaşaraq qeyd etmişdir ki, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad
edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa
üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli şəxsin ailə vəziyyəti və maddi
vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Lakin, hazırkı vəziyyətdə qeyd
olunan hallar müəyyən edilmədiyindən və iddiaçı tərəfindən məhkəmələrə hər hansı sübut
təqdim edilmədiyindən, iddia tələbinin təmin olunması üçün əsas yoxdur.

Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.2, 107.2-ci, “Uşaq hüquqları

haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları
haqqında” Qanun) 3, 5, 8, 13-cü, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə
istinadla əsaslandırmışdır.

Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar
çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi hüquq

normalarını pozmuş, düzgün tətbiq etməmiş, nəticədə qeyri-obyektiv və qərəzli qətnamə
qəbul etmişdir.

Şikayətin dəlilləri əsasən iddia tələbinin dəlilləri ilə eynidir.
Kassator əlavə olaraq göstərmişdir ki, məhkəmə notarial qaydada təsdiq edilmiş

şahid ifadələrini sübut kimi qəbul etməmişdir. Lakin onlarla qonşuluqda yaşayan həmin
şəxslər ailə üzvləri olmadıqlarına görə onunla cavabdehin dəqiq 2016-cı ilin dekabr ayının
hansı günündə və hansı saatında barışıb ər-arvad kimi yaşadıqlarını, 2019-cu ilin mart
ayının hansı günündə və hansı saatına ayrıldıqlarını dəqiq deyə bilməsələr də, onların bu
barədə ümumi təsəvvürləri olmuşdur və həmin müddətdə onların bir ailə kimi bir evdə
birlikdə yaşadıqlarını təsdiq etmişlər.

Cavabdehlə bir yerdə yaşadıqlarından 2016-cı ildən 2019-cu ilədək nə o, nə də

cavabdeh nikahın pozulması barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə
iclasında cavabdeh həmin müddət ərzində hansı səbəbdən alimentin ödənilməməsi ilə
bağlı icra məmuruna şikayət etmədiyini, nikahın pozulması ilə bağlı məhkəmədə iddia
qaldırmadığını cavablandıra bilməmişdir.

O, heç vaxt aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, icra işi 2019-

cu ilin oktyabr ayında Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra
3500 manat məbləğində aliment ödəmişdir. 2016-cı ilin noyabr ayından 2019-cu ilin
oktyabr ayınadək bir dəfə də olsun qətnamənin icra edilməməsi ilə bağlı inzibati
məsuliyyətə cəlb olunmamışdır. İddiaçı da birinci instansiya məhkəməsində verdiyi
izahatında 2016-cı ildən 2019-cu ilədək onun anasının adına olan evdə yaşadığını etiraf
etmişdir.

Məhkəmə qeyd edilən halları tam və obyektiv araşdırmamış, MPM-in 88, 89, 106.1-ci

maddələrini pozmuş, səhv hüquqi nəticəyə gəlmişdir.

Eyni zamanda, onun ailə vəziyyətində dəyişiklik olmuş, 12 dekabr 2020-ci il tarixdə

X5 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 23 iyun 2020-ci il tarixdə xxxx adında
övladı anadan olmuşdur. Qeyd olunmuş hallar ödənilməmiş aliment borcundan azad
edilməsi üçün üzrlü səbəb hesab edilməlidir.

Kassasiya şikayətinin əsası kimi, həmçinin Ailə Məcəlləsinin 75.4, 99, 107.2, 112-ci

maddələrinə istinad olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in
415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Kassasiya baxışının hədləri
MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut

olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.

Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının

tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır.

Tətbiq edilən hüquq
Ailə Məcəlləsi
Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1).
Məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və

yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı
ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə
və yа qismən аzаd edə bilər (maddə 107.2).

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı

müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik
olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş
miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa
maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112).

MPM

Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə

77.1).

Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə

etməlidir (maddə 14.2).

Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (maddə

104.1).

Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və

vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr
verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və
məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə
iclasının protokoluna əlavə edilir (maddə 194.1).

Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş

sübutlarla əsaslandırır (maddə 217.4).

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu
baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, şəxsin notariat

qadada təsdiq edilmiş yazılı ərizəsi (izahatı) MPM-in 104 və 194-cü maddələrinə əsasən
məhkəmə iclasında, məsuliyyət barədə xəbərdarlıq haqqında iltizamı imzalamaqla
bilavasitə verilən şahid ifadəsini əvəz edə və ya belə ifadəyə bərabər tutula bilməz. Belə
ərizələr yazılı sübutlar kimi məhkəmə tərəfindən digər sübutlarla yanaşı tədqiq edilə və
qiymətləndirilə bilər. Baxılan iş üzrə məhkəmələr iddiaçının istinad etdiyi həmin sübuta
mötəbərlik baxımından əsaslandırılmış qiymət vermişdir.

Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan

bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə
dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-245/2021 nömrəli iş üzrə 09

fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.