2-1[102]-1724/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-1(102)-1724/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə qarşı

iş üzrə

Q Ə R A R D A D İ

Açar sözlər: şikayət üzrə kassasiyanın mümkün sayılmaması, şikayət

verilməsi müddətinin ötürülməsinin hüquqi nəticələri.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə,

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı informasiya

sorğusunda göstərilən məlumatların verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya
Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli
qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi.

İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin

üzərinə informasiya sorğusunda göstərilən ikinci suala cavab verilməsi vəzifəsinin
qoyulmasını, Azərbaycan Respublikası Milli Məclisi barəsində informasiya sorğusuna tam
və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə
(informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi
qərardad çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı hüquqşünasdır və bir çox məqalələri dərc

olunub. Növbəti məqaləsi olan “Azərbaycan Respublikası Prezidentinin Qanunvericilikdə
Rolu” mövzusuna görə cavabdehə 8 fevral 2021-ci ildə informasiya sorğusu göndərərək
aşağıdakı məlumatların verilməsini xahiş etmişdir: “2015-2020-ci illər ərzində neçə qanun
layihəsi Milli Məclisdə oxunuşa qəbul edilib? Həmin qanun layihələrinin neçəsi Prezidentin
Administrasiyası tərəfindən hazırlanaraq təqdim olunub?”

3. Cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin 05/1-44 saylı 25 fevral 2021-ci

il tarixli informasiya sorğusuna cavabı 2 mart 2021-ci il tarixində iddiaçıya təqdim
olunmuşdur. Cavabdeh bu sorğuya cavab olaraq bildirmişdir ki, 2015-2020-ci illər ərzində
Azərbaycan Respublikasının Milli Məclisində 1595 qanun qəbul edilmişdir. Cavab
məktubundan da məlum olduğu kimi, cavabdeh yalnız iki sualın birincisinə cavab vermiş,
ikinci suala (Həmin qanun layihələrinin neçəsi Prezidentin Administrasiyası tərəfindən
hazırlanaraq təqdim olunub?) cavab verməmiş və cavab verməməsinin səbəbini
açıqlamamışdır. Beləliklə ikinci suala cavab verməkdən imtina edib. Bu səbəbdən
cavabdeh iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(112)-5329/2021 nömrəli

qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi informasiya

açıq

informasiya

olmaqla,

informasiya

sorğusunun

bilavasitə

predmeti

hesab

olunmadığından həmin məsələ ilə bağlı mübahisənin də inzibati məhkəmə icraatında
müdafiəsi mümkün deyildir. Məhkəmə iddianın ikinci hissəsinə münasibət bildirərək qeyd
edir ki, iddianın birinci hissəsi inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan
mümkünlük şərtləri ödənilmədiyindən mümkün sayılmadığı üçün tələbin ikinci hissəsi də
mümkünsüz sayılmalıdır.

6İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını

xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli

iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər:
H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı
İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(112)-5329/2021 nömrəli qərardadı
dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə

ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini,

Azərbaycan Respublikası Milli Məclisinin üzərinə informasiya sorğusunda göstərilən ikinci
suala, yəni “Həmin qanun layihələrinin neçəsi Prezidentinin Administrasiyası tərəfindən
hazırlanaraq təqdim olunub?” sualına cavab verilməsi vəzifəsinin qoyulmasına dair qərar
qəbul olunmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ

10 İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə

kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə
verilmişdir.

11. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş

şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə məhkəmə iclasında baxılması
26 oktyabr 2021-ci tarixinə təyin edilmişdir. 26 oktyabr 2021-ci il tarixdə keçirilmiş
məhkəmə iclasında tərəflər iştirak etmədiyindən işin baxılması 02 noyabr 2021-ci il tarixə
təyin edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış

məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar.
Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi
mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda
iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin
mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı

təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı
hallarda isə, elan edilmə anından başlanır.

Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri

olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış
prosessual müddəti bərpa etməlidir.

Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə

əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.
Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə
iclasında əsaslandırılmalıdır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul

etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya

icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

15. Belə ki, hazırkı qərarın 11-ci bəndində istinad edilən prosessual hüquq

normalarından görünür ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu

gündən 10 (on) gün müddətində verilməlidir və şikayət vermə müddətinin axımı
qərardadın təqdim edildiyi gündən başlanır.

16. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı

06 iyul 2021-ci tarixdə iddiaçıya təqdim olunmuşdur.(iş vər 50). İddiaçı və onun vəkili
tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 16 iyul 2021-ci il tarixdə məhkəməyə daxil
olmuşdur. Hazırkı halda, iddiaçıya münasibətdə kassasiya şikayəti verilməsi müddətinin
axımı 06 iyul 2021-ci il tarixində başlamış, müddət 15 iyul 2021-ci il tarixdə bitmişdir.
Beləliklə də, iddiaçı qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən
edilmiş prosessual müddəti ötürmüşdür.

17. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş

materiallarında başqa məlumat yoxdur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13

fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd
edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə
qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata
keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.

19. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya

qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal
addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini
tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və
xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.
Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

20. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun

diqqətinə çatdırılmış, kassasiyanın mümkünlüyü məsələsinə baxılmasının məhkəmə
iclasına təyin edilməsi barədə məlumat verilmiş, məhkəmə iclasının keçiriləcəyi vaxtadək
kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya
buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif
edilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan
qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar
məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət)
verilməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının verdiyi şikayət üzrə

kassasiya icraatı mümkün sayıla bilməz.

22. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli,

24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya
icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.