e-2-2[102]-679/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № e-2-2(102)-679/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

Mülki, Kommersiya və İnzibati Kollegiyalarına

daxil olan hakimlərin qarışıq tərkibi

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsinə dair

iş üzrə

Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ

Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən)
İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və
Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə,

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehə qarşı daxili maliyyə lizinqi

müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin
2022-ci il 7 sentyabr tarixli e-2-2(113)-5245/2022 saylı qərardadına əsasən, Bakı Şəhər
Yasamal rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə
dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında
məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi.

İ. İŞİN HALLARİ

1. İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-

ci il 25 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı daxili maliyyə lizinqi
müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Yasamal Rayon
Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 14 aprel tarixdə D070
saylı Daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – “Lizinq Müqaviləsi”) ləğv edilməsi,
9.477 manat lizinq mükafatı üzrə, 13.843 manat cərimə üzrə olmaqla, cəmi 23.320 manat
məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2

elektron qaydada məhkəməyə ərizə-vəsatət təqdim edərək bildirmişdir ki, bağlanılmış maliyyə
lizinqi müqaviləsi sahibkarlıq fəaliyyəti ilə əlaqədardır, müqavilənin hər iki tərəfi sahibkarlıq
fəaliyyəti ilə məşğuldur. Həmçinin iş materiallarında olan Mediasiya keçmə haqqında arayışda
da Kommersiya mübahisəsi ilə əlaqədar Mediasiya seansı keçilməsi göstərilmişdir. Bundan
başqa iş materiallarında həmçinin ödənilmiş dövlət rüsumu da Bakı Kommersiya Məhkəməsinin
adına ödənilmişdir. Bu səbəbdən də ərizəçi işə Bakı Şəhər Yasamal Rayon Məhkəməsində
baxılmamasını və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə
qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tərəf, məhkəmə həmin vəsatətə iddiaçının münasibətini öyrənərkən və ondan

sonra işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə hər
hansı etiraz bildirməmişdir.

4. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2022-ci il 15 avqust tarixli e-2(004)-

4255/2022 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya
Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Babazadə).

5. Bakı Şəhər Yasamal Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı vergi ödəyicisi

olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə
baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

6. Bakı Şəhər Yasamal Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki

Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.3, 32.4, 32.5, 32.6, 32.7,
152.1.3-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddələrinə

,

Azərbaycan

Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya

məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və
məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 10
sentyabr tarixli 10 nömrəli qərarının 3, 12, 13-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 sentyabr tarixli e-2-2(113)-5245/2022 saylı

qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün
Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim –
A.Əliyeva).

8. Bakı Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında

məhkəmə mübahisəsi Lizinq Müqaviləsindən irəli gəlir. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə
əsasən lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq
alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini
lizinq verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin məzmunundan məlum olur ki, tərəflər
arasında imzalanmış müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə
bağlanmamışdır. Belə olan halda isə hər iki tərəfin VÖEN-i olmasına baxmayaraq, hazırkı
mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

9. Bakı Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.2, 25.1, 26.1, 32.7-ci

maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud
kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı
mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə
dair” 2020-ci il 10 sentyabr tarixli 10 nömrəli qərarının 11, 12, 13-cü bəndlərinə istinad etməklə
əsaslandırmışdır.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

...
24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə

aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti
və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq
olaraq müəyyən edilir.

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr
baxır..

...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1.

Sahibkarlıq

fəaliyyətinin

həyata

keçirilməsi

ilə

əlaqədar

olan

mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı
qaydasında kommersiya məhkəmələri baxır.

...”

“Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi

...
32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara

çıxara bilər.

32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə

göndərilməsi

ya

aidiyyət

haqqında

ərizənin

rədd

edilməsi

barədə əsaslandırılmış qərardad çıxarır.

32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad

onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu
Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan

şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.

32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə

tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə
aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı
olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış
qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi
həmin məhkəmə tərəfindən həll edilir.”

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar

nəzərdə tutulur:

“Maddə 12. Mənzil hüququnun obyektləri
12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.
12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq

daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən
edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan
sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

...”

“Maddə 13. Yaşayış sahələrinin növləri
13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir:
13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi;
13.1.2. mənzil, mənzilin hissəsi;
...”

“Maddə 14. Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları
14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.
14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən

peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol
verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi
üçün müəyyən edilmiş tələbləri pozmasın.

14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.”

12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar

nəzərdə tutulur:

“Maddə 140. Maliyyə lizinqi

140.1. Bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas

vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı
maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün
icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə
ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız
hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

...”

13. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud

kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı

mübahisələrə

məhkəmələr

arasında

yaranan

fikir

ayrılıqlarına

baxılmasının

xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarının müvafiq
müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“3.Məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və

ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli
olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz.

...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya

mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad
olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə
tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin
müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici
məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt
tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı
mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq
fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin
kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş
istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə
dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə,
habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin
sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi
səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya

məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən
əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə
mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya
birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti
olub-olmamasından asılı olmayaraq
) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün
fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

  13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri)

üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən
irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən
azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi
zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə,
sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.
Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata
keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı
korporativ mübahisələr aiddir.

....

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini və işin

materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisənin məhkəmə aidiyyəti üzrə
məhkəmələr arasında yaranmış fikir ayrılığı barədə birmənalı nəticəyə gəlmək üçün iş
materiallarında lazımi məlumatlar yoxdur.

15. İş materiallarından görünür ki, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıqla

məşğul olan fiziki şəxs, iddiaçı isə hüquqi şəxsdir.

16. Həmçinin iş materiallarında olan 2021-ci il 14 aprel tarixli ******* nömrəli alqı-satqı

müqaviləsindən, istərsə də Lizinq Müqaviləsindən görünür ki, həmin müqavilələrin predmeti
və lizinq obyekti müvafiq ünvanda olan mənzildir.

17. Mənzil Məcəlləsinin 12.1, 12.2. 13.1.2 və 14-cü maddələrinin (bax yuxarıda § 11)

məzmunundan aydın olur ki, vətəndaşların daimi yaşaması üçün yararlı olan ayrıca sahə
yaşayış sahəsi hesab olunur. Əsas təyinatı insanların yaşaması olan yaşayış sahələri, o
cümlədən mənzil, mənzil hüququnun obyektidir.

18. Bununla belə, həmin Məcəllənin 14.2-ci maddəsi (bax yuxarıda § 9) yaşayış

sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərin həmin yaşayış sahəsindən fərdi
sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinin mümkünlüyünü də istisna
etməmişdir, bir şərtlə ki, bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə
yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.

19. Belə olan halda, həmin mənzilin lizinqə götürülməsinin təyinatının (şəxsi istehlak və

ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi) dəqiqləşdirilməsi mübahisənin məhkəmə
aidiyyətinin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

20. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və

yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə
bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 2020-ci il 10 sentyabr tarixli 10 nömrəli qərarınında (bax yuxarıda § 13)
ifadə olunmuş hüquqi mövqelərə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin
subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri meyarlarının hər
üçünün qarşılıqlı bağlılığı tələb olunur. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin
xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya
kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin
subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı olmasını tələb edir.

21. Lakin nə mübahisə predmeti olan Lizinq Müqaviləsində, nə də ki, iş materiallarında

olan digər sənədlərdə müvafiq mənzilin lizinqə götürülməsinin təyinatı dəqiq ifadə
olunmuşdur.

22. Bununla belə, Lizinq Müqaviləsinin 1-ci bəndində cavabdehin VÖEN nömrəsi

göstərilmişdir.

23. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi 2022-ci il

25 iyul tarixində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə verilmişdir. Lakin ərizənin
verilməsinə görə 132 manat dövlət rüsumu bundan 3 gün öncə - 22 iyul tarixində Bakı
Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir.

24. Eyni zamanda, iş materiallarında olan Mediasiya keçmə haqqında arayışda da

Kommersiya mübahisəsi ilə əlaqədar Mediasiya seansı keçilməsi göstərilmişdir.

25. Həmçinin cavabdeh vəsatətlə ümumi məhkəməyə müraciət edərək işin kommersiya

məhkəməsində baxılmasını xahiş etmiş, məhkəmə bu barədə iddiaçı tərəfin münasibətini
öyrəndikdə, sonuncu buna hər hansı etirazını bildirməmişdir.

26. Göstərilən xüsusatlar cavabdehin Lizinq Müqaviləsini sahibkarlıq fəaliyyətinin

həyata keçirilməsi məqsədilə bağladığına dəlalət edən amillərdir.

27. Lakin yuxarıda qeyd olunduğu kimi, mənzillərin əsas təyinatı məhz insanların

yaşamasının təmin olunması, yəni sosial-məişət təlabatlarının ödənilməsi ilə bağlıdır.

28. Elə Lizinq Müqaviləsinin 8.1-ci bəndində tərəflərin arasında yaranan bütün

mübahisələrin danıqları yollu ilə həll edilməsi mümkün olmadığı təqdirdə Bakı Şəhər

Suraxanı Rayon Məhkəməsində, yəni ümumi məhkəmədə həll ediləcəyinin nəzərdə tutulması
da mənzilin şəxsi istehlak məqsədilə lizinqə götürülməsinə dəlalət edən digər amil hesab
oluna bilər.

29. Bununla belə, qarışıq məhkəmə tərkibi hesab edir ki, iş materiallarından mübahisə

predmeti olan mənzil məhz şəxsi istehlak məqsədilə və ya sahibkarlıq məqsədilə lizinqə
götürülməsi və mübahisənin məhkəmə aidiyyəti barədə MPM-nin 24.2, 25.1 və 26.1-ci
maddələrinin (bax yuxarıda § 10) tələbləri baxımından birmənalı nəticəyə gəlmək mümkün
olmur.

30. İddia ərizənin verildiyi Bakı Şəhər Yasamal Rayon Məhkəməsi isə hazırkı

mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün qeyd olunan məsələlərin
həlledici əhəmiyyət kəsb etməsinə baxmayaraq müvafiq istiqamətdə tutarlı araşdırma
aparmamış, məsələyə formal yanaşmış, nəticədə zəruri əsaslandırma və hüquqi
qiymətləndirmə həyata keçirmədən işi kommersiya məhkəməsinə göndərmişdir.

31. Qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd olunan nöqsanların aradan

qaldırılması, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin və
mübahisənin predmeyinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq
prosessual hərəkətlərin həyata keçirilməsi üçün hazırkı iş Bakı Şəhər Yasamal Rayon
Məhkəməsinə qaytarılmalı və araşdırmanın nəticəsinə uyğun olaraq mübahisənin aidiyyəti
barədə müvafiq qərar qəbul olunmalıdır.

32. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 303-1.9 və

403-1.9.2-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı daxili maliyyə lizinqi

müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iş məhkəmə aidiyyətnin yenidən
müəyyən edilməsi üçün Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin.