e-2[102]-5387/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № e-2(102)-5387/2022

19.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki, Kommersiya və İnzibati kollegiyalarına

daxil olan hakimlərin

qarışıq tərkibinin

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir

Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi),
İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və
Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət

qarışıq tərkibdə,

İddiaçı Cavabdeh ASC-yə qarşı maddi ziyan tələbinə dair iş üzrə Bakı Şəhəri Səbail

Rayon Məhkəməsinin e-2(009)-1849/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli

qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 15 sentyabr 2022-ci il tarixdə Ali
Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi

İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar

Cəmiyyətinə (bundan sonra – cavabdeh) pretenziya məktubu ilə müraciət edərək,
bildirmişdir ki, ona məxsus tikinti bazarının yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra
Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmışdır. xx.xx.2021-ci il
tarixdə cavabdehin əməkdaşları heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan
ağır texnikalarla bazarın ərazisini dağıtmış və bunun nəticəsində ona 645.370 manat
məbləğində ziyan dəymişdir.

2. Cavabdeh 02 may 1996-cı il tarixli cavab məktubu ilə bildirmişdir ki, qeyd edilən

ərazidən yüksək gərginlikli hava elektrik verilişi xətlərində mühafizə zonasının pozulması
ilə baş verən ardıcıl açılmalara görə onlara ziyan dəymiş və bununla əlaqədar ərazi
təmizlənmişdir.

3. İddiaçı cavabdehə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə ilk öncə

kommersiya məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-
6386/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul
edilməsindən imtina edilmiş və iddiaçıya hazırkı tələblə inzibati məhkəməyə müraciət
etmək hüququ izah edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, hazırkı tələb inzibati
orqana qarşı sonuncunun hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın
ödənilməsi ilə bağlı olmaqla inzibati icraat qaydasında baxılmalıdır.

4. Bundan sonra iddiaçı cavabdehə qarşı sonuncunun hərəkətlərinin qanunsuz

hesab edilməsi və bunun nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi
barədə inzibati iddia qaldırmış, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-
4757/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
Qərardadda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmununa görə iddiaçı cavabdehdən
xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi vurduğu ziyanla bağlı
kompensasiya tələb edir. Belə kompensasiyanın tutulması isə publik hüquq sahəsində
həyata keçirilən fəaliyyətlə bağlı dəymiş ziyana görə deyil, cavabdehin hərəkətləri
nəticəsində vurulmuş ziyanla bağlı olduğundan yaranmış mübahisəyə mülki məhkəmə
icraatı qaydasında baxılmalıdır.

Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək,

cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş 645.370 manat maddi ziyanın və
ödənilmiş 936 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbinin faktiki əsası qismində işin yuxarıda
sadalanan faktiki hallarına, hüquqi əsası kimi isə, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya

məhkəməsi) e-2(009)-1849/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim
Rəna Qafarova) iddia ərizəsi geri qaytarılmış və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan
sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah
olunmuşdur.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 32.2, 32.2-ci maddələrinə istinadla gəldiyi
nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər hüquqi şəxs olmaqla vergi ödəyicisi kimi
qeydiyyata alınmışdır və onlar arasında yaranmış mübahisə nəticə etibarilə sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Belə olan halda,
iddiaçı mövcud iddia tələbi ilə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə
müraciət edə bilər.

8. İddiaçı (Vəkil) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin

icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı məhkəmə aidiyyəti istənilən

halda birinci instansiya məhkəmələrindən birinə aid olduğu üçün onlardan biri tərəfindən
icraata götürülməlidir. Lakin hazırkı vəziyyətdə aidiyyəti birinci instansiya məhkəmələri işin
onlara aid olmaması ilə bağlı qərar qəbul etdiyindən kassasiya instansiya məhkəməsi işin
məhkəmə aidiyyətini müəyyənləşdirməlidir.

10. Birinci instansiya məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət

təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə
göndərilmişdir.

Tətbiq edilən hüquq
MPM
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə

aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

12. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

13. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan

mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında
kommersiya məhkəmələri baxır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq

hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən

edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir
ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25
və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq
münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması
işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi
baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən
edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan
məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində
baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud
birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən
yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən
sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından
asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata
keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

16. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt

kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların
sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə
kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə
münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (bənd 14).

17. Baxılan işdə hər iki tərəf (iddiaçı və cavabdeh) kommersiya hüquqi şəxsi olmaqla

aralarındakı mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi ziyanın ödənilməsi
barədə hazırkı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli
gəlir.

18. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya

məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.

19. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair

mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan
hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı
keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində
baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll
edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair
mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya
məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik
edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

20. Məhkəmə tərkibi, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki

prosessual qanunvericiliyə əsasən məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və
məhkəmələr arasında fikir ayrılıqlarının həlli barədə məsələ birbaşa kassasiya instansiyası
məhkəməsinin səlahiyyətinə aid edildiyindən, habelə Azərbaycan Respublikası ərazisində
ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyindən Bakı Kommersiya
Məhkəməsinin hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasının
yolverilməzliyi barədə qərardadı iddiaçının eyni iddia ərizəsi ilə həmin məhkəmədə iddia
qaldırmasına mane olan hal kimi qiymətləndirilməməlidir.

21. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və

403-1.8.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1849/2022 nömrəli, 09 avqust

2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.