“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında”

PDF

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q  Ə  R  A  R  I

 

“18  ” fevral  2022-ci il                        №2                                       Bakı şəhəri

           

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı və  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanına uyğun olaraq yeni mərhələyə keçən məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında da müvafiq dəyişikliklərin edilməsini zəruri etmişdir.

Eyni zamanda cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqi təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, məhkəmələrdən, prokurorluqdan, cinayət təqibini həyata keçirən digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.

Qeyd olunanlara əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işlərinə baxılması ilə əlaqədar cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqində məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

 

Q Ə R A R A   A L D I :

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü bəndin ikinci abzasında “təqsirləndirilən” sözü çıxarılsın.

2. 17-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.”

3. 18-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“İzah edilsin ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması həmin şəxsin cinayət məsuliyyətinə əsas ola bilməz. Həmçinin, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.”

4. 21-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.”.

5. 21-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Nəzərə almaq lazımdır ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır.”.

 

Azərbaycan Respublikası

Ali Məhkəməsinin Sədri                                                                         Ramiz Rzayev