e-2-2[102]-672/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № e-2-2(102)-672/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya, Mülki və İnzibati

Kollegiyası

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi

Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı iş üzrə

Q Ə R A R

Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati

Kollegiyalarının hakimləri Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil
oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə ərizəçi Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi

Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə
baxıldı.

İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux rayonu Alabaşlı

qəsəbə Uşaq bağçası körpələr evi 2001-ci il 26 yanvar tarixdə dövlət qeydiyyatına
alınmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyindədir. Təşkilatı-
hüquqi forması digər qeyri-kommersiya təşkilatı, mülkiyyətinin növü dövlət mülkiyyəti,
əsas fəaliyyət növü məktəbəqədər təhsildir. Həmin hüquqi şəxsə 2004-cü il 26 oktyabr
tarixdə ********** nömrəli VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Gəncə Kommersiya Məhkəməsindəki icraat

2. Ərizəçi Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan

sonra – “ərizəçi”) Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) qarşı ərizə ilə
məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Samux rayonu Alabaşlı
qəsəbə Uşaq bağçası körpələr evinin Dövlət Sosial Müdafiə Fonduna 2036,94 manat
məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra
orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan

Respublikasının Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə
yerinə yetirmədiyi üçün 2022-ci il 5 avqust tarixə vergi ödəyicisi olan Samux rayonu
Alabaşlı qəsəbə Uşaq bağçası körpələr evinin (VÖEN: **********) Dövlət Sosial
Müdafiə Fonduna 2036,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün
ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci
maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc
məbləğini ödəməmişdir.

4. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 avqust tarixli, e-2-2(115)-

1828/2022 saylı qərardadı ilə ərizəçinin maraqlı şəxsə qarşı ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi geri qaytarılmışdır
(hakim – G.Quliyeva).

5. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu uşaq bağçası

dövlət orqanıdır, əsas fəaliyyət növü təhsillə bağlıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul
deyildir. Ona görə də, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi
üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması haqqında vergi orqanının ərizəsinə kommersiya məhkəməsində
baxılmalı deyil. Ərizə geri qaytarılmalı, ərizəçiyə aidiyyatı üzrə ümumi məhkəməyə
müraciət etmək hüququ izah edilməlidir.

6. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin

(bundan sonra – “MM”) 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikası

Qanununun

1-ci,

Azərbaycan

Respublikası

Mülki

Prosessual

Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 26.1, 31.1, 152.1.3-cü maddələrinə
və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən
edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan
fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 12, 14-cü bəndlərinə
istinad etməklə əsaslandırmışdır.

7. Həmin qərardaddan ərizəçi tərəfindən şikayət verilərək, Gəncə Kommersiya

Məhkəməsinin 2022-ci il 19 avqust tarixli, e-2-2(115)-1828/2022 nömrəli qərardadının

ləğv edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul
edilməsi xahiş edilmişdir.

8. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ərizənin təmin

edilməməsi hüquqi şəxs tərəfindən VM-in 78-ci maddəsində əks olunmuş vergi
öhdəliyinin (DSMF üzrə) yerinə yetirilməməsi ilə nəticələnəcəkdir. Eləcə də, VM-in
23.1.15-3-cü

maddəsindəki

əks

olunmuş

vergi

orqanının

hüquqlarının

məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə işə baxarkən sübutları tam,
hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə
gəlmişdir. Belə ki, hüquqi şəxs barədə məlumat formasında digər kommersiya təşkilatı
qeyd olunması həmin hüquqi şəxsin qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olması və
yaxud heç bir halda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsi anlamına gəlmir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli
Qərarının 23-cü bəndində MPM-in 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti
orqanının (vergi orqanlarının) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin
icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının
mümkünlüyü nəzərdə tutulmaqla, dövlət orqanının kommersiya mübahisəsində tərəf
olması istisna edilməmişdir. Gəncə Kommersiya Məhkəməsi həmin Qərara istinad
etsə də, əsaslandırmasını düzgün aparmamış, adıçəkilən qərarın 23-cü bəndinin
tələblərini gözləməmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(115)-

1828/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, ərizəçi tərəfindən verilmiş
şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə
göndərilmişdir (hakim – G.Quliyeva).

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəyə kommersiya

məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və
məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı
bağlılığı tələb olunur.

11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən

edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan
fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarından da göründüyü kimi
tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan
işlərdən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının
rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər
üzrə tələblər o halda kommersiya məhkəmələri tərəfindən baxılır ki, həmin tələblər
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmiş olsun. Lakin ərizəyə əlavə
edilən hüquqi şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxsin rəhbəri olduğu
uşaq bağçası dövlət orqanıdır, qeyri-kommersiya təşkilatıdır, əsas fəaliyyət növü
təhsillə bağlıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir.

12. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin

(bundan sonra – “MM”) 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikası

Qanununun

1-ci,

Azərbaycan

Respublikası

Mülki

Prosessual

Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 26.1, 31.1, 152.1.3-cü maddələrinə
və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən
edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan
fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 12, 14-cü bəndlərinə
istinad etməklə əsaslandırmışdır.

İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

13. Azərbaycan

Respublikası

Mülki

Prosessual

Məcəlləsinin

müvafiq

müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti
24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində

mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər
qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq
belə hüquq və azadlıqları müdafiə və təmin edir.

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə

aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti
və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq
olaraq müəyyən edilir.”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr
baxır.

...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan

mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı
qaydasında kommersiya məhkəmələri baxır.

26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə

tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin
35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların
səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

...”

“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə

dair mübahisələrə baxılması

403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair

mübahisələr üzrə şikayətlərə 

və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında

fikir ayrılığı məsələlərinə

 mülki, kommersiya və inzibati kollegiyalara daxil olan

hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə
baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün
müddətində baxılır.

403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini

həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair

mübahisələr üzrə şikayətə baxarkən:

403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə

aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən,
şikayəti təmin etmədən saxlaya bilər;

...”

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və

yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti
ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq
müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin

kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə
qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas
tələblərdən ən azı biri
) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki
qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən,

yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq)
bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata
keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

...
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə

mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya
hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin
olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində
baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər
iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə
diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik
olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən
irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

...”

İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Ərizəçinin şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq

məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmamalı, Gəncə Kommersiya
Məhkəməsinin 2022-ci il 19 avqust tarixli e-2-2(115)-1828/2022 nömrəli qərardadı
dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq

fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2 və 26.1-
ci maddələrinin (bax yuxarıda § 13) tələbləri baxımından mübahisəyə kommersiya
məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Bu
mübahisələrin aidiyyəti sözügedən hər üç meyarın mövcudluğu nəzərə alınmaqla
müəyyən edilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və

yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti
ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında (bax yuxarıda
§ 14) formalaşdırdığı hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq
münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi
baxımından həlledici meyardır.

15. Hazırkı halda ərizə tələbinin predmetini əsas fəaliyyət növü təhsillə bağlı olan

dövlət qurumu olan qeyri-kommersiya təşkilatının rəhbərinin ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir.

16. Belə ki, hüquqi şəxs haqqında məlumata əsasən, Samux rayonu Alabaşlı

qəsəbə Uşaq bağçası körpələr evi 2001-ci il 26 yanvar tarixdə dövlət qeydiyyatına
alınmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyindədir. Təşkilatı-
hüquqi forması digər qeyri-kommersiya təşkilatı, mülkiyyətinin növü dövlət mülkiyyəti,
əsas fəaliyyət növü məktəbəqədər təhsildir.

18. Qeyd edilənlərə əsasən, qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki,

hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Odur ki, Gəncə Kommersiya
Məhkəməsinin 2022-ci il 19 avqust tarixli e-2-2(115)-1828/2022 nömrəli qərardadı
qanuni və əsaslı hesab edilməlidir.

19. Beləliklə, məhkəmə tərkibi MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci

maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi

Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin şikayəti təmin edilməsin.

Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 avqust tarixli, e-2-2(115)-

1828/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.