2[102]-5476/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5476/2021

01.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı satılmış mala görə verilməli olan pul öhdəliyinin icrası

tələbinə dair iş üzrə

Q Ə R A R İ

(Açar sözlər:, sübutetmə yükü, sübutsuz müəyyən edilən hallar,

iddia tələbinin etirafı, faktın etirafı)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə

Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa
oğlundan ibarət tərkibdə,

Cəfərova Qəmər Muxtar qızının katibliyi,
İddiaçının vəkili Vəkil iştirakı ilə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1362/2021 nömrəli iş üzrə 20 may

2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı
qəbul etdi.

İşin halları
İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) arasında nisyə

alğı-satqı müqaviləsindən irəli gələn borc münasibətləri yaranmışdır.

Tərəflər arasında pulun ödənilməsi ilə bağlı mübahisə yarandığından iddiaçı Sabirabad RPŞ-

ə ərizə ilə müraciət etmiş, həmin orqanın 27.01,2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması
rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10744

manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq

ondan kənd təsərrüfatı malları alaraq satıb pulunu ödəyirdi. 2019-cu ilin yanvar ayında cavabdeh
təkrar olaraq 4 ton nisyə şəkildə kartof almış, pulunun yarı hissəsini vermişdir. 2 ton kartofun pulu
ödənilməmiş qalmışdır. Bir həftə sonra cavabdeh ondan 4 ton nisyə kartof almış, pulunu
ödəməmişdir. Bundan sonra yenə də hər dəfə 4 ton olmaqla 2 dəfəyə cavabdeh ondan nisyə
olaraq kartof almış, pulu isə cəm şəkildə 2019-cu ilin mart ayında qaytaracağına söz vermişdir.
Cavabdeh cəmi 10744 manat dəyərində nisyə topdan satış formasında nisyə kartof götürmüşdür.
Müddət bitəndən sonra satılmış mala görə pul öhdəliyini yerinə yetirməmiş, müxtəlif bəhanələrlə
aldığı malın dəyərini ödəməkdən boyun qaçırmışdır. Ona görə də məcbur qaldığı üçün məhkəməyə
müraciət etməli olmuşdur.

İddiaçı iddia tələbinin həcmini azaldaraq məhkəməyə müraciət etdikdən sonra cavabdeh

ümumi borcundan 300 manat pulu poçt vasitəsilə ödədiyinə görə cavabdehdən qalan 10444 manat
pulun alınıb verilməsini xahiş etmişdir.

İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi

haqqında” 27.01,2020-ci il tarixli qərarda qeyd edilmişdir ki, təhqiqat zərurəti ilə əlaqədar cavabdeh
Sabirabad RPŞ-nə dəvət olunmuş, cavabdeh Quba rayonunda, kənd məhsullarının satışı ilə
məşğul olduğu üçün RPŞ-nə gələrək izahat verə bilməyəcəyini, iddiaçıdan kartof və soğan aldığını,
ona 10744 manat pul borcunun olduğunu, pulu olmadığından borcunu qaytara bilmədiyini, pul
borcunu qısa müddət ərzində hissə-hissə ödəyəcəyini bildirmiş, bununla bağlı arayış yazılaraq
materiala əlavə edilmişdir.

Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.
Salyan Rayon Məhkəməsinin (sədrlik edən Muradağa Qasımov) 02 iyul 2020-ci il tarixli,

2(057)-762/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ilin noyabr ayından

başlayaraq 2019-cu ilin yanvar ayına qədər cavabdehə 10744 manat məbləğində nisyə mal vermiş,
cavabdeh həmin malı sataraq pulunu 2019-cu ilin mart ayında qaytaracağını öhdəsinə götürsə də,
onu qaytarmaqdan yayındığına görə iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət
etmiş, bundan sonra cavabdeh poçt vasitəsilə borcundan 300 manatını iddiaçıya qaytarmış,
hazırda onun iddiaçıya 10444 manat borcu qalmışdır.

Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir.
Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 427.1,

427.2, 427.3, 427.4, 600.4, 601.1, 442, 445.2, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4-cü
maddələrinə istinadla əsaslandırmışdır.

Cavabdeh apellyasiya şikayəti vermişdir.
Apelyasiya şikayətinin dəlillərinə görə iddiaçı ilə son haqq hesablarından sonra iddiaçıya

cəmi 5744 manat borclu olduğu müəyyən olunmuş və həmin pulu hissə-hissə ödəyəcəyinə söz
vermişdir, sonradan həmin borcun 300 manatını bank vasitəsilə iddiaçıya göndərmişdir, qalan 5444
manat pulu iddiaçıya ödəyəcəkdir. Birinci instansiya məhkəməsi heç bir sübut olmadan iddianı
təmin etmişdir.

Məhkəmə işdə olan Sabirabad rayon PŞ-nin 27.01.2020-ci il tarixli cinayət işinin

başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir, həmin qərara görə işdə polis

tərəfindən tərtib olunmuş arayış vardır, həmin arayışa görə telefon vasitəsi ilə təhqiqatçı ilə söhbət
etmiş və guya iddiaçıya 10744 manat borcu olduğunu etiraf etmişdir. Lakin polis təhqiqatçısı ilə
borc barədə söhbəti olmamış, təhqiqatçıdan polis şöbəsinə gəlmək barədə vaxt istəmişdir,
sonradan təhqiqatçı onun polis şöbəsinə gəlməsini tələb etməmişdir, iddiaçının bildirdiyi polisin
arayışı sübut kimi qəbul edilə bilməz.

Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın

qismən 5444 manat həcmində təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Apelyasiya instansiyası məhkəməsindəki icraat
Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov - sədrlik

edən və məruzəçi, İlham Əsədov və Müşfiq Həsənov) 2(106)-1362/2021 nömrəli iş üzrə 20 may
2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehdən 5444 manat pulun alınaraq iddiaçıya
verilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, işə birinci instansiya

məhkəməsi tərəfindən baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, onun iddiaya qarşı etirazları
öyrənilməmiş, münasibəti aydınlaşdırılmamışdır.

Cavabdeh apellyasiya şikayətində işə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd

edilməsi haqqında” 27.01.2020-ci il tarixli qərarı mübahisələndirmiş, həmin qərardad əks olunmuş
qaydada izahat vermədiyini bildirmişdir.

Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən

“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.01.2020-ci il tarixli qərara istinad
etmişdir.

Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni

əsaslı hesab etməyərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 80-ci, 88-ci, 82.4-cü
maddələrinin tələbləri baxımından həmin qərarın və yazılmış arayışın məhkəmə üçün qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur, ona görə də, həmin sənədlər sübut növü kimi qəbul
edilməməlidir.

Apelyasiya şikayətinin dəlillərinə görə iddiaçı ilə son haqq hesablarından sonra iddiaçıya

cəmi 5744 manat borclu olduğu müəyyən olunmuş və həmin pulu hissə-hissə ödəyəcəyinə söz
vermişdir, sonradan həmin borcun 300 manatını bank vasitəsilə iddiaçıya göndərmişdir, qalan 5444
manat pulu iddiaçıya ödəyəcəkdir. İddiaçının tələb etdiyi və məhkəmənin əsassız olaraq təmin
etdiyi 10744 manat borcun olması əsassızdır, iddiaçıya həmin məbləğdə borcu olmamışdır, hazırda
iddiaçıya 5444 manat borcu qalmışdır, birinci instansiya məhkəməsi heç bir sübut olmadan iddianı
təmin etmişdir.

Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 10444 manat pul borcunun olması barədə

yazılı sübut təqdim etməmişdir və cavabdehin iddiaçıya həmin məbləğdə borcunun olması rəsmi,
yazılı sənədlə sübut edilmir.

Məhkəmə cavabdehin iddiaçıya 5444 manat pul borcu olması barədə izahatını və apellyasiya

şikayətinin dəlillərini, iddianı qismən etiraf etməsini digər sübutlarla yanaşı qiymətləndirərək sübut
kimi qəbul etmiş və bununla da cavabdehin iddiaçıya 10444 manat deyil, 5444 manat pulun
tutulması nəticəsinə gəlmişdir.

İddiaçı (Vəkil) kassasiya şikayəti

verərək apellyasiya instansiyası

məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini
xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq

normalarının tələblərini pozmuşdur. M

əhkəmə cavabdehin mövqeyindən deyil, obyektiv, tam və

hərtərəfli araşdırma aparmaq niyyəti olsaydı onda ən azından ya polis idarəsinə sorğu verərdi, ya
da həmin təhqiqatçının iştirakını təmin edib izahatını ala bilərdi. Digər tərəfdən isə Sabirabad rayon
PŞ-nin 27.01.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd
olunanlarla, polis tərəfindən veriləcək arayış arasında olan fərqin nədən ibarət olmasına
ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə qiymət verməmişdir ki, tələb olunan pul vəsaiti
borc münasibətlərindən deyil, cavabdehin iddiaçını aldatması nəticəsində əmələ gəlmişdir.
Cavabdehin götürdüyü malın dəyəri olaraq iddiaçıya 10444 manat pul vəsaiti verməsinin şahidləri

vardır (malları cavabdehə təhvil vermiş şəxslər). Cavabdehin etirafı olduğundan onların
məhkəməyə cəlb olunmalarına ehtiyac olmamışdır. Məhkəmə araşdırmamışdır ki, cavabdeh
iddiaçıdan nə qədər dəyərində mal almış, nə qədərini ödəmişdir və buna dair hansı sübutlar vardır.

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun

izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak

edə bilmədiyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə
səhhəti ilə bağlı hər hansı bir sənəd göndərməmişdir.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü

maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə

əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin

(əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan
müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə
uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan

müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya
ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi

nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o
halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,
ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə

alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan

faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və
qiymətləndirilməlidir.

Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq

edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin

gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir.

Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya

şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına,

məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və
yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır .

Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan,
aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya)
müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ətnaməsini dəyişdirərək

iddia tələbini qismən təmin etmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir.

Qətnamədən iddiaçı kassasiya şikayəti verdiyindən qətnamə yalnız mübahisələndirilən

hissədə, yəni iddia tələbinin rədd edilən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq
normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin
qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında

şifahi qaydada bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn mübahisə yaranmışdır.

Cavabdeh bu münasibətləri inkar etməmiş, həmçinin iddia tələbin birinci instansiya

məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qismən etiraf edərək iddiaçıya 5444
manat borcunun olmasını göstərmişdir.

Hazırda iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirir.
Məhkəmə kollegiyası qeyd edir ki, Mülki prosessual qanunvericilik sübutetmə yükünü

tərəflərin üzərinə qoymuşdur.

Belə ki, MPM-nin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, 14.2-ci maddəsinə görə isə, məhkəmə
yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual

qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin
mübahisələndirmədikləri faktları, eyni zamanda sübutsuz müəyyən edilən halları müəyyən
etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı
sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv,
qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
müvafiq olaraq qiymət verməlidir.

Qanunvericilikdə bəzi hallar vardır ki, həmin hallarda qanunvericilik tərəfləri sübutetmə

yükündə azad edir.

Bu hallara tərəfin faktı və ya iddia tələbini etiraf etməsi (106.3, 191 maddələr), preyudisial

qərarlarla müəyyən edilən hallar (82.3, 82.4 maddələr) hamıya bəlli olan hallar (maddə 82.1) aiddir
və belə hallarda tərəflər sübutetmə yükündən azaddır.

Cavabdeh 5444 hissədə iddia tələbini etiraf etdiyindən iddiaçı bu hissədə sübutetmə

vəzifəsindən azaddır.

Lakin tələbin rədd edilən hissəsində tələbin əsaslılığı sübutetmə iddiaçının üzərinə düşür.
İşin mübahisələndirilməyən hallarına görə tərəflər arasında hər hansı bir rəsmi müqavilə

bağlanmamış, malın verilməsi və dəyərinin ödənilməsi sənədləşdirilməmişdir.

İddiaçı yalnız məhkəməyə təqdim etdiyi Polis Orqanının qərarına istinad etmişdir.

Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni

qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və
kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin
hadisəyə aidiyyəti hissəsində məcburidir.

Göründüyü kimi, cinayət işi üzrə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya

digər qərarı mülki işə baxılarkən preyudisial xarakter daşıyır və həmin halın sübuta ehtiyacı yoxdur.

Hazırki işdə isə iddiaçı sübut kimi məhkəmənin qərarında deyil, təhqiqat orqanın qərarına

istinad etmişdir. Halbuki həmin qərarda göstərilən məzmunda izahatın cavabdehin özü tərəfindən

deyil, onun telefonda təhqiqatçıya bildirdiyi sözlərinə görə yazıldığı görünür, yəni cavabdehin
özünün belə məzmunda yazılı izahatı mövcud deyildir.

MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər

tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron
məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz
audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının
protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə
ifadə olunursa, həmin ərizə işə tikilir.

Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki,

cavabdeh Polis orqanında olmamış, heç bir yazılı izahat verməmişdir.

Ona görə də, apellyasiya instansiyası məhkəməsi həmin qərarı mötəbər sübut kimi qəbul

etməməklə prosessual normalarının tələblərini pozmamışdır.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1362/2021 nömrəli iş üzrə 20 may

2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.