2-1[102]-1617/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1617/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1rşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: (müharibə veteranına müavinətin əvvəlki üç il üçün verilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə,

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1rşı “ödənilməmiş

müavinətin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati
Kollegiyasının 2-1(103)-1293/2021 nömrəli, 04 may 2021-ci il tarixli qərarından cavabdeh
tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq
məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi

tərəfindən 10.08.2018-ci il tarixli, xxxx nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, müharibə veteranı vəsiqəsi aldığı vaxtdan

əvvəlki illərə görə sosial müavinətin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 21 iyul 2020-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin

olunmasından imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
4.  İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona

müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 10.08.2015-ci il tarixdən
10.08.2018-ci il tarixinə qədər hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə
həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 10.08.2018-ci il tarixində

müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş
müavinət 24.09.2018-ci il tarixindən ona ödənilməyə başlanılmışdır. Hesab edir ki, həmin
müavinət vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il müddətə görə də ödənilməlidir. Bu barədə,
cavabdeh inzibati orqana müraciət etsə də, 21.07.2020-ci il tarixli məktubla müraciəti
təmin edilməmişdir. Hesab edir ki, cavabdehin sözügedən imtina məktubu əsassız və
qanunaziddir. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunda “Veteranlar haqqında”
Qanunun 7-ci maddəsinə istinad edir və qeyd edir ki, güzəştlər veteran vəsiqəsi təqdim
edildikdə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının müavinət almaq

hüququ müharibə veteranı adını aldığı tarixdə yaranmiş və həmin vaxtdan ona müavinət
ödənilməyə başlanılmışdır. Müharibə vəsiqəsi alındığı vaxtdan əvvəlki dövr üçün isə
müavinət edilməsi qanunsuzdur.

7. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 saylı

qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 10.08.2015-ci il tarixdən
10.08.2018-ci il tarixədək 36 ay fərq məbləğində ödənilməmiş müavinətin tam şəkildə
birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 10.08.2018-ci il tarixdə

müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin
olunmaqla ödənilməyə başlanılmışdır. Lakin, işdən müəyyən olunur ki, bu vəsiqənin
verilməsi əsasını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş
əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi təşkil etmişdir. Deməli,
iddiaçının müvafiq müavinət almaq hüququ da məhz həmin tarixdən yaranmışdır. Belə
olan halda isə aydın olur ki, iddiaçının cavabdeh orqana sosial müavinətin son 3 ilinin
ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan əsassız olaraq ona
imtina cavabı vermiş, bununla da onu mülkiyyətindən mərhum etmişdir

9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş

etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1293/2021

nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər:

V.M.Məmmədov və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı
İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-5999/2020 saylı qərarı
dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti

verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni
qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi

qanunsuz və əsassızdır. Belə ki, apelyasiya məhkəməsinin qərarında "Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş ‘‘ən
çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəası əsas götürülmüşdür.
Qeyd edilən normanın bu şəkildə tətbiqi maddi hüquq normasının düzgün tətbiq
olunmaması ilə nəticələnmişdir. Belə ki, həmin maddəyə görə, ən çoxu müraciət
edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat
etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində
olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı
olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan
gündən aşağıdakı müddətlərə təyin edilir... Burada məhkəmə kollegiyası onu nəzərdən
qaçırmışdır ki, qanunverici “onu almaq hüququ yaranan gündən” ifadəsini işlədir. Şəxs 3 il
əvvəl üçün yalnız o zaman sosial müavinət ala bilər ki, onun hüququ 3 il və ya daha çox
müddət əvvəl yaranmış olsun, lakin o, gec müraciət etmiş olsun. Bir sözlə, burada 3 il
əvvəlcədən ödənilmə o zaman tətbiq edilir ki, müavinəti almaq hüququ müraciət tarixindən
3 ildən daha artıq müddətdə yaranmış olsun. İddiaçının halında isə onun müavinət almaq
hüququ ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən yaranmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

16. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını

xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən

edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq
və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş

şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq

müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş
Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna
olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən
sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu

Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım
göstərilməsində

başqa

sahələrdə

veteranların

hüquqlarını

güzəştlərini

müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü

uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı

adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş
güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati

aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab
edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən

irəli gəlir.

23. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq kollegiya qeyd edir ki, ilk

növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt
və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar
haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik
yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa

sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik
aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra
qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə
imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz
onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər.

24. Həmin hüquqi mövqeyinə uyğun olaraq kollegiya qeyd edir ki, iddiaçının hazırkı

tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı
olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı
tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar
haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi
məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun
normalarına əsasən qiymət verilməlidir.

25. Kollegiya hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması

faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət
edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı
olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq
hüququ yaranan gündən təyin edilməlidir.

26. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş

əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci
hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq
edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun
7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da,
“Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu
müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər.

27. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci

maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna
görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət
almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki,
həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun
müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən
müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki,
müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün
müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi
təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı
olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat
aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər
haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o,
müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin
etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.

28. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi

10.08.2018-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət
etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən,
yəni 10.08.2018-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə
başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətin ödənilməsindən imtina edilmişdir.
Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə
etməkdə apelyasiya məhkəməsi haqlı olmuşdur.

29. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya

məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normaları
pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin
qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1293/2021 nömrəli iş

üzrə 04 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Qərar qətidir.