2[102]-5547/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2(102)-5547/2021
01.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki kollegiyasının
İddiaçı Cavabdeh qarşı
iddia tələbinə dair
Q Ə R A R İ
Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi, sübutetmə yükü,
məhkəmə aktlarının əsaslandırılması, apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov
Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd
oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,
Şahvələdov Ümüd Nadir oğlunun katibliyi,
Cavabdeh iştirakı ilə,
Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3176/2020 nömrəli iş üzrə
14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə
iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia
tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4730 manat məbləğində pulun və
ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş
etmişdir.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona müraciət edərək nisyə qızıl
əşyası istəmiş, həmin qızılları girov qoyub kredit götürəcəyini və onun pulunu verəcəyini
bildirmişdir. Cavabdehi uzun zamandır tanıdığından, habelə aralarında bir neçə dəfə alqı-
satqı olduğundan etibar etmiş və 3 adda qızıl əşyasını nisyə vermişdir. Belə ki, 1 ədəd,
dəyəri 1100 manat olan 110 qram çəkidə rekert toxunuşlu qızıl sepi, 1 cüt, dəyəri 1400
manat olan on ədəd brilyant qaşlı qızıl sırğanı və 40 ədəd, dəyəri 480 manat olan
özəlləşdirmə çeklərini cavabdehə vermiş, sonuncu da borcunu qısa zamanda ödəməyi
öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçsə də, cavabdeh onun
borcunu qaytarmamışdır. Bundan başqa, cavabdeh ona yenidən müraciət edərək 2006-cı
ilin yanvar ayında 1 ədəd, dəyəri 300 manat olan dəri plaşı və 1 ədəd, dəyəri 100 manat
olan dəri kurtkanı nisyə almış, həmin ilin mart ayında pulunu verəcəyinə vəd vermişdir.
Lakin cavabdeh həmin geyim əşyalarının da pulunu qaytarmaqdan boyun qaçırmışdır.
Həmçinin, cavabdeh 07 mart 2006-cı il tarixdə ondan 1500 ABŞ dolları, yəni 1350 manat
məbləğində borc almış, bu barədə yazılı iltizam vermiş, borcunu qısa zamanda ödəməyi
öhdəsinə götürmüş, lakin həmin pulu da qaytarmamışdır. Nəticədə, cavabdehin ona 4730
manat məbləğində borcu yaranmışdır.
Məhkəmə iclasında verdiyi izahatında iddiaçı göstərmişdir ki, israrlı təkidlərdən və
məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh həmin puldan 700 manat ödəmiş, qalan
4030 manatı ödəməkdən boyun qaçırmışdır.
Məhkəmədə tədqiq edilmiş, 07 mart 2006-cı il tarixdə cavabdeh tərəfindən
imzalanmış iltizamda qeyd olunmuşdur ki, cavabdeh iddiaçıdan 1500 ABŞ dolları borc
almışdır.
Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-
1205/2020 nömrəli iş üzrə 06 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev)
iddianın qismən təmin edilməsi, cavabdehdən 4030 manat məbləğində pulun alınıb
iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30
manat pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət
olunmuşdur.
Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cəmi dəyəri 2.500 manat
olan qızıl-zinət əşyalarını, 480 manat dəyərində özəlləşdirmə çeklərini, 400 manat
dəyərində geyim əşyalarını cavabdehə nisyə vermişdir. Cavabdeh isə həmin məbləği
qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinın, iddiaçı cavabdehə 1.500 ABŞ dolları,
yəni 1.350 manat məbləğində borc pul vermiş, cavabdeh həmin məbləği də qaytaracağını
öhdəsinə götürmüşdür. Lakin cavabdeh ümumi borcundan 700 manat ödəmiş, qalan 4.030
manat borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də
iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən – 4030
manat məbləğində təmin olunmalıdır.
Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra
– Mülki Məcəllə) 329.2, 385.1, 386.1, 406.1, 427, 448.2, 567, 600.1, 600.4, 601.1, 739.1,
740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)
14.2, 77.1, 78.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya
məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə
çıxarılmışdır. Məhkəmə işin həqiqi hallarını hərtərəfli, tam və obyektiv surətdə
aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görməmişdir. Həmçinin
ona məhkəmə iclası barədə bildiriş verilmədiyindən, məhkəmə iclasında iştirak edərək öz
sübutlarını təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin
edilməsini, qətnamənin ləğv edilərək iddianın qismən, yəni 650 manat məbləğində təmin
olunmasını xahiş etmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki,
iddiaçı ona 1500 ABŞ dolları, yəni 1350 manat məbləğində pul vermişdir. Həmin puldan
700 manatı iddiaçıya qaytarmış, qalan 650 manatı verməyə imkanı olmadığına görə verə
bilməmişdir. Bundan başqa, iddia ərizəsində qeyd olunmuş qızıl əşyaları, özəlləşdirmə
çekləri, dəri plaş və dəri kurtka ona verilməmişdir, pulu ləngitdiyinə görə iddiaçı qərəzli
olaraq onları tələb etmişdir.
Məhkəmə iclasında tədqiq edilmiş, 28 mart 2006-cı il tarixli iltizamda qeyd
olunmuşdur ki, cavabdeh iddiaçıdan 2000 ABŞ dolları borc pul almışdır.
Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya
instansiyası məhkəməsi) 2(104)-3176/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli
qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və
Ə.Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya
məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə
düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan
nisyə alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı cəmi 2500 manat dəyərində olan qızıl-zinət
əşyalarını, 480 manat dəyərində özəlləşdirmə çeklərini, 400 manat dəyərində geyim
əşyalarını
cavabdehin
mülkiyyətinə
vermiş,
cavabdeh
isə
onların
müqabilində
razılaşdıqları məbləğdə pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh
iddiaçıdan borc pul alaraq həmin pulu qaytarmamışdır.
Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, iş üçün əhəmiyyəti
olan halları sübut edə bilməmişdir.
Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
Kassasiya
şikayətinin
və
onlara
etirazın
dəlilləri,
məhkəmə
icraatı
iştirakçılarının izahatları
a) Kassasiya şikayətinin dəlilləri
Cavabdeh (vəkil X1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar
çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan
məhkəmə maddi
və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş,
qətnaməni işin həqiqi hallarına və tərəflər arasında olan qarşılıqlı münasibətlərə uyğun
əsaslandırmamış, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.
Kassator göstərmişdir ki, iddiaçı ilə uzun müddətdir tanışdır. Ondan cəmi 1500 ABŞ
dolları (1350 manat) borc pul almış və həmin puldan 700 manat qaytarmışdır. Onun
iddiaçıya cəmi 650 manat borcu var, imkanı olmadığından həmin pulu qaytara bilməmişdir.
İşdə onun iddiaçıdan 2500 manat dəyərində qızıl-zinət əşyaları, 480 manat
dəyərində özəlləşdirmə çekləri, 400 manat dəyərində geyim əşyaları almağına dair heç bir
sübut olmadığı halda, birinci instansiya məhkəməsi işı obyektiv araşdırmamış, yalnız
iddiaçının mülahizələri əsasında qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi də qeyd
olunan hallara əhəmiyyət verməmişdir.
Aralarında alqı-satqı müqaviləsinin bağlanmasını yalnız iddiaçı bildirmişdir, nə yazılı,
nə də nisyə alqı-satqı müqaviləsi olmamışdır. 1350 manata dair qəbzi əsas sübut növü
kimi qəbul edən birinci instansiya məhkəməsi onun iddiaçıya 4030 manat borcunun
olmasına dair əsassız qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi də Mülki Məcəllənin
əqdlər, borc müqaviləsi, alqı-satqı müqaviləsi ilə əlaqədar normalarına istinad edərək,
qətnaməni qüvvəsində saxlamışdır.
Məhkəmə araşdırmamışdır ki, iddiaçı 2006-cı ildə 1350 manat borc almağına dair
ona iltizam yazdırdığı halda, necə olmuşdur ki, həmin puldan 3 dəfə artıq olan 3380
manatlıq malı ona nisyə vermişdir.
Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, əşyalarla bağlı iddiaçı ilə
aralarında nisyə alqı-satqı müqaviləsi, pulla bağlı isə borc müqaviləsi bağlanmışdır. Lakin
nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçının ona borc pul verməsindən
15 il keçdikdən sonra iddia tələbi irəli sürməsinə qiymət verməmiş, iddia müddəti ilə
əlaqədar maddələri tətbiq etməli olduğu halda, səhvən Mülki Məcəllənin nisyə alqı-satqı
müqaviləsi ilə əlaqədar müddəalarına istinad etmişdir.
Apellyasiya məhkəməsi 28 mart 2006-cı il tarixli iltizama istinad etmişdir, halbuki
iddiaçı tələbində bu xüsusatı göstərməmiş, həmin saxta, özü tərəfindən yazılmış iltizamı
məhkəməyə təqdim etmişdir. Məhkəmə də həmin hala qiymət verməmişdir.
Kassasiya şikayətinə görə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 12,
13, 60-cı, Mülki Məcəllənin 373, 375, 427, 600-cü, MPM-in 8, 9, 14, 76, 80, 88, 104, 217,
386, 387-ci maddələrinin tələblərini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Kassator məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə
əsasən onun izahatı dinlənilmədi.
Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına
baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında
iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə
onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Kassasiya baxışının hədləri
MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut
olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.
MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi
məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi
ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını
araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli
gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək
işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara
istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi
qiymətləndirilməməlidir.
Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini
cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin
aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə
əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə
götürür (maddə 567).
Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə
ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş
malın qaytarılmasını tələb edə bilər (maddə 600.4).
Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə
tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda
bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın
qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-
hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-
600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601).
Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən
əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,
digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və
miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc
müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır
(739-cu maddə).
Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc
müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı
olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada
bağlanmalıdır (740-cı maddə).
MPM
Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını
yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi
izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən
özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə
9.3).
Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir (maddə 14.2).
Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut
etməlidir (maddə 77.1).
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin
sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88).
İşdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan
verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər
sübutlarla təsdiq olunsun (maddə 106.1).
Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1).
Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə
uyğun əsaslandırılmalıdır (maddə 217.3).
Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən
halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya
digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd
etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu
qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf
edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun
məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (maddə 220.4).
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin
əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət
qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə
olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır
(maddə 372.6).
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:
... məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu
qanunlar (maddə 392.1.5).
Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün
əsasdır (maddə 418.1).
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin
qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız cavabdeh apellyasiya
şikayəti verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin
olunan hissəsində yoxlamalı idi. İddianın təmin olunmayan hissəsi isə həmin apellyasiya
baxışının predmetindən kənar olmuşdur.
Qeyd olunmalıdır ki, yalnız şikayət vermiş şəxsin qətnamənin tam ləğvini tələb
etməsi həmin tərəfin işdəki vəziyyətinə, şikayətin dəlillərinə, tələb predmetinin bölünən
olub-olmamasına, şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməklə bağlı
subyektiv hüququnun olub-olmamasına qiymət vermədən qətnamənin apellyasiya
qaydasında tam yoxlanılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli
qərardadında qeyd edildiyi kimi sadalanan halların nəzərə alınmaması bir tərəfdən şikayət
verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd
olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər
şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər.
Buna
baxmayaraq,
apellyasiya
instansiyası
məhkəməsi
birinci
instansiya
məhkəməsinin qətnaməsini cavabdehin şikayəti əsasında tam yoxlamış və qətnaməni
iddianın təmin olunmayan hissədə də dəyişdirilmədən saxlamışdır.
Baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb edir. İddiaçı tələbini üç faktla
əsaslandırır: 1) 2005-ci ildə cavabdehin xahişi ilə ona 1 ədəd, dəyəri 1100 manat olan 110
qram çəkidə qızıl boyunbağını, 1 cüt, dəyəri 1400 manat olan on ədəd brilyant qaşlı qızıl
sırğanı və 40 ədəd, dəyəri 480 manat olan özəlləşdirmə çeklərini borc vermişdir; 2) 2006-
cı ilin yanvar ayında cavabdeh ondan 1 ədəd, dəyəri 300 manat olan dəri plaşı və 1 ədəd
dəyəri 100 manat olan dəri gödəkçəni nisyə almış, həmin ilin mart ayında pulunu
verəcəyini vəd vermişdir; 3) cavabdeh 07 mart 2006-cı il tarixdə ondan 1500 ABŞ dolları,
yəni 1350 manat məbləğində borc almış, bu barədə yazılı iltizam vermiş, borcunu qısa
zamanda ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hər üç hal üzrə öhdəliyini
yerinə yetirmədiyi üçün ona cəmi 4730 manat borcu yaranmışdır.
İddiaçı sübut qismində məhkəməyə cavabdeh tərəfindən tərtib olunduğu
mübahisələndirilməyən iki ədəd sadə yazılı sübut təqdim etmişdir. 28.03.2006-cı il tarixdə
tərtib olunduğu qeyd olunan birinci yazılı sübutda cavabdeh iddiaçıdan əvəzində qızıl-zinət
əşyası vermək üçün (“komplekt 14 qram kole və braslet brilyant”) 2000 ABŞ dolları aldığını
etiraf etmişdir. 17.03.2006-cı il tarixdə tərtib olunduğu qeyd olunan İİ yazılı sübutda
cavabdeh iddiaçıdan təminatsız 1500 ABŞ dolları borc aldığını etiraf etmişdir.
Birinci instansiya məhkəməsinin 08.06.2020-ci il tarixli məhkəmə baxış iclasında
tərəflərin məhkəmədən kənar qaydada razılığa gəlməsinə şərait yaratmaq üçün tərəflərin
izahatları dinlənilmədən məhkəmə iclası təxirə salınmışdır. Həmin iclasda cavabdeh
məhkəməyə ünvanladığı yazılı ərizəsində iddiaçıya 1500 borcunun olduğunu, onun 400-
nü 28.06.2019-cu il tarixində ödədiyini, yerdə qalan 1100 manatı isə 100 manatını
07.07.2019-cu ilədək, 500-nü isə sentyabrda, 500 manatı isə yanvarda verəcəyini
bildirmişdir.
İddiaçı məhkəməyə ünvanladığı qəbzlərdə iddiaçıdan 400 manat və 200 manat
aldığını təsdiq etmişdir.
Yalnız
iddiaçının iştirak etdiyi 06.07.2020-ci il tarixli məhkəmə iclasında işə
baxılması yekunlaşmış və məhkəmə iddianı qismən (4030 manat hissəsində) təmin
etmişdir.
Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cəmi dəyəri 2.500 manat
olan qızıl-zinət əşyalarını, 480 manat dəyərində özəlləşdirmə çeklərini, 400 manat
dəyərində geyim əşyalarını cavabdehə nisyə vermişdir. Cavabdeh isə həmin məbləği
qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinın, iddiaçı cavabdehə 1.500 ABŞ dolları,
yəni 1.350 manat məbləğində borc pul vermiş, cavabdeh həmin məbləği də qaytaracağını
öhdəsinə götürmüşdür. Lakin cavabdeh ümumi borcundan 700 manat ödəmiş, qalan 4.030
manat borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür.
Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını
yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi
izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən
özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara
obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq
normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1,
88-ci maddələri).
Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu
barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə
müddəalarında və maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan
digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması
barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni
həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin
qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə
tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi
vacib
əhəmiyyətə malikdir.
Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərin izahatlarını
sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak
edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər
sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq
olunsun.
Baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb etdiyi üç faktdan yalnız biri 07 mart
2006-cı il tarixdə cavabdehə 1500 ABŞ dolları, yəni 1350 manat məbləğində borc verdiyi
barədə sübut təqdim etmişdir. Cavabdeh də məhkəməyə ünvanladığı yazılı ərizədə
iddiaçıya 1500 borcunun olduğunu, onun 400-nü artıq ödədiyini, qalan 1100 manatı isə
hissə-hissə
ödəyəcəyini
bildirmişdir.
İşin
məhkəmədə
baxıldığı
dövrdə
iddiaçı
cavabdehdən 600 manat aldığı barədə yazılı, 700 manat aldığı barədə isə şifahi izahat
vermişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir.
MPM-in 77.1-ci maddəsinə əsasən belə olan halda aralarında yaranmış borc və ya
nisyə alqı-satqı müqavilələri üzrə cavabdehin daha artıq borcunun olduğunu sübut etmə
yükü iddiaçının üzərində olmuşdur.
Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya daha
artıq məbləğdə borcunun yarandığı barədə yalnız iddiaçının izahatı ilə təsdiq olunan
qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə
uyğun olaraq əsaslandırmamışdır.
Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayət birinci instansiya
məhkəməsinə verilmiş yazılı izahatın məzmununa uyğun əsaslandırılmış, iddianın qismən,
yəni pul tələbinin 650 manat hissəsində təmin olunması xahiş edilmişdir. Apellyasiya
baxışı zamanı verdiyi şifahi izahatında da cavabdeh iddiaçıdan cəmi 1500 ABŞ dolları
aldığını, başqa heç nə almadığını bildirmişdir.
Buna
baxmayaraq
apellyasiya
instansiyası
məhkəməsi
birinci
instansiyası
məhkəməsinin yuxarıda istinad olunan prosessual hüquq normalarının pozulması ilə qəbul
edilmiş qətnaməsini dəyişdirilmədən saxlamış, öz mövqeyini əsaslandırmamış, birinci
instansiya məhkəməsinin yazdıqlarını təkrarlamaq, bəzi maddi və prosessual hüquq
normalarını sadalamaqla kifayətlənmişdir.
Halbuki mülki prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə
müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı,
qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin
halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər
sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək
üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və
normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).
Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə
aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və
rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməlidir.
Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması
və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan
tələblərinə riayət olunmamışdır.
Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə
qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə
məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda
məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya
məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
Məhkəmə kollegiyası hesab edir ki, sadəcə iş materiallarının və bir sıra qanunvericilik
normalarının sadalanması, mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı
olması barədə qənaəti əks etdirən məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul
edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan,
əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi
qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran
sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu
qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə
sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin
məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul
edilib-edilməməsinin
səbəbləri
aydın
göstərilməlidir
(S.Əliyevanın
şikayəti
üzrə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli
qərarı).
Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya
şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək, yeni apellyasiya baxışına göndərilməli, işə
yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3, 77.1 və 88-ci
maddələrinə əsasən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən
etməli, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin
sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına və tərəflər arasında bağlanmış
müqavilə müddəalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir.
Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər
tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun.
Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3176/2020 nömrəli iş üzrə
14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına
qaytarılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.