2-2[102]-472/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-472/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

 

İddiaçı MMC-nin Cavabdeh İB-yə

qarşı iş üzrə

 
 

Q Ə R A R İ

 
 
 

 
 
 
 
 

Açar sözlər: artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim

Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu
və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı "artıq ödənilmiş pul məbləğinin geri

qaytarılması" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 2022-ci il 2 mart tarixli 2-2(103)-121/2022 saylı qətnaməsindən iddiaçı
tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır.

I.

İŞİN HALLARİ

1. İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) nizamnaməsindən və kommersiya

qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Cəmiyyətin təsisçisi və qanuni
təmsilçisi X2r.

2. İstixananın qazlaşdırılması üzrə 2015-ci ildə tərtib edilmiş texniki icra sənədlərindən

görünür ki, obyekt qazlaşdırılarkən çəkilmiş layihədə qaz tənzimləyicisinin yerinin sayğacdan
əvvəl qoyulması nəzərdə tutulmuşdur.

3. İddiaçı ilə Cavabdeh İB (bundan sonra – “cavabdeh”) arasında 2018-ci il 17

sentyabr tarixində bağlanmış ASAN5/195 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan
istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin (bundan sonra – “müqavilə”)
surətindən görünür ki, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı
qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi
öhdələrinə götürmüşlər.

4. Cavabdehin 2019-cu il 27 may tarixli ******* saylı “Qaz sayğacının çıxarılması,

quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən xəttin üzərində quraşdırılmış
sayğac və tənzimləyicinin yerlərinin qaynaq yolu ilə dəyişdirildiyi, sayğac tənzimləyicisinin
əvvəldə quraşdırıldığı qeyd olunmuşdur.

5. Cavabdehin 2019-cu il 30 dekabr tarixli ******* saylı “Qaz sayğacının çıxarılması,

quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən qaz tənzimləyici ilə qaz
sayğacının yerlərinin dəyişdirildiyi qeyd olunmuşdur.

6. Cavabdehin 2020-ci il 14 fevral tarixli ******* saylı “Qaz sayğacının çıxarılması,

quraşdırılması və istismara qəbulu haqqında” aktı ilə g-650 83048342 saylı sayğacın
çıxarıldığı, əvəzinə g-650 83047378 saylı sayğacın müvəqqəti quraşdırıldığı qeyd
olunmuşdur.

7. 2020-ci il 13 mart tarixli abonent saldosundan göründüyü kimi iddiaçının 128.042,29

manat borcu olduğu qeyd olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 2020-ci il 22 oktyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya

Məhkəməsinə müraciət edərək, məcburi qaydada əsassız ödətdirilmiş 123.585,8 manat
məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət
rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə

əsasən istixanaya verilən qazın dəyəri ELSTER tipli, G 650 (EK-220) tipli 83048342 saylı
sayğacın göstəricilərinə uyğun aparılır. Bütün ödənişlər vaxtında ödənilmişdir. İstixananada
işlər əsasən müvafiq ilin oktyabr və ya noyabr ayında başlayır və növbəti ilin may ayında
başa çatır. 2019-cu ildə istixananın işləmədiyi dövrdə, 2020-ci il 27 may tarixində (AKT
9013904) cavabdehin əməkdaşları ölçü qovşağında tamamilə qanunsuz olaraq layihədə
nəzərdə tutulmayan dəyişiklik edərək qaz sayğacı ilə təzyiq tənzimləyicisinin yerini
dəyişmişlər. Yeni mövsümdə qazdan istifadə zamanı məlum olmuşdur ki, son laboratoriya
yoxlamasından yararlı çıxmış sayğac təsərrüfatda heç bir artım olmadığı halda, qaz
sərfiyyatını 2019-cu ilin noyabr ayı üçün 2018-ci ilin noyabr ayı ilə müqayisədə 194405

kub.m-dən 484732 kub.m-ə qədər artmışdır. Sonrakı ayların müqayisəsi də göstərmişdir ki,
sayğacın normal iş rejimi pozulmuş və işlədilməyən sərfiyyat hesablanmışdır. Bu isə
cavabdehin

əməkdaşlarının

qanunsuz

əməli

nəticəsində,

yəni

qaz

sayğacının

tənzimləyicidən əvvəl quraşdırılması nəticəsində baş vermişdir. 2019-cu il 30 dekabr tarixində
(AKT 9017073) yenidən sayğacı çıxarıb əvvəlki yerinə, yəni tənzimləyicidən sonra
quraşdırmışlar. Lakin sayğaca kobud müdaxilə olunduğu üçün sayğac normal vəziyyətə
düşməmişdir. Nəhayət dəfələrlə müraciətdən sonra özlərinin qəsdən xarab etdiyi sayğacı
çıxarmışlar. Cavabdehin özü tərəfindən tərtib olunmuş 2020-ci il 14 fevral tarixli ******* saylı
aktda göstərildi ki, sayğac alarm vəziyyətində işləyir. Yeni iş dövründə aydın oldu ki, əvvəlki
illərlə müqayisədə iş həcmində heç bir artım olmadığı halda, sayğacın göstəriciləri qaz
sərfiyyatını 2 dəfə artıq göstərib. Araşdırmalar zamanı məlum oldu ki, bu, cavabdehin
əməkdaşlarının səhvi və ya qəsdi üzündən baş verib. 2019-cu ilin oktyabr ayından 2020-ci
ilin fevral ayının sonuna kimi olan iş dövrü istənilən qədər əvvəlki müvafiq dövrlə müqayisə
ediləndə sayğacın göstəricisi 617929 kub.metr yəni, 123.585,8 manat artıq qaz sərf edildiyini
göstərir. Bu isə qətiyyən mümkün deyildir. Cavabdehin əməkdaşları qazın verilməsinin
dayandırılacağı ilə iddiaçını təhdid edərək həmin məbləği məcburi qaydada ödətdirmişlər.

10. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan

sonra – “MM”) 425.1, 425.2, 439.4, 1091.1, 1091.2-ci maddələrinə istinad edilmişdir.

11. 2020-ci il 26 noyabr tarixli məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş

"xxxx" MMC-nin direktoru X3 izahatında və 2020-ci il 10 dekabr tarixli "xxxx" MMC-nin
mütəxəssis rəyində qeyd edilmişdir ki, qaz sayğacının qaz tənzimləyicisindən sonra
quraşdırılmasının vacibliyi (səbəbi) ondan ibarətdir ki: 1) sayğacdan keçən qaz sabit təzyiqli
olmalıdır və bu halda sayğac stabil işləyir; 2) sayğacın elektron korrektorunun nizamlanması
zamanı ona təzyiqin hər hansı bir yuxarı həddi təyin olunur. Cavabdehin Metrologiya
İdarəsində bütün sayğaclara mütləq yuxarı təzyiq olaraq 5.25 Bar təyin olunur. Təzyiq
tənzimləyicisindən əvvəl bu təzyiq mövsümi olaraq dəyişkəndir və müəyyən hallarda 5.25 Bar
həddini aşır. Əgər qaz sayğacı qaz tənzimləyicisindən əvvələ keçirilərsə korrektor alarm
vəziyyətinə düşür və düzgün işləmir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-3199/2020

saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16
aprel tarixli məlumatına əsasən, cavabdehin əməkdaşları istixanada quraşdırılmış qaz cihaz
və avadanlıqlarına baxışın keçirilməsindən iştirak etməkdən imtina etmiş və buna görə həmin
cihaz və avadanlıqlarına baxışın keçirilməsinin mümkün olmaması səbəbindən məhkəmə
ekspertizasının aparılmasından imtina edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, qaz sayğacının tənzmləyicisinin qaz sayğacından

sonra yerləşməsinin texniki şərtə uyğun, həmçinin əlavə sərfiyyata səbəb olub –
olmamasının müəyyən edilməsi üçün hazırkı iş üzrə xüsusi bilik tələb olunduğundan
məhkəmə-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Buna görə də, Bakı
Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli e-2-2(113)-368/2021 saylı qərardadı ilə
iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-

ci il 13 avqust tarixli, 10/2987 saylı ekspert rəyinə əsasən:

a) iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (istixanaya) çəkilmiş qaz xəttinin girişində,

ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650 (EK220) markalı (texniki şərt və
cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondan sonra isə qaz tənzimləyicisinin
quraşdırılması, həmin qeyri-yaşayış sahəsi (istixana) üçün tərtib edilmiş “Abşeron rayonu
(Sabunçu QİS-in xidmət sahəsi) Məhəmmədli kəndində yerləşən X4 məxsus qeyri-yaşayış
sahəsinin (istixananın) qazlaşdırılması üzrə texniki icra sənədləri”nə (T.Ş.21504-2015-00374-
QX saylı cizgiyə) və “Qaz təchizatı. Layihələndirmə normaları.»”2.13-1 AzDTN-nin 7.14
bəndinin tələblərinə uyğun deyildir.

b) Abonentin (iddiaçının) qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırlması

və sayğacın alarm rejimdə işləməsi, 2019-cu il 27 may tarixdən 2020-ci il 14 fevral tarixə kimi
abonentin qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur.

c) 2019-cu ilin may ayından 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində

iddiaçıya məxsus istixana üçün artıq hesablanmış sərfiyyat 531776 kub.metr təşkil edir.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli e-2-2(113)-368/2021

saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış
106.355,2 manat məbləğində borc silinərək iddiaçıya qaytarılması, iddianın qalan hissədə
təmin edilməməsi qət edilmişdir (hakim – F.Qasımov).

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış

sahəsinə çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650
(EK220) markalı (texniki şərt və cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondan
sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin qeyri-yaşayış sahəsi üçün tərtib edilmiş
Abşeron rayonu, Məhəmmədli kəndinə yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üzrə
texniki icra sənədlərinə və “Qaz təchizatı layihələndirmə normalarına tələblərinə” uyğun
olmamışdır.

17. Bundan başqa, ekspertiza tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cəmiyyətə

məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən istixanada qış mövsümü hər il 1
noyabrdan başlayır və növbəti ilin 15 martında başa çatır. Yəni, məhsulun normal
yetişdirilməsi üçün istixanada istilik temperaturunu normada saxlamaq üçün gün ərzində 5-6
saat qazdan istifadə edilir və buna uyğun da qaz sərfiyyatı 10125 kub.m. təşkil edir. Həmin
qaz sərfi bir ayda 303750 kub.m. təşkil edir. (10125x30=303750 kub.m.).

18. Həmçinin ekspert rəyində iddiaçıya məxsus abonet saldosunun 2019-cu ilin may

ayından 2020-ci ilin fevral ayına kimi hesablanmış qaz sərfi arasında müqayisə aparılmış və
müqayisə nəticəsində 531776 kub.m. artıq qaz sərfiyyatı hesablanması müəyyən edilmişdir.
Eyni zamanda, qeyri-əhali istehlakçılar üçün təbii qazın 1000 kub.m. qiyməti 200 manat, yəni
1 kub.m. təbii qazın qiyməti 0,2 manat təyin edilmişdir. Belə olan halda iddiaçıya artıq
hesablanmış qazın sərfiyyatının dəyəri 106.355,2 manat (531776 kub.m.x0,2 manat) təşkil
edir.

19. Bununla cavabdeh tərəf ekspert rəyində qeyd olunan xüsusatların əksini təsdiq

edən hər hansı sənəd sübut məhkəməyə təqdim etməmiş və hesablanmış borcun əsaslı
olmasını məhkəmə gedişi zamanı sübuta yetirə bilməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12

may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra
– “QİQ”) 4.2, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitesinin 2009-cu il 2 mart tarixli 17 saylı əmri ilə təsdiq edilmiş və 2009-cu il 1
aprel tarixindən qüvvəyə minmiş “Qaz təchizatı” layihələndirmə normaları 2.12-1 AZDTN-nin
7.14-cü bəndinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh 2021-ci il 21 oktyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin

iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam rədd olunması barədə yeni
qətnamə qəbul olunmasını xahiş etmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli

2-2(103)-121/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia 106.355,2
manat borcun silinməsinin cavabdehə həvalə edilməsinə dair hissədə təmin edilməmişdir
(sədrlik edən hakim– V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə məhkəmə

tərəfindən silinmiş borc məbləği iddiaçının fəaliyyət göstərdiyi obyektdə qaz sayğacının
göstəricisi əsasında hesablanmış borcdur. Eyni zamanda, işin mübahisəsiz halıdır ki,
obyektdə qaz tənzimləyicisinin yeri 2019-cu ilin may ayında dəyişdirilmiş, 2019-cu il 30
dekabr tarixində isə yenidən öz yerinə qaytarılmışdır. Cavabdehin 2020-ci il 14 fevral tarixli
aktından görünür ki, həmin tarixdə iddiaçıya məxsus obyektdən çıxarılmış sayğac alarm
rejimində işləmişdir.

24. Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus istixananın qış mövsümündə gün

ərzində 5-6 saat qazdan istifadə etdiyi iddiaçının özünün təqdim etdiyi 2021-ci il 9 avqust
tarixli arayış əsasında müəyyən edilmişdir. İddiaçının sutkalıq qaz sərfiyyatı barədə özünün
təqdim etdiyi arayış mötəbər sübut hesab edilə bilməz. Bu arayış əsasında eksert tərəfindən
həyata keçirilmiş hesablamanın düzgün olmadığı eyni zamanda bununla təsdiq olunur ki,
ekspert istixanadakı su qızdırıcılarının maksimal aylıq qaz sərfiyyatının 303750 m

3

, yəni

60.750 manat olduğunu müəyyən etsə də, abonent saldosunda görünür ki, iddiaçının aylıq
sərfiyyatı 2018-ci ilin yanvar ayında 78.440 manat, 2018-ci ilin dekabr ayında 63.416,0
manat, 2019-cu ilin mart ayında 62.467,80 manat, 2020-ci ilin yanvar ayında 69.736,80
manat, 2020-ci ilin fevral ayında 64.239,40 manat olmuşdur. Göründüyü kimi, iddiaçıya
məxsus istixananın suqızdırıcı qazanlarının və digər qaz sərf edən qurğularının maksimal
aylıq qaz sərfiyyatının 60.750 manat olduğuna dair ekspert rəyinə əsasən məhkəmənin
gəldiyi nəticə əsassızdır.

25. Məhkəmə kollegiyası iddiaçıya məxsus obyektin (istixananın) qaz borusunun

üzərindəki qaz tənzimləyicinin əsaslı zərurət olmadan texniki şərt verilərkən tərtib edilmiş
layihədə nəzərdə tutulmuş yerinin dəyişdirilərək sayğacdan sonra quraşdırılmasının texniki
tələblərə və qaydalara uyğun olmadığına dair iddiaçının dəliləri ilə razılaşsa da, hesab
etmişdir ki, işdə mübahisələndirilən dövrdə iddiaçıya məxsus obyektin qaz sayğacına baxış
keçirilməklə sayğacın düzgün işləmədiyi və mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeyd
etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s) olmadığından, sayğacın
mübahisələndirilən dövrdə qaz sərfiyyatını düzgün qeyd etmədiyinə dair işdəki rəylər isə
(mütəxəssis və ekseprt rəyi) ehtimallara və iddiaçının özünün təqdim etdiyi məlumatlara
əsaslandığından məhkəmənin həmin rəylərə istinad etməklə konkret faktlara əsaslanmadan
iddianın qismən təmin edilməsinə dair iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki,
mütəxəssis rəyinə əsasən qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırlması yalnız qazın
təzyiqi müəyyən edilmiş normadan çox olduğu halda sayğacın düzgün işləməməsinə səbəb
ola bilər. Qeyd edilən ehtimala əsaslanaraq qaz tənzimləyicisinin sayğacdan sonra
quraşdırıldığı bütün dövr üçün qaz sərfiyyatının artıq qeyd edildiyinə dair nəticəyə gəlmək
düzgün olmaz. Eyni zamanda, qaz sayğacının 2020-ci il 14 fevral tarixində alarm rejimində
olması konkret sübutlar olmadan bu nəticəyə gəlmək üçün əsas ola bilməz. Belə ki, alarm
rejimində olan sayğacın düzgün işləməyərək sərfiyyatı daha az qeydə alması ehtimalı da
mümkündür.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki

Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 103.1, 217.1-ci maddələrinə,
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin 2009-cu il 2 mart
tarixli 17 saylı əmri ilə təsdiq edilmiş və 2009-cu il 1 aprel tarixdən qüvvəyə minmiş “Qaz
təchizatı” layihələndirmə normaları 2.12-1 AZDTN-nin 7.14-cü bəndinə istinad etməklə
əsaslandırmışdır.

27. Həmin qətnamə 2022-ci il 31 mart tarixində proses iştirakçılarının elektron

kabinetlərində yerləşdirilmişdir.

28. İddiaçı 2022-ci il 23 may tarixində kassasiya şikayəti verərək, qətnamənin iddianın

təmin edilmədiyi hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması barədə
yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 385.1, 425.1-ci maddələri, “QİQ”-ın 4.9-cu bəndi üzrə - Cavabdeh

qazpaylayıcı tərəfindən heç bir hüquqi əsası göstərilmədən, cavabdehin şəxsi mənafeyi
naminə qazın dəyərini real dəyərindən dəfələrlə artıq hesablaması məqsədi ilə sayğacın
yerinin dəyişdirilməsi tələb olunmuş və nəticədə əsassız və qanunsuz olaraq qaz sayğacı ilə
qaz tənzimləyicinin yeri dəyişdirilmişdir.

30. MPM-in 217-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi iş üzrə müəyyən

edilmiş həqiqi hallara uyğun olmayan qətnamə qəbul etmişdir.

31. MPM-in 218-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi

qətnamədə iddia tələbindən kənara çıxılmanın müstəsna hallarını göstərməmişdir.

32. MPM-in 220.4-cü maddəsi üzrə - Apellyasiya instansiyası sahə üzrə mütəxəssis

rəyinə və ekspert rəyinə ötəri yanaşmış, öz mülahizəsinə uyğun heç bir qanuna və normativ-
hüquqi akta əsaslanmadan qətnamə qəbul etmişdir. Halbuki mütəxəssis qismində elektron
qaz sayğaclarının korrektorlarının (elektron hesablayıcı hissə) bilavasitə istehsalı və
tənzimləməsi işlərini həyata keçirən "xxxx" MMC-nin direktoru X5 izahat vermişdir. Bu
səbəbdən X1 üzrə kifayət qədər biliyə malikdir və onun izahatı ehtimal deyil.

33. MPM-in 88 və 102.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tənzimləyicinin qaz

sayğacından sonraya keçirilməsinin qanunsuz olduğu (Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin minmiş “Qaz təchizatı” layihələndirmə normaları 2.12-1 AZDTN-nin 7.14
bəndinin tələblərinə zidd şəkildə texniki şərt verilərkən tərtib edilmiş layihədə nəzərdə
tutulmuş yeri dəyişdirilərək sayğacdan sonra quraşdırılmasının texniki tələblərə və qaydalara
uyğun olmadığı) ilə razılaşsa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində artıq
hesablanmış pulun məbləği ilə, habelə ekspert rəyi ilə razılaşmamış və işin obyektiv və
hərtərəfli araşdırılması məqsədi ilə əlavə və ya təkrar ekspertizanın keçirə biləcəyi təqdirdə
bunu etməmişdir.

34. Apellyasiya

instansiyası

məhkəməsi

cavabdeh

tərəfindən

yol

verilmiş

qanunsuzluqları qəbul etsə də, tənzimləyicinin yerinin dəyişdirilməsi və sayğacın alarm
rejimində işləməsinin sayğacın daha az hesabat apara biləcəyini (mütəxəssis və ekspert
rəylərinin əksinə) ehtimal etmişdir. Halbuki artıq sərfiyyatın hesablanmasını iş materiallarına
əlavə edilmiş abonent saldosundan da aydın görmək olar. Qaz sayğacı orta təzyiqli qaz
kəmərinin üzərində quraşdırılmışdır, tənzimləyici olmadıqda qaz birbaşa tənzimlənmədən
sayğaca daxil olur və sayğacı sıradan çıxarmaqla artıq hesabat aparır, misal kimi bir neçə ayı
qeyd etmək olar. Belə ki, istixananın ölçüləri və əkin növü dəyişmədiyi halda, 2018-ci ilin
noyabr ayında 38.881 manat məbləğində təbii qazdan istifadə edilmiş, lakin tənzimləyicinin
yeri dəyişdikdən sonra 2019-cu ilin noyabr ayında 96.946,40 manat məbləğində borc
hesablanmışdır. Daha sonra 2019-cu ilin yanvar ayında 58.169,40 manat, fevral ayında isə
51.441,60 manat hesablandığı halda, sayğac alarm rejimində olduğundan 2020-ci ilin yanvar
ayında 84.770 manat, fevral ayında isə 88.257 manat borc hesablanmışdır. Beləliklə,
apellyasiya instansiyasının iddia tələbinin təmin edilməməsi üçün əsaslardan biri olmuş,
ehtimalla yanaşdığı halın əksinə olaraq tənzimləyicinin yerinin dəyişməsi və sayğacın “Alarm”
rejimində işləməsi nəticəsində sayğacın dəfələrlə artıq hesabat aprdığını şübhəsiz, aydın
görmək olur. Göründüyü kimi, mütəxəssis və ekspert rəyləri obyektivdir və iddiaçıya əlavə
borcun hesablandığının mötəbər sübutudur.

35. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən qeyd etmişdir ki,

mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut olan
laboratoriya rəyi yoxdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh ölkədə təbii inhisar
subyekti olduğundan sayğacların laboratoriyada yoxlanması yalnız onlar tərəfindən həyata
keçirilə bilər. Cavabdeh iddia tələbini ümumiyyətlə qəbul etmədiyi nəzərə alındıqda, belə bir
yoxlamanın keçirilməsi qeyri-obyektiv olacaq və mötəbər sübut kimi qəbul edilə bilməz.
Cavabdehin hərəkətlərindən də aydın görmək olar ki tənzimləyicinin yerinin dəyişməsi həm
qaz sayğacının qüsurla işləməsinə, həm də artıq sərfiyyatın hesablanmasına səbəb olur. Bu
səbəbə görə də cavabdeh sonradan tənzimləyicini təkrar yerinə qaytarmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh 2022-ci il 6 sentyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim

edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və
əsaslıdır. Kassasiya şikayətinin əsasını qaz tənzimləyicisinin yeri qanunsuz dəyişdirildikdən
sonra qaz sərfiyyatında artım baş verməsi təşkil edir. Cavabdeh hesab edir ki, iddiaçıya
məxsus obyektin qaz sayğacına baxış keçirilməklə sayğacın düzgün işləmədiyi və mübahisəli
dövrdə qaz sərfiyyatını artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s)
olmadığından, sayğacın mübahisələndirilən dövrdə qaz sərfiyyatını düzgün qeyd etmədiyinə

dair işdəki rəylər isə (mütəxəssis və ekseprt rəyi) ehtimallara və iddiaçının özünün təqdim
etdiyi məlumatlara əsaslandığından apellyasiya instansiyası məhkəməsinin həmin rəylərə
istinad etməklə konkret faktlara əsaslanaraq iddianın qismən təmin olunan hissədə rədd
edilməsinə dair iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, iddiaçının kassasiya
şikayətində əsaslandığı dəlillər tamamilə qanunsuz və əsassızdır. Ona görə də kassasiya
şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 2 mart tarixli 2-
2(103)-121/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar
qəbul edilməsini xahiş olunur.

İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya

şikayəti

vaxtında,

yəni

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur.
Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmədiyi hissəsində

mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı
həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün
tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin
faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası
məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların
yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli

qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar
nəzərdə tutulur:

“...

4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti
hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti
hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

...

4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə
cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə
saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki
baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu
Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş
verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz
paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan
keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin
hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların
texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti
texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.
İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı
vəsait ödəməlidir.

...”

41. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin 2009-cu il

2 mart tarixli 17 saylı əmri iə təsdiq edilmiş və 2009-cu il 1 aprel tarixdən qüvvəyə minmiş
“Qaz təchizatı” layihələndirmə normaları 2.12-1 AZDTN-nin müvafiq müddəalarında
aşağıdakılar nəzərdə tutulur:

“...

7.14. “QTM-də və QTQ” aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin,
qoruyucu-bağlayıcı klapanların, qoruyucu-atqı klapanlarını, qaz təzyiq tənzimləyicilərinin,
bağlayıcı armaturların, nəzarət-ölçü cihazların, lazım gəldikdə qaz sərfini ölçmək üçün
cihazların, həmçinin dövrələmə qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulur. Yəni qeyd
olunan ardıcıllığa görə qaz təzyiq tənzimləyicisi qaz sərfini ölçmək üçün qoyula bilən
cihazların əvvəlində quraşdırılmalıdır.

...”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut
etməlidir.
...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara
tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 102. Əlavə və təkrar ekspertiza
102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza
təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə
ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və
ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.”

“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi
103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində
müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
...”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 29-35) iş

materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı
Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli 2-2(103)-
121/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə
qaytarılmalıdır.

44. Apellyasiya instansiya məhkəməsinin iş üzrə qətnamə qəbul edərkən istinad etdiyi

hallardan biri ondan ibarət olmuşdur ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri
ehtimallara və iddiaçının özünün təqdim etdiyi məlumatlara əsaslandığından qeyri-
mötəbərdir.

45. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçının öz

iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi halların texniki məsələlərlə bağlı olduğu, yəni
xüsusi biliklərin tətbiqini tələb etdiyi aşkardır.

46. Bunun nəticəsidir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə həm

mütəxəssis rəyi, həm də ekspert rəyi alınmışdır.

47. Hər iki rəy iddianın əsaslılığına dəlalət edir. Lakin birinci instansiya məhkəməsindən

fərqli olaraq, apellyasiya instansiya məhkəməsi onların heç birini mötəbər hesab etməmiş,
bununla belə, yeni rəylərin alınmasını da təmin etməmiş, qaz tənzimləyicinin qaz
sayğacından sonraya keçirilməsinin qanunsuz və əsassız olması ilə razılaşsa da, texniki
məsələlər barədə öz ehtimalları əsasında qətnamə qəbul etmişdir.

48. Halbuki ekspert rəyi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi MPM-in

102.1 və 102.2-ci maddələrinə (bax yuxarıda § 42) uyğun olaraq əlavə və ya təkrar
ekspertiza təyin edə bilərdi.

49. Lakin apellyasiya instansiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxılması

məqsədilə qanunla ona verilmiş həmin hüquqdan istifadə etməmiş, digər tərəfdən, xüsusi
biliklərə olan zərurətin hansı səbəblərdən aradan qalxmış hesab etdiyini də heç nə ilə
əsaslandırmamışdır.

50. Bundan başqa, iş materiallarında olan abonent saldosundan (i/v 101-102) görünür

ki, mübahisə predmeti olan istixanada təbii qaz istehlakı 2018-ci ilin noyabr ayında 38.881
manat məbləğində olduğu halda, tənzimləyicinin yeri dəyişdikdən sonra 2019-cu ilin noyabr
ayında kəskin şəkildə, yəni 2,5 dəfə artaraq 96.946,40 manata çatmışdır.

51. Daha sonra, istehlakın dəyəri 2019-cu ilin yanvar ayında 58.169,40 manat, fevral

ayında isə 51.441,60 manat təşkil etdiyi halda, məlum yerdəyişmə nəticəsində sayğacın
alarm rejimində işlədiyi 2020-ci ilin yanvar ayında xeyli artaraq 84.770 manat, fevral ayında
isə 88.257 manat olmuşdur.

52. O da qeyd olunmalıdır ki, iddiaçının istixanasının ölçülərinin, əkinin həcminin və

növünün dəyişməsi iş materiallarından görünmür.

53. Bununla belə, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar

apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən ümumiyyətlə diqqətdən kənarda
qalmış, təbii qaz istehlakının dəyərində müşahidə olunan kəskin artımın qaz tənzimləyicisinin
yerinin qanunsuz və əsassız dəyişdirilməsi ilə bağlı olub-olmadığı müəyyən edilməmişdir.

54. Sözügedən məsələlərə aydınlıq gətirilmədən isə hazırkı mübahisənin həlli barədə

birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

55. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən

əsaslandığı hallardan biri də o olmuşdur ki, mübahisələndirilən dövrdə iddiaçıya məxsus
obyektin qaz sayğacına baxış keçirilməklə sayğacın düzgün işləmədiyini və qaz sərfiyyatını
artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s.) olmamışdır.

56. Halbuki məlumdur ki, sayğacların laboratoriyada yoxlanması təbii inhisar subyekti

olan cavabdehin özünün müvafiq qurumu tərəfindən həyata keçirilir. Belə olan halda,
cavabdeh təşkilatın müvafiq qurumunun təqdim edəcəyi laboratoriya rəyinin özünün
mötəbərliyinə də təminat yoxdur.

57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki,

apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 42) tələblərini
pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in
217.1-ci maddəsinə (bax yuxarıda § 42) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki,
həmin qətnamə ləğv edilməlidir.

58. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı

iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə

kollegiyası

QƏRARA ALİR:

İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli 2-

2(103)-121/2022 saylı qətnaməsi ləğv edilsin.

İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.