e-2[102]-5474/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № e-2(102)-5474/2022

22.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki, Kommersiya və İnzibati kollegiyalarına

daxil olan hakimlərin

qarışıq tərkibinin

İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: işin məhkəmə aidiyyəti, iddia ərizəsinin qaytarılması

Azərbaycan Respublikasının Ali Məhkəməsi
Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi),
İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və
Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət

qarışıq tərkibdə,

İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı

müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Nizami Rayon
Məhkəməsinin e-2(007)-2234/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadından

iddiaçı tərəfindən verilmiş şikayətə 22 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin
binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı
qərarı qəbul etdi

Birinci instansiyası məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC-yə, Cavabdeh3nə və

Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət
edərək, Ağcabədi rayonu “Böyük Yataq” adlanan ərazisində icarəsində olan 47,5 ha
torpaq sahəsi ilə bağlı cavabdehlər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış
kompensasiyasının müəyyən edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya

məhkəməsi) e-2(007-2234/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim
Ülkər Yusifova) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya
Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı (vəkil Nümayəndə) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, iş

üzrə növbəti prosessual hərəkətlərin edilməsinə dair qərardad qəbul edilməsini xahiş
etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə tərəflər arasında

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, iddiaçının istifadəsində olan torpaq
sahəsinə dair cavabdehlər arasında bağlanmış kompensasiyanın müəyyən edilməsinə
dair müqavilənin etibarsızlığı ilə bağlıdır. Həmin müqavilə yalnız cavabdehlər arasında
bağlanmış icarə, kompensasiya münasibətlərini müəyyən etməklə, bilavasitə sahiblarlıq
fəaliyyətinin icrasına yönəlməmişdir. Hazırda iddiaçı, hüquqlarını və mənafelərini pozduğu
üçün sözügedən müqavilənin etibarsızlığını tələb edir və bu, ümumi məhkəmələr
tərəfindən baxılmalı olan torpaq sahəsi ilə bağlı mülki hüquqi xarakterli mübahisədir.

5. Birinci instansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət

təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali
Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə

aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

7. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

8. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan

mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında
kommersiya məhkəmələri baxır.

9. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair

mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan
hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı
keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində
baxılır.

10. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti

məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq

hesab edir ki, şikayət təmin edilməlidir.

12. İlk növbədə nəzərə alınmalıdır ki, məhkəmə iddia ərizəsini icraata qəbulu barədə

məsələni həll etmədən işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə

qərardad qəbul etmişdir. Halbuki MPM-in 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş
ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia
ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

13. Qanunun mənasına görə təqdim edilmiş sənədlər əsasında işin ümumi

məhkəməyə aid olmadığı aşkardırsa məhkəmə iddia ərizəsinin qaytarılması barədə
qərardad qəbul etməlidir.

14. Əgər təqdim olunan sənədlər, habelə elektron məhkəmə informasiya sisteminin

yoxlamağa imkan verdiyi resurslar vasitəsilə tərəflərlə müzakirə aparmadan işin məhkəmə
aidiyyətini müəyyən etmək mümkün deyildirsə, onda hakim MPM-in 151.2-ci maddəsinə
əsasən iddianın ümumi məhkəmədə baxılmasının mümkünlüyü haqqında məsələyə
çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə baxa, yaxud iddia ərizəsini icraata
qəbul edərək, işin məhkəmə baxışına hazırlığı mərhələsində həmin məsələni tərəflərlə
müzakirə edə bilər.

15. Belə ki, MPM-in 152-ci maddəsinə edilmiş son dəyişikliklər məhkəmə aidiyyəti

üzrə səhv verilmiş iddianın geri qaytarılması barədə yeni əsas müəyyən etsə də,
prosessual qanunvericilik icraata qəbul edilmiş işin də aidiyyəti üzrə göndərilməsini
mümkün hesab edir (MPM-in 32.1-32.4).

16. Məhkəmə tərkibi hazırkı iddia ərizəsinin aidiyyəti ilə bağlı, həmçinin

aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud

kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı
mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci,
habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq
münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması
işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi
baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən
edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə
qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin
tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq
fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir
(bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya
məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas
tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə
mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya
birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti
olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün
fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

18. Göründüyü kimi, işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi

üçün həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı olmalıdır. Bu zaman mübahisənin hər iki tərəfinin sahibkarlıq
fəaliyyəti subyekti olması və mübahisənin predmetini təşkil edən tələbin onların birlikdə və
ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur.

19. Baxılan işdən görünür ki, iddiaçı fiziki şəxs olmaqla, cavabdehlərdən biri hüquqi

şəxs, digəri fiziki şəxs, üçüncüsü isə dövlət orqanıdır.

20. Birinci instansiya məhkəməsi mübahisənin kommersiya məhkəməsinə aid olması

barədə qənaətini belə əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, mübahisə
sahibkarlıq fəaliyyəti məqsədi ilə icarəyə götürülmüş torpaq sahəsindən irəli gəlir. Belə
olan halda, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır.

21. Qeyd olunmalıdır ki, fiziki şəxslər yalnız mübahisənin onların fərdi sahibkar kimi

qeydiyyatdan keçməklə həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, korporativ
tələblərlə bağlı hüquqi şəxsin iştirakçılarından biri olduqları və bir-biri ilə əlaqədar olan biri
ümumi, digər isə kommersiya məhkəməsinə aid olan tələblərin birləşdirildiyi halda işə

kommersiya məhkəməsində baxılmalı olduğu hallarda kommersiya mübahisəsinin
subyekti qismində çıxış edə bilərlər. Hazırkı işdə isə qeyd olunan hallar müəyyən olunmur.

22. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarında əks olunmuş

hüquqi mövqelərə əsasən, həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab
olunması üçün bu fəaliyyətin dövlət qeydiyyatına alınması, başqa sözlə, mübahisə tərəfi
olan fiziki şəxsin fərdi sahibkar kimi qeydiyyata alınması lazım gəlir. Fərdi sahibkar
statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti
aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli
gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu
fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan,
ümumi məhkəmələrdə baxılmalıdır (bənd 27).

23. Məhkəmə tərkibi qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya

məhkəməsi fiziki şəxs olan iddiaçının, o cümlədən Cavabdeh2 həyata keçirdiyi fəaliyyətin
sahibkarlıq fəaliyyəti kimi qeydiyyata alınmasını, həmin şəxslərin X1 Nömrəsinin (VÖEN)
olub-olmamasını yoxlamadan yalnız iddia ərizəsinin məzmununda qeyd olunanları əsas
götürərək, işin kommersiya məhkəməsinə aid olması barədə gəldiyi qənaət əsaslı sayıla
bilməz.

24. Ona görə də şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı

ləğv edilməli, iş həmin məhkəməyə qaytarılmalıdır.

25. Birinci instansiya məhkəməsi təqdim olunan sənədlər, habelə elektron məhkəmə

informasiya sisteminin yoxlamağa imkan verdiyi resurslar vasitəsilə zəruri məlumatlar əldə
etdikdən sonra işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və
hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin ümumi məhkəməyə və ya
kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməli, tərəflərlə müzakirə aparmadan işin
məhkəmə aidiyyətini müəyyən etmək mümkün deyildirsə, onda MPM-in 151.2-ci
maddəsinə əsasən iddianın ümumi məhkəmədə baxılmasının mümkünlüyü haqqında
məsələyə çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə baxmalı, yaxud iddia
ərizəsini icraata qəbul edərək, işin məhkəmə baxışına hazırlığı mərhələsində həmin
məsələni tərəflərlə müzakirə edərək qərar qəbul etməlidir.

26. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və

403-1.8.3-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin.
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2234/2022 nömrəli iş üzrə 29 iyun

2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş bu Qərarın əsaslandırıcı hissəsində
göstərilən zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə
göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.