2-2[102]-540/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-540/2021

14.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya, Mülki və İnzibati

Kollegiyası

İddiaçı cavabdehə qarşı iş üzrə

Q Ə R A R

Açar sözlər: məhkəmə aidiyyəti

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati

Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və
Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı cavabdehə qarşı

“icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı
məsələyə baxaraq

müəyyən etdi:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət

edərək, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 03
iyul 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş
etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Sabirkənd kənd

bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə cavabdeh bələdiyyənin ehtiyat fonduna
daxil olan tikinti təyinatlı (bələdiyyənin perspektiv torpaq sahəsi) 13 hektar torpaq sahəsi
50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə
verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə "xxx" rayon şöbəsinin sabiq müdiri "X"lə
cinayət əlaqəsinə girmişdir və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin
mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair
sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin "X" rayon şöbəsi tərəfindən
cavabdeh 28 avqust 2004-cü il tarixdə JN-5279 (Ko ********) nömrəli Torpaqdan müvəqqəti
istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd birmənalı saxta sənəddir
və cavabdeh hal-hazırda da həmin sənəddən istifadə edir.

3. Şəmkir rayon məhkəməsinin 2021-ci il 01 iyul tarixli, 2(076)- 1883/2021 saylı

qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə
göndərilmişdir (hakim – Z.İmanov).

4. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 23 sentyabr tarixli, 2-2(115)-830/2021

saylı qərardadı ilə iddiaçı cavabdehə qarşı iş üzrə məhkəmə aidiyyəti məsələsinin həll
edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikası Ali
Məhkəməsinə göndərilmişdir (hakim – R.Məmmədov).

5. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, 31 avqust 2021-ci il tarixli,

**********546900 nömrəli 14 saylı Ərazi Vergilər İdarəsindən məhkəmənin 23 avqust 2021-
ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, uçot məlumat bazasına əsasən
Cavabdeh fiziki şəxs kimi 10.01.2005-ci il tarixdə vergi uçotuna alınmış və ********** VÖEN
verilmişdir. Cavabdeh fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların
satışı” kimi qeyd edilmişdir.

6. İddiaçı cavabdeh ilə icarə müqaviləsi 03 iyul 2004-cü ildə bağlanılmışdır. Lakin, 14

saylı Ərazi Vergilər İdarəsindən daxil olan məlumata əsasən cavabdeh fiziki şəxs kimi
10.01.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. Həmin müqavilə imzalanan zaman
cavabdeh fərdi sahibkar statusunda olmamış və adıçəkilən icarə müqaviləsini sahibkarlıq
fəaliyyəti ilə əlaqədar olaraq bağlamamışdır. Hazırki mübahisə hər iki tərəfin sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

7. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati

Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və
Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş
mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

8. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi

məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin
subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə
alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə

əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə
icraatı qaydasında kommersiya məhkəmələri baxır.

10. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin

40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda
bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların
səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. İş materiallarındakı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın

verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışa
əsasən cavabdeh (VÖEN: **********) fiziki şəxsdir - fərdi sahibkar kimi uçota alınmışdır.

12. Həmçinin, iddianın predmeti kənd təsərrüfatı təyinatlı 13 ha torpaq sahəsinə dair

icarə müqaviləsinin ləğvi ilə bağlıdır və müqavilədə konkret olaraq torpaq sahəsinin hansı
məqsədlə icarəyə verildiyi dəqiq qeyd edilməsə də, qarışıq məhkəmə tərkibi hesab edir ki,
13000 kv.m torpaq sahəsi hər hansı fərdi yaşayış evi tikintisi üçün verilə bilməzdi və bu
torpaq sahəsi cavabdehə müvafiq kənd təsərrüfatı malları istehsal etmək üçün ayrılmış,
sonuncunun həmin torpaq sahəsindən hazırda sahibkarlıq məqsədi ilə istifadə etmədiyi
barədə tərəflərin məhkəmə iclasında bildirdikləri isə mübahisənin mahiyyətinə təsir edə
bilməz.

13. Cavabdehin müqavilə bağlanarkən fərdi sahibkar statusunun olmaması, onun

müqavilə bağlanandan yalnız bir il sonra fərdi sahibkar kimi 10.01.2005-ci il tarixdə vergi
uçotuna alınması da hazırkı mübahisənin məhz kommersiya mübahisəsi olmasını istisna
etmir.

14. Beləliklə, kənd təsərrüfatı təyinatlı 13 ha torpaq sahəsinə dair icarə müqaviləsinin

ləğvinə dair hazırkı iddia tələbi hüquq münasibətlərinin xarakteri, eyni zamanda tərəflərin
subyektiv tərkibi (bir tərəfdən bələdiyyə, digər tərəfdən isə sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs) və iddianın predmeti baxımından da kommersiya mübahisəsi olmaqla,
baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aiddir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə

əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə
şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq
tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və
tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

16. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll

edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

17. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr

üzrə şikayətə baxarkən:

403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti

haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər;

403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti

haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul
edə bilər.

18. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati

Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı iş məhkəmə
aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə
göndərilməlidir.

19. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət

qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403-
cü maddələrini rəhbər tutaraq

Q ə r a r a a l d ı:

20. İddiaçı cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş

məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya
Məhkəməsinə göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.