2-1[102]-1557/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1557/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 5 saylı Regional Ərazi

Filialına qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: sağlamlıq imkanları məhdud uşağı olan anaya yaşa görə əmək

pensiyası təyin edilməsi, təhsil mddətinin sığorta stajına daxil edilməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
cavabdehin vəkili Vəkil iştirakı ilə, 

 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 5 saylı regional ərazi filialına qarşı
“iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”
tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-
1(104)-49/2021 nömrəli, 03 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş
kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçının təqdim etdiyi Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.02.2018-ci

il tarixli 77 nömrəli arxiv arayışına əsasən o, 1978-1980, 1988-1990 və 1996-cı illərdə
“M.F.Axundov” adına kolxozda işləmiş, 04.04.1984-cü il tarixli, 028106 nömrəli diploma
əsasən, X3 Texnikumunda “pambıq əyirici istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil
almışdır.

3. İddiaçı, X2 ilə 14.08.1992-ci il tarixdə nikaha daxil olduqdan sonra ona “Orucova”

soyadı verilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, işlədiyi və təhsil aldığı illər sosial

sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş
etmiş, cavabdeh **********9 saylı, 27 sentyabr 2019-cu il tarixli məktubla iddiaçıya pensiya
təyin etməkdən imtina edərək bildirmişdir ki, onun 1978-1980, 1988-1990 və 1996-cı
illərdə işləməsi və 01.09.1981-31.03.1984-cü illərdə təhsil alması əmək kitabçasında qeyd
olunmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-1988,

1988-1990 və 1996-cı illərdə işlədiyi və 1981-1984-cü illərdə təhsil aldığı illərin sosial
sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

6. İddiaçı ərizəsində göstərmişdir ki, o, 1978-1988, 1988-1990 və 1996-cı illərdə

“M.F.Axundov” adına kolxozda işləmiş, həmçinin 1981-1984-cü illərdə X3 Texnikumunda
“pambıq əyirici istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil almışdır. Qeyd edilən dövrlərin
sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız
olaraq ona imtina cavabı vermiş, bununla da onun sosial təminat hüququnu pozmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını

cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-198/2020 saylı, 25 fevral 2020-ci il tarixli

qərarı ilə (hakim: E.T.Axundov) iddia qismən təmin edilərək, Tərtər rayon Dövlət Arxivinin
06.02.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışında və "xxxx" ASC-nin 26.08.2019-cu il
tarixli, 14 nömrəli arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1980, 1986-1988 və
1988-1990-cı illərə dair müddətlərin, yəni minimum əmək günü və adam günü normalarına
uyğun olaraq 2 il 6 ay “M.F.Axundov” adına kolxozda və 2 il 4 ay Mirbəşir
Pambıqtəmizləmə zavodunda, həmçinin 1981-1984-cü illərdə X3 Texnikumunda “pambıq
əyiriciliyi istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil aldığı müddətin, yəni 2 il 6 ay 30
gün, cəmi 07 il 06 ay 30 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin
cavabdehin üzərinə qoyulması qərar alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının təhsil aldığı və

arxiv arayışına əsasən işlədiyi müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına
hesablanmasından imtina etməklə sonuncunun konstitusion hüququ olan sosial təminat
hüququnu pozmuşdur.

10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti

verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar
çıxarılmasını xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. İş apelyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin

dəqiqləşdirilməsi barədə ərizə verərək, 1978-1980, 1988-1990 və 1996-cı illərdə işlədiyi və
1981-1984-cü illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa
görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə
qərar qəbul olunmasını xahiş etmişdir.

12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-49/2021

nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ə.G.Abdullayev,
hakimlər: R.Z.Mamedov və A.V.Bayramov) ərizə icraata qəbul edilmişdir.

13. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-49/2021

nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Ə.G.Abdullayev, hakimlər:
R.Z.Mamedov və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati
Məhkəməsinin 2-1(114)-198/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmiş,
iddiaçının Tərtər rayon Dövlət Arxivinin 06.02.2018-ci il tarixli, 77 nömrəli arxiv arayışına
əsasən “M.F.Axundov” adına kolxozda 1980,1986-1988 illərdə işlədiyi 2 il 6 ay, "xxxx"
ASC-nin 26.08.2019-cu il tarixli, 14 nömrəli arayışına əsasən Mirbəşir Pambıqtəmizləmə
zavodunda 1988-1990 illərdə işlədiyi 2 il 4 ay, X3 Texnikumunda “pambıq əyiriciliyi
istehsalatı” ixtisası üzrə əyani şöbədə 1981-1984-cü illərdə təhsil aldığı 2 il 7 ay, cəmi 07 il
05 ay müddət sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin
olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi

qeyd etmişdir ki, iddiaçını arxiv

arayışlarında və təhsil almasına dair sənəddə göstərilən illər də daxil olmaqla toplanmış
sosial sığorta stajı ona yaşa görə pensiya təyin olunması üçün yetərlidir. İnzibati orqan
iddiaçıya pensiya təyin etməkdən imtina etməklə haqlı olmamışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul
olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi işi tam,

hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının
pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının 01.02.1988-01.01.1990, 1978-1980,
1986-1988 və 1996-cı illərdə işlədiyi dövrlərə dair arxiv arayışı mövcud olsa da, həmin illər
onun əmək kitabçasında öz əksini tapmadığından bu müddətin onun əmək stajına daxil
edilməsi qanunvericiliyin tələblərinə ziddir.

17. Şikayətdə həmçinin qeyd edilir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları

haqqında” Qanunda təhsil illərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə
tutulmadığından iddiaçının 1981-1984-cü illərdə X3 Texnikumunda “pambıq əyiriciliyi
istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil aldığı müddət də onun sosial sığorta stajına
daxil edilə bilməz.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna
baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün
hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak
etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə
xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası:
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 38. Sosial təminat hüququ.
İ. Hər kəsin sosial təminat hüququ vardır.
...
İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş
digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda

əmək pensiyası hüququna malikdirlər.

Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın

sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum
məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı
olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda
(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla)
yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il

iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-
dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (01.07.2017-ci il tarixdən
qüvvədə olan redaksiya)

Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta

stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək əmək pensiyası təyin edilmiş şəxslər
istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu ilin

yanvar 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il
yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. (01.07.2017-ci il
tarixədək qüvvədə olan redaksiya)

Maddə

8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə

etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il
azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd

olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

...
Maddə 21.2.4  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada

hesablanan  İ dərəcə əlilliyi olan şəxsə  və ya  sağlamlıq imkanları məhdud 18
yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək

olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun
31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil
olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri:

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,

təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti
xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu

üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı
normasına görə faktik müddət üzrə nəzərə alınır.

İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:
...
ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə

kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında,
aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi

sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək

mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını

sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas

sənəd hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli

qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası
barədə” Əsasnamənin:

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,

yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar),
birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə
əsasən müəyyən edilir.

Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və

ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər
düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən
çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr,
xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar,
əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd
artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

...
Bənd 8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani

təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr
hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti
diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv
məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur.

25. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş

“Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalar”

Maddə 117 “q” bəndi. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi

qəbil edilə bilər.

26. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunu
Maddə 67.1 Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı

minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün
kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək
iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati

aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün
hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30 Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya

instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb

olunan 25 il sosial sığorta stajı olmadığından cavabdeh ona pensiya təyin olunmasından
imtina etmişdir. Sonradan iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, apelyasiya
instansiyası məhkəməsi iddiaçının mövqeyini qanuni hesab edərək ona yaşa görə əmək
pensiyası təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.

32. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayaraq

ondan kassasiya şikayəti vermiş, şikayətində iddiaçının 01.02.1988-01.01.1990, 1978-
1980, 1986-1988 və 1996-cı illərdə işlədiyi dövrlərə dair arxiv arayışı mövcud olsa da,
həmin illərdə işləməsi onun əmək kitabçasında öz əksini tapmadığından həmin müddətin
onun əmək stajına daxil edilməsinin qanunvericiliyin tələblərinə zidd olmasını və “Əmək
pensiyaları haqqında” Qanunda təhsil illərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə
tutulmadığından iddiaçının 1981-1984-cü illərdə X3 Texnikumunda “pambıq əyiriciliyi
istehsalatı” ixtisası üzrə əyani şöbədə təhsil aldığı müddətin əsassız olaraq sosial sığorta
stajına daxil edilməsini mübahisələndirmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş hər iki dəlili əsassız

hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan pensiya qanunvericiliyinə əsasən,

iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi
yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunurdu:

-şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması;
-sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi;
-12 il sığorta stajına malik olması.
34. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun

01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş müddəalarına görə, iddiaçı 26.06.2015-ci ildə
pensiya yaşına çatmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7 və 8.2-ci
maddələrinin (01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) tələbinə görə,
sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş 01 iyul 2015-ci il
tarixədək 55 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək
pensiyası hüququ vardır.

35. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı zona Tibbi Sosial Ekspert Komissiyası
tərəfindən verilmiş 16 yaşınadək uşağın müayinə aktından çıxarışdan görünür ki,
iddiaçının oğlu - 16.03.1995-ci il təvəllüdlü X1 01.05.2002-ci il tarixdə tibbi müayinədən
keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixdə təsdiq edilmiş “16 yaşa qədər
uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 1.1 bəndinə
uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 16 yaşın tamamınadək müəyyən
edilmişdir.

36. İkinci dəfə uşaq 22.04.2016-ci il tarixdə təkrar müayinədən keçmiş və ƏƏSMN-

nin 21 saylı TSEK tərəfindən verilmiş 649XV0H0005 saylı arayışa əsasən, ona keçirilmiş
doğuş travmasından sonra ikinci dərəcəli əlillik verilmişdir.

37. Həmçinin, Tərtər rayon İHB-nın Tərtər şəhər İƏD üzrə nümayəndəsi tərəfindən

verilmiş 4053 saylı 19.06.2002-ci il tarixli arayışdan görünür ki, iddiaçı Tərtər şəhəri,
S.Vurğun küçəsində yaşayır. Oğlu- X1 anasının himayəsindədir.

38. Beləliklə, 16.03.1995-ci il təvəllüdlü X1 uşaqlıqdan sağlamlıq imkanlarının

məhdud olduğu və iddiaçının onu səkkiz yaşına kimi tərbiyə etməsi yuxarıda sadalanan
sübutlarla tam təsdiq edilir.

39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial
Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.04.2021-ci il tarixli, **********2 nömrəli
məktubunda qeyd edilmişdir ki, iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşağına qulluq etdiyi müddət 10 il 9 ay 25 gün hesablanmışdır. (səh 181-182)

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə

razılaşaraq bildirir ki, iddiaçı 1995-ci ildən sonrakı dövrdə əmək fəaliyyəti il məşğul
olmadığına görə onun sağlamlıq imkanları məhdud olan uşağına qulluq etdiyi müddət
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü maddəsinin
tələblərinə görə 18 il kimi hesablanmalıdır.

41. Cavabdeh imtinasında olduğu kimi kassasiya şikayətində də iddiaçının

01.02.1988-01.01.1990, 1978-1980, 1986-1988 və 1996-cı illərdə işləməsi barədə əmək
kitabçasında qeydlərin olmadığını əsas gətirərək bu müddətin onun sığorta stajına daxil
edilməsini əsassız hesab edir.

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək

kitabçasının olmaması və ya əmək kitabçasında müvafiq qeydlərin olmaması ona pensiya
təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının
təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının
yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə
tutulmamışdır.

43. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi

günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması

üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər
başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin
mümkünlüyü də təsbit edilmişdir.

44. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli,

934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli
Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr
tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm
bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv
idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1980,1986-1988 illərdə

«M.F.Axundov» adına kolxozda işləməsi Tərtər rayon Dövlət Arxivinin 06.02.2018-ci il
tarixli, 77 nömrəli arxiv arayışı ilə, 1988-1990 illərdə Mirbəşir Pambıqtəmizləmə
zavodunda işləməsi "xxxx" ASC-nin 26.08.2019-cu il tarixli, 14 nömrəli arayışı və müvafiq
əmrlərdən çıxarışlarla öz təsdiqini tapmışdır.

46. Beləliklə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər

olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları
haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək
pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər
mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

47. Şikayətdə mübahisə edilən digər məsələ iddiaçının təhsil aldığı müddətin əsassız

olaraq sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır.

48. Bu hissədə də şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası

bildirir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə
olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı
pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ
Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və
ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ
bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində
müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş
stajına daxil edilir.

49. Analoji olaraq, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən

qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası
Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə
məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda,
ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və
klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006-
cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə
olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin

bu dəlillə bağlı çoxsaylı qərarlarında qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı müddət
“Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf
etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil
edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı
qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək
pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu
hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki
əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında
göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil
müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz.

51. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibatı orqanın

ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətinin sosial sığorta stajına daxil etməməsi
konstitusion normanın pozulması kimi qiymətləndirilir. İddiaçının təhsil müddətinin onun
əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə
iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.

52. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1980,1986-1988 illərdə

«M.F.Axundov» adına kolxozda, 1988-1990 illərdə Mirbəşir Pambıqtəmizləmə zavodunda
işlədiyi, 1981-1984-cü illərdə X3 Texnikumunda təhsil aldığı və sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağına qulluq etdiyi inzibati orqanın qəbul etdiyi müddət də daxil
olmaqla sosial sığorta stajı ümumilikdə 12 ildən (sağlamlıq imkanları məhdud olan uşağına
qulluq etdiyi illər tam nəzərə alındıqda isə 25 ildən) artıq təşkil edir.

53. Göründüyü kimi, iddiaçının arxiv arayışlarında və təhsil almasına dair sənəddə

göstərilən illər də daxil olmaqla toplanmış sosial sığorta stajı ona yaşa görə pensiya təyin
olunması üçün yetərlidir. İnzibati orqan iddiaçıya pensiya təyin etməkdən imtina etməkdə
haqlı olmamışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin
kassasiya

şikayəti

təmin

edilmədən,

mübahisə

edilən

qərar

dəyişdirilmədən

saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin.
Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-49/2021 saylı iş

üzrə 03 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.